Sarkisyan baş nazir olmaq istəyir? Dünya

Sarkisyan baş nazir olmaq istəyir?

Elman Nəsirov: "O belə bir mövqe bildirib ki, onun ən böyük layihəsi Ermənistanda konstitusiya islahatlarını həyata keçirməkdən ibarət olacaq"

"Bu gün Ermənistanı sistemli böhran bürüyüb və daha çox hakimiyyət uğrunda böhranda özünü ifadə edir". Bunu siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Ermənistandakı son durumu şərh edərkən deyib. Politoloq qeyd edib ki, ölkənin müxalifət düşərgəsi, xüsusilə də parlamentdə təmsil olunan üç partiya bu il Ermənistanda erkən parlament, eyni zamanda prezident seçkilərinin keçirilməsini tələb edib, Sarkisyanın istefasını irəli sürüblər: "Amma Sarkisyan istefaya getməyəcəyini bəyan edib. Hətta belə bir mövqe bildirib ki, onun ən böyük layihəsi Ermənistanda konstitusiya islahatlarını həyata keçirməkdən ibarət olacaq. Eyni zamanda, ölkəni prezidentli, parlamentli respublikasından, parlamentli, prezidentli respublikaya çevirmək niyyətini ortaya qoyub. Maraqlıdır ki, erməni ekspertləri də qeyd edirlər ki, 2008 və 2013-cü illərdə Sarkisyan prezident seçilərkən onun seçki qabağı platformasında bir kəlmə də olsun ölkədə konstitusiya islahatı ilə bağlı ifadə yox idi. Ancaq o indi bu məsələni əsas hədəfi kimi müəyyənləşdirir. Məsələ ilə bağlı proqnozlar belədir ki, o, çalışır ölkənin baş naziri olsun və real hakimiyyəti əlində cəmləsin. Belə versiyalar da var ki, o baş nazir ola bilməsə də, 1999-cu ildən hakim "Respublika" partiyasına rəhbərlik etdiyindən belə edə bilər ki, ölkənin spikeri olsun və baş nazirin, prezidentin seçilməsində əsas söz sahibinə çevrilsin". "Ermənistanda baş verənlər göstərir ki, nə Sarkisyanın, nə də müxalifətin geri çəkilmək niyyəti yoxdur və ölkədə vəziyyətin gərginləşməsi proqnozlaşdırılandır. Belə olan vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi qeydə alına bilər. Hətta, Ermənistanın növbəti hərbi avantüralarının, təxribatlarının olması da proqnozlaşdırılandır. Hesab edirəm ki, hazırkı vəziyyətdə Sarkisyanın hakimiyyətdə qalma faizi 60/40 nisbətdə müəyyən etmək olar. Yəni vəziyyət 50/50 deyil. Amma vəziyyət dəyişə də bilər. İstisna deyil ki, vəziyyət çox sürətlə dəyişə və qeyd etdiyim nisbət 40/60 nisbətdə olar və onun hakimiyyətdən getməsi üçün münbit şərait yarana bilər"- deyə, E. Nəsirov qeyd edib.

Əli