Sarkisyana qarşı çıxanlar cəzalandırılır Dünya

Sarkisyana qarşı çıxanlar cəzalandırılır

Ermənistanda müxalif deputat döyülüb

Dekabrın 12-nə keçən gecə Ermənistanda müxalif "Erməni Milli Konqresi"ndən deputat Aram Manukyana hücum olub. Erməni KİV-lərinə istinadən xəbər verir ki, insident İrəvanın Sose küçəsi, 2/2 ünvanında, Manukyanın yaşadığı binanın qarşısında baş verib.
Naməlum şəxs Manukyana hücum edərək ona dalbadal zərbələr endirməyə başlayıb. Deputat ciddi xəsarətlər alıb, hadisə yerinə gedən jurnalistlər onun sifətinin qan içində olduğunu, bir gözünün altının qaraldığını görüblər. Lakin Manukyan jurnalistlərdən xahiş edib ki, onun sifətini çəkməsinlər.
"Azadlıq" radiosunun müxbiri ilə söhbətində "Erməni Milli Konqresi"ndən deputat Levon Zurabyan deyib ki, hadisə qonşulardan birinin evində quraşdırdığı videomüşahidə kamerası tərəfindən qeydə alınıb. Lakin xüsusi xidmət orqanlarının əməkdaşları olduqları təxmin edilən mülki geyimlilər bu görüntüləri müsadirə ediblər.
L.Zurabyan deputatın döyülməsi barədə xarici səfirliklərə məlumat verildiyini deyib. Deputat Manukyan isə bildirib ki, ona hücum edən şəxs orta yaşlarında, idmançı görkəmində olub və heç nə demədən dalbadal zərbələr endirməyə başlayıb. Həmin şəxs maskasız olub və sifətini gizlətməyə çalışmayıb.
Bu, son günlər Ermənistanda müxalifətçilərə qarşı həyata keçirilən ilk fiziki hücum hadisəsi deyil. Xəbər verildiyi kimi, ötən bazar günü İrəvanda Qarabağ müharibəsinin iştirakçıları, keçmiş səhra komandirləri Razmik Petrosyan, Manvel Yeqizaryan və Suren Sərkisyan maskalılar tərəfindən döyülüblər. Bir neçə gün əvvəl isə "Predparlament" adlı vətəndaş hərəkatının yeddi fəalının avtomobilləri İrəvanın müxtəlif yerlərində, o cümlədən Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında yandırılıb.
Erməni mətbuatı bütün bu hücumların təşkil olunmuş qaydada həyata keçirildiyini, prezident Serj Sərkisyanın kriminal bandasının işi olduğunu yazır. Bugünkü müxalif erməni qəzetlərinin baş xəbəri də deputat Manukyana hücum mövzusudur.
"Joqovurd" qəzeti yazır ki, Sərkisyanın əl-qolu açılıb və hazırda Ermənistanda müxalifətçi ovu başlayıb. "Aykakan Jamanax" qəzeti isə hücumların birbaşa siyasi motivli olduğunun artıq təsdiqləndiyini yazır.
Qəzet Ermənistan polisinin rəis müavini (daxili işlər nazirinin müavini statusunda-red.) Levon Yeranosyanın bir neçə gün əvvəl verdiyi açıqlamanı yada salır. Yeranosyan deyib ki, prezident Serj Sərkisyanın ünvanına pis söz işlədənlərin qulağını kəsəcək.
"Mənim heç nə vecimə deyil. Ölkədə kim olmasından asılı olmayaraq əgər məniş iştirakım olan yerdə kimsə prezidentin ünvanına nəsə demək istəsə, onun qulağını tula qulağı kimi kəsəcəyəm" - Yeranosyan bildirib.
Erməni mətbuatı yazır ki, Yeranosyan Serj Sərkisyanın yaxın ətrafına daxildir. Bu həftənin əvvəlində o, keçmiş səhra komandirləri Razmik Petrosyanı və Manvel Yeqizaryanı restorana çağırıb, onlara bildirib ki, siyasətə qarışmasınlar və prezidentə qarşı çıxmasınlar.
"Lakin Razmik Petrosyan və Manvel Yeqizaryan prezident haqqında nə fikirləşdiklərini açıq mətnlə ona deyiblər. Yeranosyan onlardan tələb edib ki, prezidenti söyməsinlər. Lakin Qarabağ veteranları öz mövqelərini təkrar ediblər və restorandan çıxanda onları 7-8 nəfər idmançı görkəmli gənc qarşılayıb. Həmin gənclər restoranda qonşu otaqda gözləyirmiş. Onlar Qarabağ veteranları ilə mübahisəyə giriblər və əlbəyaxa dava zamanı onlara zərbələr endiriblər" - "Joqovurd" qəzeti yazır.
Deputat Manukyan da Sərkisyan haqda "pis söz işlədənlər" arasında yer alır. Bu il sentyabrın 24-də o, İrəvanda müxaıif "üçlüyün" mitinqində çıxışı zamanı deyib: "Bu gün burada mənim qürur duyduğum, ölkəsinin sahibi olan, Serjikə, Saşikə (Sərkisyanın qardaşı), Mişikə (Mikael, Sərkisyanın kürəkəni, Vatikanda səfir) "rədd olun o yana" deyə bilən xalq dayanıb".
Qəzet yazır ki, uzun müddət özünü sanki daxili siyasi proseslərin üstündə göstərən Serj Sərkisyan indi əks-hücuma keçib və konstitusiyanı dəyişdirərək hakimiyyətinin ömrünü uzatmağa yönəlmiş planlarını həyata keçirmək üçün müxaliflərə sistemli hücumlara başlayıb.