Ermənistana Rusiya şilləsi Dünya

Ermənistana Rusiya şilləsi

Rusiyanın Ermənistandakı hərbi bazasında dərəbəylikdir

Cavid

Ermənistanla Rusiya arasında münasibətlər getdikcə gərginləşir. Növbəti dəfə ziddiyyətlər Valeri Permyakovun Ermənistana verilməsi məsələsində yaranıb. Belə ki, Ermənistan iddia edir ki, 6 nəfərlik ailəni güllələyən rus əsgəri Ermənistan qanunları ilə mühakimə edilməlidir.
Xatırladaq ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsi rus hərbçisi tərəfindən güllələnib. Ölənlər arasında 2 yaşlı körpənin olduğu bildirilir. Daha bir uşaq hazırda reanimasiyadadır. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinir. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.
"Ermənistanla Rusiya arasında hərbi baza haqqında razılaşmanın 4 və 5-ci maddələrinə əsasən, Permyakovun cinayət işinə birmənalı olaraq Ermənistan baxmalıdır. 5-ci maddədə göstərilən istisna hallarda Rusiya qanunvericiliyi tətbiq edilə bilər", - deyə Ermənistanlı vəkil Ervand Varosyan bildirib.
Qeyd edək ki, Rusiya və Ermənistan arasında 1997-ci il hərbi baza haqqında razılaşmanın 5-ci maddəsinə əsasən, əgər cinayət rus hərbi bazasının ərazisində olarsa, yaxud hərbi baza əməkdaşı və ya onun ailə üzvlərinə qarşı törədilərsə və əgər hərbi cinayət baş verərsə, araşdırma Rusiya qanunvericiliyi ilə aparılır.
Rusiya Əsgər Anaları Komitəsinin məsul katibi, Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü Valentina Melnikova Moskovski komsomolets" qəzetinə bəyan edib ki, 2013-cü ilin axırlarından Rusiyanın Ermənistandakı hərbi bazasından tez-tez şikayətlər gəlirdi: "Əvvvəllər – haradasa 2009-2013-cü illərdə - orada hər şey sakit idi, əsgərlərdən, yaxud onların analarından heç bir şikayət eşitməmişik. Ancaq, siz başa düşürüsünüz ki, xidmət atmosferi, hərbi hissədəki vəziyyət komandirdən çox asılıdır. Haradasa, 2013-cü ilin axırlarından bu hərbi hissədən kifayət qədər tez-tez şikayətlər daxil olmağa başladı.
Deyə bilmərəm ki, kütləvi olub, amma şikayətlər səslənib. Əsasən hərbi qulluqçulardan pul tələb edilməsi, alçaldılmaları, hospitala vaxtında müalicə üçün aparılmamaları barədə şikayətlər olurdu. Bu haqda bizə məlumat verən əsgərlər xidmət yoldaşlarından, yaxud komandirlərindən gileylənmirdilər, onlar yalnız kiçik rütbəli zabitlər barədə şikayət edirdilər. Biz bununla bağlı hərbi prokurorluğa müraciət də etmişik. Pul tələbi ilə bağlı şikayətlərimizdən sonra qanunsuzluqlar dayandırılmışdı".
Onu da bildirək ki, Ermənistan və Rusiya baş prokurorluqlarının nümayəndələri Gümrüdə baş verən qətl ilə bağlı işin detallarını müzakirə ediblər. Görüşdə hər iki tərəf bəyan edib ki, bu hadisədə təqsirli olan bütün şəxslər qanunla sərt şəkildə cəzalandırılmalıdırlar.
Ermənistan Baş Prokurorluğunun məlumatında o da qeyd edilir ki, cinayətin törədilməsində təqsirli bilinən V.Permyakov Rusiya vətəndaşıdır və o, Rusiya hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.
Vəkillərinin apardıqları danışıqlar ikinci tərəfin lehinə başa çatıb. Tərəflər Permyakovun cəzalandırılmasını razılaşıblar. Ermənilər isə təkidlə Valeri Permaykovun Ermənistanda cəzalandırılmasını tələb ediblər. Lakin rusiyalı vəkillər hərbçinin Rusiya məhkəməsində işinə baxılacağını açıqlayıblar.
