Rusiya NATO ilə üz-üzə qalıb Dünya

Rusiya NATO ilə üz-üzə qalıb

Ukraynanın Alyansı daxil olması gündəmə gətirilib

Cavid

Rusiyanın Ukrayna ərazisinə hərbi qüvvələrini yeritməklə Krımı nəzarətə götürməsi rəsmi Moskva ilə HATO-nu da üz-üzə qoyub. Artıq Rusiya-Ukrayna qarşıdurması HATO-Rusiya qarşıdurması ilə əvəzlənməkdədir. HATO rəsmi Moskva ilə bütün əməkdaşlqlarını dayandırıb.
"RİA Hovosti"nin məlumatına görə, NATO ilk birləşmiş Rusiya-NATO missiyasının planlaşdırılmasını dayandırır. Bunu alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib: "NATO bir sıra təxirəsalınmaz addımlar atıb. Biz ilk birləşmiş Rusiya-NATO missiyasının planlaşdırılmasını - Suriyadakı kimyəvi silahları məhv edəcək ABŞ gəmisi Cape Raydə iştirak məsələsini dayandırdıq".
Onun sözlərinə görə, bu, Suriyadakı kimyəvi silahların məhv edilməsinə təsir etməyəcək, lakin Rusiya prosesdən kənarda qalacaq. Baş katib onu da deyib ki, NATO Rusiya ilə münasibətlərə bütünlüklə yenidən baxacaq, bu münasibətlərin gələcəyi barədə qərar NATO ölkələrinin xarici işlər nazirlərinin aprelin əvvəlinə nəzərdə tutulmuş görüşündə veriləcək.
NATO baş katibi Anders Foq Rasmussen bununla belə Rusiya - NATO Şurası səviyyəsində görüşlərin davam edəcəyini bildirib: "Biz həmçinin qərara almışıq ki, mülki və hərbi heyət səviyyəsində şəxsi heç bir görüş keçirilməyəcək. Biz Rusiya ilə bütün münasibətlərə yenidən baxacağıq, NATO xarici işlər nazirləri aprelin əvvəlində qərar verəcəklər". Onun sözlərinə görə, dialoqun qorunması üçün Rusiya-NATO Şurası səviyyəsində səfirlərin görüşünün saxlanması qərara alınıb.
Ukraynanın NATO-ya daxil olması prosesinin yenidən başladılmasını nəzərdə tutan qanun layihəsi isə Ali Radada qeydiyyatdan keçib. "RİA Novosti"nin verdiyi məlumata görə, "Batkivşina"dan olan deputatlar Boris Tarasyuk, Valentin Korolyuk və Aleksandr Çornovolenko müəlliflər qismində qanun layihəsində Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsilə bağlı bir neçə maddəyə əlavə və dəyişikliklər ediblər: "Qanun layihəsində milli təhlükəsizliklə bağlı 11-ci abzasın 6-cı maddəsində "Ukraynanın Avropanın siyasi, iqtisadi, hüquqi məkanına inteqrasiyası" cümləsindən sonra "və Şimali Atlantika təhlükəsizlik məkanına", həmçinin, "Avropa Birliyinə üzlük" cümləsindən sonra "və Şimali Atlantika müqaviləsinə" sözləri əlavə edilib" - deyə Ukrayna parlamentinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Bundan başqa, qanun layihəsində "Daxili və xarici siyasətin əsasları" haqqında Ukraynanın bloklara qoşulmama statusunu əks etdirən qanuna da dəyişiklik edilməsi təklif olunub.
Bəzi məlumatlara görə, Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq, ABŞ-dan Kiyevə 300 xüsusi təlim keçmiş döyüşçü gəlib.
Özəl hərbi şirkətlərin təxminən 300 nümayəndəsinin Kiyevə gəlməsi xəbərini diplomatik mənbələr də təsdiq edilib.
Döyüşçülər fəal döyüş əməliyyatlarında geniş təcrübə toplamaq istəyir. "Taleyin əsgərləri" ("Soldiers of fortune") adlanan bu döyüşçülərin əksəriyyəti İraq, Əfqanıstan və digər ölkələrdə müqavilə ilə vuruşub. "İnterfaks"ın verdiyi məlumata görə, hələlik döyüşçülərin kimliyi müəyyən edilməsə də onların əksəriyyətinin ABŞ-dan olduğu deyilir.
