
Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində Azərbaycanın irəli sürdüyü əsas tələblərdən biri Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Bu istinad Azərbaycana qarşı ərazi iddialarıdır.
Son günlər müzakirə edilən məsələlərdən biri də Ermənistanda yeni Konstitusiya layihəsinin qəbul edilməsidir. Belə ki, məlumata görə, Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub və layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almır. Sənəd 89 maddədən ibarətdir.
Həmin Bəyannamədə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar əks olunub. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını şərt kimi irəli sürüb.
Yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh prosesində müsbət irəliləyiş kimi qiymətləndirilə bilər?
Sülh prosesində müsbət tendensiya
Milli Məclisin deputatı Jalə Əliyeva “Xalq Cəbhəsi”nə deyib ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh prosesində müsbət irəliləyiş kimi qiymətləndirilə bilər: “Bu, Azərbaycanın uzun müddətdir diqqətə çatdırdığı əsas məsələlərdən birinin Ermənistanın yeni konstitusion sənədində nəzərə alınması deməkdir. Lakin burada bir mühüm məqamı unutmamalıyıq: layihənin dərc olunması ilə onun hüquqi qüvvəyə minməsi və sülh sazişinin imzalanması eyni şey deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdim etdiyi 89 maddəlik layihənin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad nəzərdə tutulmur. Bunun əvəzinə Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi çərçivəsində müstəqil, sülhsevər və təhlükəsiz dövlət qurmaq məqsədi önə çəkilir”.
“Proses hələ başa çatmayıb”
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1990-cı il Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə dair 1989-cu il qərarına istinad mövcuddur. Azərbaycan haqlı olaraq bu müddəanı özünün ərazi bütövlüyü və suverenliyi baxımından qəbuledilməz hesab edir. Çünki sülh sazişi imzalamağa hazırlaşan iki dövlətin konstitusion əsaslarında bir-birinin ərazi bütövlüyünə qarşı iddialara yol verilməməlidir. Bu baxımdan, yeni layihədə həmin istinadın olmaması Ermənistanın siyasi-hüquqi yanaşmasında dəyişiklik əlaməti kimi diqqətəlayiqdir. Ancaq prosesin hələ başa çatmadığını da qeyd etməliyik. Hazırda söhbət yalnız dərc edilmiş layihədən gedir. Sənəd ictimai müzakirələrdən keçməli, parlamentdə referendumun keçirilməsi üçün tələb olunan dəstəyi almalı və ümumxalq səsverməsinə çıxarılmalıdır. Azərbaycan bu məsələdə prinsipial mövqeyini qoruyub saxlayır. Rəsmi Azərbaycan dəfələrlə bəyan edib ki, sülh yalnız siyasi bəyanatlarla deyil, dövlətlərin hüquqi sənədlərində və siyasi davranışlarında qarşılıqlı hörmətin təsdiqlənməsi ilə mümkündür” – deyə J.Əliyeva söyləyib.
“Azərbaycanın gözləntisi aydındır”
Deputat diqqətə çatdırıb ki, Vaşinqtonda paraflanmış sülh sazişinin yekun imzalanması və ratifikasiyası üçün konstitusion məsələnin həlli mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın gözləntisi aydındır: Ermənistanın konstitusion çərçivəsində Azərbaycana qarşı hər hansı ərazi iddiası saxlanılmamalıdır. Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Ermənistan keçmiş münaqişənin siyasi və ideoloji əsaslarından uzaqlaşmalı, gələcəyə yönəlmiş dövlətçilik və qonşuluq münasibətləri qurmalıdır. Azərbaycan müharibə səhifəsini bağlamağa, regionda yeni əməkdaşlıq mərhələsinə keçməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib. İndi əsas məsələ bu siyasi iradənin konkret hüquqi və praktiki addımlarla təsdiqlənməsidir. Sülhün alternativi yoxdur, lakin dayanıqlı sülh qarşılıqlı öhdəliklərə və onların dürüst icrasına əsaslanmalıdır”.
“Azərbaycanın mövqeyi prinsipialdır”
Milli Məclisin deputatı Elnarə Akimova hesab edir ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması sülh prosesi baxımından müsbət və diqqətəlayiq addımdır: “Çünki Azərbaycan uzun müddətdir bu məsələyə prinsipial mövqedən yanaşır. Söhbət sadəcə hansısa tarixi sənədə istinadın çıxarılmasından getmir. Söhbət Ermənistanın gələcək dövlətçilik və xarici siyasət xəttinin qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquq və sülh prinsipləri üzərində qurulmasından gedir. Deputat söyləyib ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə dair 1989-cu il qərarına istinad var. Həmin sənədə mövcud Konstitusiyanın preambulasında da yer verilməsi Azərbaycanın haqlı narahatlığının əsasını təşkil edir. Çünki bir tərəfdən Azərbaycanla sülh sazişi imzalamaq niyyətini bəyan etmək, digər tərəfdən isə konstitusion səviyyədə ərazi iddiaları ilə əlaqələndirilən siyasi-hüquqi müddəanı saxlamaq ziddiyyətli yanaşmadır”.
