Mahçupyanın məsləhətinə möhtac qalan AKP... Dünya

Mahçupyanın məsləhətinə möhtac qalan AKP...

Aər Rəşidoğlu: "Güman etmirəm ki, ermənilər buna qane olsunlar və öz türk düşmənçiliklərindən vaz keçsinlər"

Azər Həsrət: "Türkiyə kimi böyük dövlətin ən öndə gələn siyasət adamları bir ovuc erməninin əlində əsir-yesir olub"

Ərəstun Oruclu: "Türkiyə baş nazirinin bu addımı qondarma soyqırımın 100 illiyinə hesablanıb"

Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni jurnalist Etyen Mahçupyanı özünə baş məsləhətçi təyin edib. Mahçupyan daha əvvəl köşə yazarı kimi tanınıb. Türkiyənin hakim partiyası AKP-nin "Aqos" qəzeti layihəsi də sual doğurur. Prezident Ərdoğanın müşavirinin və ən yaxın dostunun qızının bu qəzetdə çalışması və qəzetin köşə yazarı Etyen Mahçupyanın Davudoğlunun baş məsləhətçisi təyin olunması təsadüfidirmi?
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, Ərdoğam erməni kartında yumşalmaya nail olmaq və qarşıdan gələn qondarma soyrımın 100 illiyi ilə bağlı təzyiqləri azaltmaq istəyir: "Ərdoğan nümayiş etdirir ki ermənilər Türkiyənin vətəndaşıdır və ölkədə milli ayrı-seçkilik mövcud deyil. Lakin güman etmirəm ki, ermənilər buna qane olsunlar və öz türk düşmənçiliklərindən vaz keçsinlər".
Siyasi şərhçi Azər Həsrət də AKP-nin bu addımları ciddi suallar doğurur: "Çox təəssüf ki, Türkiyə kimi böyük dövlətin ən öndə gələn siyasət adamları bir ovuc erməninin əlində əsir-yesir olub. Bu isə onlarla bağlı şübhələrə yol açmaya bilməz. Etyen Mahçupyan Türkiyənin məşhur jurnalistlərindəndir. İşin ən maraqlı tərəfi isə budur ki, onu daha çox məşhurlaşdıran, dünyaya islam nuru yaydığını iddia edən Fətullah Gülənin "Zaman" qəzeti olub. Təbii ki, bir xristian erməninin əlilə islam nurunu yaymağın nə olduğunun izaha ehtiyacı var. Amma bundan da maraqlısı və ağılları qarışdıran odur ki, bu Mahçupyan bir zamanlar Gülən tərəfdarı olduğu halda indi Ərdoğan hakimiyyəti onu yuxarı başa keçirir. Allah göstərməsin, bu Mahçupyan bu gedişlə Türkiyənin prezidenti olacaq yəqin".
Politoloq Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Davudoğlunun Mahçupyanı özünün baş məsləhətçisi təyin etməsi 2015–ci ilə hesablanıb: "Qarşıdan qondarma soyqırımın 100 illiyi gəlir. Türkiyə çalışır ki, "soyqırım məsələsində özünü sığortalıya bilsin".
Ərəstun Oruclu bu taktiki gedişlərin Türkiyə siyasi tarixində ilk belə hal olmadığını da vurğulayıb: "Türkiyənin yaxın 100 illik tarixində, cümhuriyyətin ilk illərində, eləcə də Atatürk dönəmində də erməni əsilli siyasətçilər Türkiyə iqtidarında yer alıblar. Nə dəyişib ki? Ümumiyyətlə, bu cür taktiki gedişlər nəyinsə dəyişməsinə yox, müəyyən siyasi manevrlərlə uğurlara hesablanıb. Düşünürəm ki, AKP-nin bu addımı da məhz bu qəbildəndir".
