Belarus Avrasiya İqtisadi İttifaqından çıxa bilər Dünya

Belarus Avrasiya İqtisadi İttifaqından çıxa bilər

"Belarus razılıqların pozulacağı halda Avrasiya İqtisadi İttifaqından çıxa bilər".
"İnterfaks" xəbər agentliyinin yaydığı məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə mətbuat konfransında deyib.
"Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə düzəlişləri müqəddəs hesab edərək icra edəcəyik. Əgər razılıqlar pozularsa, qurumdan çıxmaq hüququnu özümüzdə saxlayırıq", - Lukaşenko bildirib.
Lukaşenko həmçinin qeyd edib ki, Avrasiya İqtisadi İttifaqındakı partnyorlar Belarusun daha effektiv idarə sisteminə malik olduğunu başa düşüblər: "Bəzi "ağıllılar" var ki, Belarusun "rus dünyası"nın, az qala Rusiyanın bir hissəsi olduğunu bildirirlər. Bunu unudun".
Belarus prezidenti qeyd edib ki, ölkənin müstəqilliyinə hörmət etmək çox əhəmiyyətlidir: "Belarus suveren və müstəqil dövlətdir. Biz Belarusun müstəqil olmadığını düşünənlərin hamısını müstəqilliyimizə hörmət etməyə məcbur edəcəyik".
Lukaşenko həmçinin bildirib ki, Rusiya torpaqlarına iddia etmir: "Mən bir vaxtlar Smolensk, Bryansk və Pskov haqqında danışırdım. Bu, ritorik zarafat idi. Bizə başqalarının torpaqları lazım deyil. Öz torpaqlarımızı da kiməsə verməyi arzu etmirik. Arzu olunan odur ki, bu torpaqlar bizim uşaqlarımıza və nəvələrimizə qalsın".