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb.
Bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. "Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb", - deyə açıqlamada bildirilir.
O da söylənilir ki, Ukraynadakı vəziyyətlə bağlı hərəkətə keçən ABŞ hərbi donanmasının təyyarə daşıyan "Corc Buş" gəmisi Egey dənizinin sahillərinə gəlib. Yunan mediasının bildirdiyinə görə, dünyanın ən böyük hərbi gəmisi Krit adasının sahilinə yan alıb.
3500 əsgəri daşıyan 333 metr uzunluğundakı gəmi sabah şimala doğru irəliləyəcək. Yunan xəbər saytlarının verdiyi məlumatlara görə, ABŞ-ın digər döyüş gəmiləri də Aralıq dənizinə daxil olub.
ATƏT-ə üzvləri olan dövlətlər isə Ukraynanın müraciətinə cavab olaraq ölkəyə 35 silahsız hərbi heyət göndərmək qərarına gəlib. Bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib.
Bu məsələ martın 4-də ATƏT-in Daimi Şurası və Təhlükəsizlik Əməkdaşlığı Forumunun birgə iclasında müzakirə olunub. Təşkilata üzv olan ölkələrin Hərbi heyətinin səfəri 2011-ci il Vyana Sənədinin 3-cü fəslinə əsasən baş tutacaq. Bu mexanizm ilk dəfə tətbiq olunur.
Bu məqsədlə göndərilən sorğulara ATƏT-ə üzv olan 18 ölkədən müsbət cavab verilib. ATƏT Münaqişələrin Qarşısının Alınması Mərkəzindən isə bir nümayəndə Ukraynaya yola düşüb.
ATƏT-in baş katibi Lamberto Zannier bildirib ki, bu hərbi səfər Ukraynada gərginliyin azaldılmasına yönəlib: "ATƏT-in təhlükəsizliyə əsas yanaşma yolları olaraq regionda münaqişələrin həlli üçün ən yaxşı yol kimi dialoqun təşviqini nəzərdə tutur".
Bu gün aktual mövzulardan biri Ukraynanın HATO-ya girməsi və HATO-Rusiya qarşıdurmasıdır.
Hələ bir neçə il öncə Rusiyanın NATO-da daimi nümayəndəsi Dmitri Roqozin Böyük Britaniyanın "BBS" telekorporasiyasına müsahibəsində bildirib ki, Ukrayna NATO-ya daxil olsa onu parçalanma gözləyir. Roqozinin sözlərinə görə, Ukraynanın NATO-ya qəbulu məsələsi tezləşsə, ölkə daxili böhrandan əziyyət çəkən ölkədə "total siyasi böhran" başlana bilər: "Bununla müqayisədə, hazırki qeyri stabillik sadə görsənə bilər. Sözün geniş mənasında Ukrayna dövlətinin parçalanması təhlükəsi var".
O, onu da əlavə edib ki, Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmasından ehtiyat edir. "Düşmən siyasi blokunun bizim sərhədlərə yaxınlaşaması təhlükəlidir", Roqozin deyib. Rusiyalı daimi nümayəndə bütün sərhədləri aşaraq, təhqirə keçib və NATO ölkələrini itlərlə müqayisə edib: "Təsüflər olsun ki, bəzi NATO siyasətçiləri dünyaya itlər kimi baxır. İtlər aləmi rəngli deyil, ağ-qara görürlər. NATO bizim üçün düşmən blokudur, bizim ora yolumuz bağlıdır".
Politoloq İlqar Vəlizadə son günlər Ukraynada baş verənlər fonunda Rusiya qoşunlarının Ukrayna ərazisinə müdaxilə edəcəyinə dair səsləndirilən fikirlərlə bağlı açıqlama verərkən söyləyib ki, Rusiya 2009-cu ildə Gürcüstanda baş verən hadisələri Ukraynada təkrarlamağa çalışır: "Bu isə nəticədə Rusiya və NATO arasında növbəti gərginliyə gətirib çıxarıb".
