Rusiya sərhədə 50 min hərbçi cəmləşdirib Dünya

Rusiya sərhədə 50 min hərbçi cəmləşdirib

Ukraynanın şərqində döyüşlərində tərəflər arasında ölən və yaralıların da sayı artır

Cavid

Ukraynada vəziyyət getdikcə gərginləşməkdədir. Artıq ölkədə səfərbərlik başlanılıb. Rusiya isə separatçılara yardımlarının artırır. Dünən Ukraynadakı hadisələrlə bağlı yayılan məlumatlara görə, Ukraynanın Donbas bölgəsində vəziyyət çox kritik həddə çatıb.
Məlumata görə, artır dünən axşam ölkə prezidenti Pyotr Poroşenko səfərbərlik haqda fərman imzalayıb. Fərmana əsasən ilk etapda 28 yaşından 60 yaşınadək olan 50 min insan Kiyevdə orduya çağırılacaq. Bu gün həmin fərmanın icrasına start verilib.
Dünən gecə Donetsk vilayətində tərəflər arasında gərgin döyüş gedib. Donetsk şəhər uşaq xəstəxanasına mərmi düşüb, nəticədə 2 həkim yaralanıb. Şəhərin əksər evlərində işıq söndürülüb, istilik sistemi işləmir.
"Donetsk Xalq Respublikası"nın "Müdafiə Nazirliyi"nin rəsmisi Eduard Basurin deyib ki, dünən Ukrayna silahlı qüvvələrinin 5 hərbçisi öldürülüb, 26 hərbçi isə yaralanıb.
Ukrayna ordusunun atdığı aviazərbə nəticəsində Qorlovka yaşayış məskənində 30 dinc sakin ölüb.
Ukraynanın şərqində Donetsk aeroportunda da şiddətli döyüşlər davam edir.
Bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko açıqlama verib.
"Donetsk aeroportu yaxınlığında amansız döyüşlər gedir. Aeroportun uçuş-enmə zolağı tamamilə sıradan çıxarılıb", - deyə o, bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu rusiyameyilli separatçıları ağır itkilərə məruz qoyub.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurası açıqlama vermişdi ki, Rusiya qoşunları ölkənin şərqində döyüşlərin getdiyi zonada Ukrayna hərbçilərinə hücüm edib.
Qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenkonun isə Ukrayna prezidenti Petro Poroşenkoya müraciəti yayılıb.
Zaxarçenko indi də Ukraynanın paytaxtı Kiyevə iddialarını bəyan edib. Belə ki, Zaxarçenkonun sözlərinə görə onun Poroşenko ilə görüşü qaçılmazdır.
"Mən Poroşenkoya səslənirəm. Hər dəfə, biz (ordumuz) istənilən yaşayış məskəninə girəndə, mən sənin iqamətgahına neçə kilometr qaldığını bildirəcəm. Və bizim səninlə görüşümüz qaçılmazdır"- deyərək Zaxarçenko Ukrayna prezidentinə təhdid yağdırıb.
Bundan əlavə çıxışında Ukrayna xalqını böyük millət adlandıran Zaxarçenko öldürdükləri Ukrayna ordusunun əsgərlərinin yaxşı döyüşçü olduqlarını və onlara bir düşmən kimi hörmət etdiklərini bildirib. Zaxarçenko ölən əsgərlərin nəşinin doğmalarına qaytaracaqlarına da söz verdi.
Ukrayna əsgərlərinin analarına müraciət edən Zaxarçenko: "Sizin uşaqlarınız silahla bizim torpaqlara gəldi. Əziz ukraynalılar, biz sizin heç birinizi qorxutmaq istmərik. Bir daha düşünün və uşaqlarınızı ölümə yola salmayın"- deyə Zaxarçenko bildirib.
O da bildirilir ki, Doneskdə 87 ukraynalı hərbçi separatçılara əsir düşüb. Bu barədə Ukraynanın müdafiə nazirinin köməkçisi Yuriy Biryukov bildirib.
"Döyüş oldu. Həlak olanlar var. 8 nəfər də əsir düşüb. Yəqin ki, bu barədə rəsmi məlumat verilməyib, ancaq ehtimal ki, bu xəbər təkzib edilməyəcək: familiyalar və sənədlər var", - deyə Biryukov özünün Facebook səhifəsində yazıb.
Qondarma Donesk Respublikasının nümayəndələri bundan əvvəl 7 ukraynalı hərbçini girov götürdükləri barədə məlumat yaymışdılar. Onların sözlərinə görə, əsirlər arasında palkovnik-leytenant və leytenant var.
Bu arada Rusiya prezidenti Putindən sərt xəbərdarlıq gəlib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranı ilə əlaqədar Qazaxıstanda keçiriliməsi planlaşdırılan sülh danışıqları ertələnə bilər.
Peskov Ukrayna hökumətini ölkənin şərqində döyüşləri yenidən intensivləşdirməkdə ittiham edib.
"Rəsmi Kiyevin bu addımı sülh danışıqlarını ertələyə bilər. Ukraynanın şərqində döyüşlərin yenidən başlaması rəsmi Kiyev üçün çox pis nəticələr verə bilər. Döyüşlərin başlaması sülh danışıqlarını baltalayır", deyə Peskov bildirib.
Qeyd edək ki, son günlər Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var. Ukrayna tərəfi isə döyüşlərin yenidən başlanmasında Rusiyanı ittiham edir.
Bununla yanaşı Rusiya ordusu sərhəddə cəmləşdirilib. Belə ki, Ukrayna ilə sərhədə 50 mindən çox Rusiya hərbçisi cəmlənib.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak açıqlama verib.
"Bu gün Ukrayna ilə sərhədə Rusiya Ordusunun 50 000-dən çox əsgəri, minlərlə zirehli texnikası, yüzlərlə hərbi təyyarəsi cəmlənib. Bundan başqa, desantçılar və xüsusi təyinatlı qüvvələrin müxtəlif bölmələri, həmçinin ağır artilleriya və zenit-raket kompleksləri yerləşdirilib", - deyə Şkiryak bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədə göndərilməsi haqqında Kiyevin bəyanatlarını "cəfəngiyat" adlandırıb.
Onu da vurğulayaq ki, son günlər Ukraynada hərbi toqquşmların yenidən intensivləşməsi məlum münaqişə ilə bağlı yeni iddia və proqnozların meydana gəlməsinə səbəb olmaqdadır. Belə ki, əcnəbi ekspertlərin bəzisi hesab edir ki, Ukrayna böhranı artıq ikinci Əfqanıstana çevrilməkdədir, hansı ki, bu, Qərbdən daha çox Rusiya üçün ciddi problemlərə səbəb ola bilər.