Bu hadisəyə etiraz olaraq daha bir aksiya Rusiyanın Ermənistandakı səfirliyi qarşısında keçirilib.
Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb edirlər.
Erməniləri ayağa qaldıran cinayət hadisəsini şərh edən Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Hatəm Cabbarlının sözlərinə görə, bu hadisə Ermənistanın daxili siyasətində və ictimai rəyində bir qırılma nöqtəsi olacaq: "Şübhə yoxdur ki, erməni ailəsinin rus hərbiçisi tərəfindən vəhşicəsinə məhv edilməsi ölkə ictimaiyyətində Rusiya və ruslar əleyhinə fikirlərin artmasına səbəb olacaq. Gümrü və digər şəhərlərdə başlayan kütləvi etiraz aksiyaları da ermənilərin ruslardan cana doyduğunun sübutudur. Ancaq əsas məsələ odur ki, burda cinayəti kim araşdıracaq. Ermənistan Prokurorluğu, yoxsa Rusiyanın hüquq-mühafizə orqanları? Mətbuata verilən informasiyalardan aydın olur ki, Ermənistan tərəfi cinayət işini özü aparmaq istəyir. Amma beynəlxalq praktikada belə bir qayda var. Adətən başqa bir ölkənin ərazisində hərbi bazası olan dövlət həmin ölkə ilə xüsusi bir müqavilə imzalayır. Bu müqaviləyə əsasən hərbi kontingent üzvlərinin törətdiyi cinayət zamanı bazanın yerləşdiyi ölkənin deyil, bazanın məxsus olduğu ölkənin qanunları işə salınır. Lakin Rusiya ilə Ermənistan arasında belə bir sənədin imzalanması barədə heç bir məlumat yoxdur. Böyük ehtimalla erməni ictimaiyyəti cinayətkar rus əsgərin Ermənistan qanunları çərçivəsində mühakimə edilməsini tələb edəcək".
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakuns bildirib ki, Gümrüdə erməni ailəsini qətlə yetirmiş rus əsgərinin Ermənistan məhkəməsinə verilməməsi Serj Sarkisyan hakimiyyətinin zəifliyidir.
Onun sözlərinə görə, rus əsgər hərbi hissəni tərk etdikdən sonra o, yerli qanunlarla mühakimə edilməlidir və Ermənistan hakimiyyəti zəif olduğuna görə qətli törətmiş Premyakovu almaq üçün arqumentlərini tətbiq edə bilmir.
Artur Sakuns bildirib ki, Gümrüdəki hərbi bazanın rus əsgərlərinin ətrafdakı erməni əhaliyə qarşı münasibəti çox gərgindir: "Onlar qarşılarına çıxan ilk ailəni qıra bilərlər".
Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiya bazasının Ermənistanın təhlükəsizliyinə zəmanət verməsinə də inanmaq çətindir.
Politoloq Elşən Həsənovun fikrincə isə Rusiyanın baza qurduğu hər bir ölkədə qan düşür: "Zatən Ermənistan Rusiyanın bir əyaləti sayıldığından rus hərbçiləri orada öz ölkələrində olduğu kimi hiss edirlər. Ruslar Ermənistan ərazisində çox sayda cinayətlər törədiblər. Onların əksəriyyəti də gizlədilib. Rus hərbçilərinin erməni qızlarına zorakılıqları, Gümrüdəki ətraf evləri talamaqları və başqa hadisələr hər zaman baş verir. Premyakovun törətdiyi hadisə isə daha böyükdür olduğundan gündəmi zəbt edib. Bu hadisənin baş verməsi onu deməyə əsas verir ki, ermənilər daim rusların qulu olublar. İndi ermənilər buna etiraz olaraq küçələrə axışırlar. Nə faydası olacaq? Bununla onlar Putinə dirsəkmi göstərəcəklər? Bu bir şoudur. Sarkisyan hakimiyyəti başa düşür ki, Rusiyasız yaşaya bilməyəcək. Rus hərbçisi Ermənistanda bundan sonra on ailəni güllələsə də Sarkisyan qorxusundan Putinə heç bir etiraz edə bilməyəcək".