Rusiyanın Cənubi Amerika ölkələrində hərbi baza quracağına dair də informasiyalar yaydığını bildirən ekspert, "bu əslində NATO-ya bir mesajdır, əslində isə mümkündür ki, Rusiya belə bir addım atmasın", - deyə qeyd etdi.
Yeri gəlmişkən, xatırladaq ki, HATO-nun Qafqaz və Rusiya sərhədlərinə yaxınlaşması Sovetlərin dağılmasından sonra başlandı. SSSR dağılandan sonra NATO öz təhlükəsizlik meydanını genişləndirə bildi və bu istiqamətdə iki metoddan bəhrələndi.
Birincisi Şimali Atlantika Əməkdaşlıq Şurasının təsisi, ikincisi isə sülh naminə tərəfdarlıq layihəsinin icrası oldu. 1992-ci ildə bütün MDB ölkələri Şimali Atlantika əməkdaşlıq Şurasına üzv kimi qəbul olundular və NATO ilə hərbi əməkdaşlıqlarını inkişaf etdirmək üçün də sülh naminə tərəfdaşlıq layihəsi ortaya çıxdı. Gürcüstan, Azərbaycan və Ukrayna da bu layihədə iştirak etdilər .
Keçmiş şərq bloku ölkələrindən olan Ukrayna və Gürcüstan NATO ilə əməkdaşlıqlarda başqalarından qabağa keçdilər . Gürcüstan Həmçinin 2004-cü ildən etibarən 2002-ci il noyabr ayında ortaya qoyulmuş fərdi iştirak proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir . Ukrayna da 1991-ci ildə müstəqilliyini elan edilməsindən dərhal sonra NATO ilə əməkdaşlığa start verdi və 1994-cü ildə digər MDB ölkələrindən öncə NATO-nun Sülh Haminə Əməkdaşlıq layihəsinə qoşuldu.
2004-cü ildə NATO Rusiya ilə öhdəliklərinin əksinə olaraq Bolqarıstan, Latviya, Litva, Ruminiya, Slovakiyanı alyansa üzv qəbul elədi. Gürcüstan və Ukrayna da 2007-ci ildə NATO-ya qoşulmaq istədi. 2007-ci il aprel ayında ABŞ prezidenti ölkəsinin senatının Ukrayna və Gürcüstanın NATO-ya qoşulmağı üçün qərarını təsdiq etdi. Bu qərar qanun kimi 2006-ci ilin 18 noyabr ayında ABŞ senatı tərəfindən təsdiqlənmişdir . Bununla belə Gürcüsan və Ukrayna rəsmilərinin nikbinliyinə rəğmən NATO başçıları Buxarest sammitində bu iki ölkənin NATO-ya qoşulmalarını təxirə saldılar. Rusiya rəsmiləri aşkarcasına Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiya siyasətlərindən narazı olduqlarını bildirdilər. Rusiya prezidenti Ukraynaya xəbərdarlıq etdi ki, NATO-ya qoşulduğu və NATO bazaları Ukraynada yerləşdiriləcəyi təqdirdə Rusiya öz təhlükəsizliyini qorumaq üçün bu bazaları hədəfə almalı olacaq.
Alberta Universitetinin mütəxəssisi Deyvid Marples bildirib ki, Moskva həmişə NATO-nun şərqə doğru genişlənməsinin əleyhinə olub. Londonda qərargahlanan araşdırma təşkilatı olan "Chatham House"un eksperti Ceyms Şerr Rusiyanın mövqeyini iki amillə əsaslandırır: "Ukrayna sadəcə Rusiyanın qonşusu deyil. Ukrayna Rusiya milli kimliyinin bir parçasıdır. Belə ki, Kiyev rus dövlətinin mənbəyi sayılır. Ona görə də NATO-nun Rusiyaya doğru irəliləməsi Rusiyanın özünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilir. İkinci məsələ odur ki, ruslar keçmişdə olduğu kimi bu qənatədədirlər ki, Birləşmiş Ştatların milli marqları Rusiyanın zəiflədilməsinə xidmət edir".