Politoloq Qafar Çaxmaqlı da Davudoğlunun Mahcupyanı baş müşavir təyin etməsinə etiraz edib: "Qəzəbləndim, amma təəccüblənmədim. Osmanlının son onillərini xatırladım. Ermənilərin dövlətin yıxılmasında oynadığı rollara baxdım, bunları incələdim. O zamanlar da qardaşlarımız görünüşcə Etyenə bənzər saqqallı bir ermənini jest olaraq başa keçirmişdilər. Qabriel Noradunkyan 2-ci Məşrutiyyətin elanından sonra 1908-ci ilin avqust ayında Ticarət Nazirliyinin başına gətirilmiş, sonra isə 22 İyul 1912-ci ildə qurulan Əhməd Muxtar Paşa hökumətində (Böyük Kabinet) xarici işlər naziri olmuşdu. İki ay sonra başlayan Balkan Müharibəsində də Osmanlı diplomatiyasını o yönləndirirdi. Demək məğlubiyyətlər də onun adı ilə bağlı olmalı idi. Buna baxmayaraq, xarici ölkələrin basqıları ilə Kamil Paşa hökumətində də eyni vəzifədə qaldı. Xarici işlər naziri. 1913-cü ildə qurulan İttihat və Tərəqqi hökuməti dövründə Balkan savaşlarındakı mənfi rolu ( əslində təxribatları) səbəbindən vəzifədən uzaqlaşdırılan kimi İstanbuldan ayrılıb Parisə yerləşdi. Dərhal anti- türk fəaliyyətə keçdi. Osmanlı Dövlətinin 1-ci Dünya Müharibəsində uğradığı məğlubiyyətdən sonra toplanan Paris Barış Konfransına düşmən tərəfin təmsilçisi olaraq qatılaraq ermənilərə Osmanlı torpaqlarından pay verilməsi üçün çalışdı. Daha sonra Lozan Sülh Konfransında danışıqları zamanı hər addımda "erməni haqlarını" gündəmə gətirən Boğos Nubar Paşanın başçılıq etdiyi "Erməni Milli Heyəti"nin üzvlərindən biri oldu. Noradunkyan Osmanlının zəif nöqtələrini çox yaxşı bilirdi və türklərə hansı səmtdən zərbə vurmağı da hamıdan yaxşı bilirdi. Baş müşavir olaraq vəzifə verilən Etyen Mahcupyan da Noradunkyan kimi tədbirli adamdır. Türkiyədə baş verən prosesləri yaxşı bilən və öz xalqı lehinə işlər görən, təbliğat aparan birisidir. Yazılarını açın və baxın. Bu gün kim qarantiya verə bilər ki, o da bir Noradunkyan olmayacaq. Kim qarantiya verə bilər ki, sabah kimlərinsə basqıları ilə o da Noradunkyan kimi dövlətin üst təbəqəsinə, daha məsul vəzifələrə gətirilməyəcək? Və kim qarantiya verə bilər ki, o da bir gün qaçıb Türkiyəyə qarşı fəaliyyət göstərməyəcək. Bəlkə onun dostları olan Şık ve Nedəm Şener qarantiya verə bilərlər? Ona artıq belə bir meydan verilib. Bu arada onu da xatırlatmaq yerinə düşər ki, Osmanlı dövlətinin çöküş illərində xarici ölkələrin bir çoxlarında diplomatik işlər ermənilərə tapşırılmışdı: səfir, konsul səviyyəsində onlarca erməni görəvdə idi və onlar Türkiyə üçün deyil, ustalıqla "erməni milli davası"na çalışmışdılar...Bunlar dərs götürüləsi faktlar, gerçəklərdir. Bu məsələnin bir tərəfidr. O biri tərəfi isə Mahcupyanın bu vəzifəyə gətirilməsində türk olan erməni yanlılarının onu sürəkli gündəmdə tutmalarıdır. Ona dəstək durmalarıdır. Türkiyədə məşhur olan onlarca türk jurnalistin, yazarın adını çəkə bilərəm ki, onlar erməni