Bayden: “ABŞ-a yönələcək istənilən təhlükəyə qarşı sayıqlığımızı qoruyacağıq” Dünya

Bayden: “ABŞ-a yönələcək istənilən təhlükəyə qarşı sayıqlığımızı qoruyacağıq”

ABŞ Prezidenti Co Baydenin Konqresin hər iki palatası qarşısında çıxışı bir sıra maraqlı məqamlarla yadda qalıb.

Ağ Ev rəhbəri ölkə daxilindəki “ağ irqçiliyi” Amerika Birləşmiş Ştatlar üçün ən böyük təhlükə adlandırıb.

O bildirib ki, yeni Administrasiya bu məsələyə biganə qalmaq niyyətində deyil: “Xüsusi xidmət orqanlarının aşkarladığı bu təhlükəyə biganə qalmaq niyyətində deyilik. Aydın məsələdir ki, ölkəmizi gözləyə biləcək ən böyük təhlükə daxildən, daha doğrusu irqçiliyin üstünlük təşkil etməsini təmin edən terrorizm faktorundan gəlir”.

C. Bayden eyni zamanda, Afrika və Yaxın Şərq regionunda, o cümlədən Yəmən, Suriya və Somali kimi ölkələrdə, İŞİD, eləcə də “Əl-Qaidə” terror təşkilatları ilə əlaqəsi olan bir sıra terrorçunun hələ də qalmasından gileylənib və ABŞ-ın bu faktorları nəzərə alaraq, təhlükəsizlik məsələsinə daha diqqətli yanaşmalı olduğunu önə çəkib: “2001-ci ildən sonra terror təhlükəsi Əfqanıstanın hüdudlarından kənara çıxıb. Buna görə də, biz ölkəmizə yönələcək istənilən təhlükəyə qarşı sayıqlığımızı qoruyacağıq”.

ABŞ Prezidenti yaxın zamanlarda ölkəsinə aid müxtəlif qoşun növlərinin Hind-Sakit okean regionunda iştirak edəcəyinin anonsunu verib. Co Bayden bu zaman NATO-ya bənzər bir formatın tətbiq ediləcəyini bildirib. O, Çin Xalq Respublikasının Sədri Si Tsinpinə bu barədəki vədini də xatırladıb: “Biz bu addımı yeni münaqişə ocağı yaratmaq üçün deyil, baş verəcək münaqişənin qarşısını almaq üçün atmalıyıq”.