“Sənəd referendumda qəbul edilməlidir”
“Sülh yalnız siyasi bəyanatlarla deyil, dövlətin hüquqi sənədlərində və real siyasətində də təsdiqini tapmalıdır. İndi dərc olunan layihədə bu istinadın olmaması onu göstərir ki, Ermənistan rəhbərliyi ən azı sənədin ilkin mətnində həmin ziddiyyəti aradan qaldırmaq istiqamətində addım atıb. Layihədə sülhün xarici siyasətin prioriteti kimi müəyyənləşdirilməsi də diqqətəlayiq məqamdır. Ancaq burada bir məsələni xüsusi vurğulamaq istəyirəm: layihənin dərc olunmasını artıq qəbul edilmiş qərar kimi təqdim etmək düzgün olmazdı. Sənəd hələ ictimai müzakirələrdən keçməli, parlamentdə müvafiq prosedurlara uyğun irəli aparılmalı və referendumda qəbul edilməlidir. Ermənistan daxilində bu məsələ ətrafında siyasi fikir ayrılıqlarının mövcudluğu da prosesin asan olmayacağını göstərir” – deyə deputat bildirib.
“Biz bəyanat yox, hüquqi təminat gözləyirik”
E.Akimovanın sözlərinə görə, Azərbaycanın mövqeyi isə aydındır və bu mövqe dəyişməyib: “Xarici İşlər Nazirliyimizin də bəyan etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldıran dəyişiklik sülh sazişinin imzalanması üçün zəruri şərtdir. Yəni Azərbaycan üçün əsas məsələ sənədin adının və ya formasının dəyişməsi deyil, hüquqi məzmunun real şəkildə dəyişməsidir. Biz bəyanat yox, hüquqi təminat gözləyirik. Digər tərəfdən, sülh sazişinin mətninin paraflanması artıq müəyyən siyasi iradənin ortaya qoyulduğunu göstərir. Lakin paraflanmış sənədin imzalanması və qüvvəyə minməsi üçün tərəflərin üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirilməlidir”.
“Prosesə siyasi reallıqlar əsasında yanaşmalıyıq”
“Ermənistanın yeni Konstitusiya layihəsindəki yanaşmanı sonadək qoruyub saxlaması, onun referendumla qəbul edilməsi və hüquqi qüvvəyə minməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məncə, bu prosesə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmalıyıq. Azərbaycan müharibədən sonra bölgədə yeni reallıq yaradıb və indi bu reallığın davamlı sülhə çevrilməsində maraqlıdır. Bizim istəyimiz Ermənistanı zəiflətmək deyil, bölgədə qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlərin formalaşmasıdır. Ancaq bu münasibətlərin təməli də ikili standartlara və gələcəkdə yenidən münaqişə yarada biləcək hüquqi iddialara söykənə bilməz” - deyə o qeyd edib.
Müsbət siyasi siqnal
Politoloq Elman Telmanoğlu deyib ki, Ermənistanda yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Azərbaycan-Ermənistan sülh prosesi baxımından müsbət siyasi siqnal kimi qiymətləndirilə bilər: “Çünki bu sənəddə Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar mövcuddur. Ermənistanın yeni konstitusion yanaşmasında həmin istinaddan imtina etməsi İrəvanın sülh gündəliyinə uyğunlaşmaq istiqamətində müəyyən siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu, eyni zamanda, Azərbaycanın prinsipial mövqeyinin nəzərə alınması kimi də dəyərləndirilə bilər. Lakin burada mühüm bir məqamı nəzərə almaq lazımdır, hazırda söhbət qəbul edilmiş Konstitusiyadan deyil, layihədən gedir. Layihənin referendum yolu ilə təsdiqlənməsi və qüvvəyə minməsi qarşıda duran əsas mərhələlərdir. Ermənistanın daxili siyasi mühitində revanşist qüvvələrin mövcudluğunu nəzərə alsaq, bu prosesin maneəsiz başa çatacağını indidən söyləmək çətindir. Ona görə də Azərbaycan bu məsələyə yalnız siyasi bəyanatlar prizmasından deyil, konkret hüquqi nəticələr baxımından yanaşmalıdır”.
“Bu, bütün ərazi iddialarının aradan qalxması demək deyil”
E.Telmanoğlunun sözlərinə görə Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması özlüyündə bütün ərazi iddialarının aradan qalxması demək deyil: “Əsas məsələ Ermənistanın gələcək dövlət siyasətində Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə hörmət prinsipinin birmənalı şəkildə qəbul edilməsidir. Dayanıqlı sülh üçün bu prinsip yalnız siyasi bəyanatlarda deyil, dövlətin hüquqi-siyasi sistemində də öz əksini tapmalıdır. Eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində də real nəticələr əldə olunmalıdır. Ümumilikdə, hesab edirəm ki, yeni Konstitusiya layihəsində bu istinadın yer almaması sülh prosesində mühüm və müsbət irəliləyişdir. Bu, Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən birinin nəzərə alınması istiqamətində siyasi addım kimi qiymətləndirilə bilər. Ancaq hələlik bunu yekun nəticə hesab etmək olmaz. Əsas məsələ layihənin qəbul edilməsi və Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarına hüquqi-siyasi zəmin yaratmamasıdır. Məhz bundan sonra bu addımın regionda davamlı sülhün təmin olunmasına real töhfə verdiyini söyləmək mümkün olacaq”.
Röya İsrafilova