simpatizanıdırlar və hətta Azərbaycanla Ermənistan dilə gətirilərkən ermənilərdən yana fikirlər söyləməkdən çəkinmirlər. Açıq şəkildə Ermənistanın tərəfini tuturlar. Bunların bir çoxları məni sevməzlər. Çünki mən onların bu tutumunu zaman-zaman tənqid etmişəm. İndi də deyirəm, Etyen Mahcupyan elə də fövqəladə hazırlığa malik adam deyi ki, o baş nazirə ağıl versin. Məhz bu adamların "bəh-bəh"i ilə Mahcupyan Türkiyənin gündəminə soxuşduruldu.. Məhz onların sayəsində bu Mahcupyan TV-lərdən düşmürdü, Türkiyənin ən çox oxunan qəzetlərində köşə yazarı idi. Sizcə bu elə-belə edilirdi? Ona bu imkanı verənlər vardı. Məqsədli şəkidə bunlar edilirdi".
Onun sözlərinə görə, kim nə deyir desin, bu gün erməni toplumu Türkiyə cəmiyyətində yaxşıca təmsil olunmaqda davam edir: "Hətta ab-hava müəyyən etmək səviyyəsindədir. Türkiyəyə, Azərbaycana qarşı Ermənistanın biz bildiyimiz düşmənçilik ideologiyası, siyasəti Türkiyədə əməlli-başlı təbliğ olunur. Bu işi görənlərdən biri baş nazirin yeni təyin olunan baş müşaviridir. İnanmırsınızsa, bu Mahcupyanın yazılarını açın və baxın. Buna əmin olacaqsınız. Bir zamanlar ermənilərin Qrant Dinki var idi, indi Mahcupyandan başqa Markar Yesayanı var, Sevan Nişanyanı var, Koptaşı var, onlarca gündəmi işğal edən adamları var. Özləri deyə bilmədiklərini türk yazar qardaşlarımıza dedirdən üsulları, metodları var və bunlar hər gün bizə tanış olan üsullarla Türkiyə cəmiyyətini silkələməkdədirlər. Bunlara isə dəstək verən bir sürü türk qəzetəçi-yazar ordusu var. Lazım gələndə küçələrə tökülüb "erməni işinə" dəstək verirlər. Birdən elə bilərsiniz mən o iddiadayam ki, Ermənistan və ya erməni diasporası bunların ciblərini doldurur. Qətiyyən. Bax, dediyim bu erməni yazar-çizər cameəsi və onların təbliğatının toruna düşən adamlar mahcupyanlara inanırlar. Daha doğrusu, mahcupyanlar onları inandırmışdır. Bu qənaətə gələ bilərik ki, Türkiyə cəmiyyətində artıq ermənilər söz sahibidir. Bu, Türkiyə o yana dursun, Azərbaycanın da ideoloji məğlubiyyətidir. Gəlin bir nəzər yetirək, Türkiyə cəmiyyətində, mətbuatında, TV-lərində Azərbaycan nə dərəcədə var? Onun bir az öncə adlarını çəkdiyimiz erməni kökənlilər qədər çəkisi varmı? Gəlin etiraf edək ki, yoxdur. Bu mənada ermənilərin tutduqları mövqedən çox aşağıdayıq. Bəlkə bu işdə Azərbaycan türklərinə əngəl olanlar var? Xeyr! Bəlkə Mahcupyan səviyyəsində intellekti olanlarımız yoxdur? Türkiyədə kifayət qədər səviyyəli ziyalılarımız yaşamaqdadır. Bəs nə səbəbə erməninin biri baş nazirin baş müşaviri ola bilir, biz ola bilmirik və biz isə başlayırıq bundan qəzəblənib sosyal şəbəkələrdə söyüş söyməyə. Gücümüz buna çatır. Əgər qardaş dediyimiz Türkiyədə mövqelərimizi beləcə ermənilərə və erməni kimilərə tərk ediriksə düşünməyə ehtiyac var. Özü də dərindən düşünməyə...".

Əli