TRIPP-in icra mərhələsi başlandı: regionda nə dəyişəcək? Gündəm

TRIPP-in icra mərhələsi başlandı: regionda nə dəyişəcək?

TRIPP-in kommunikasiyanı genişləndirən layihə kimi önəmi böyükdür. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasını təmin edən və Zəngəzur dəhlizi kimi də tanınan layihədir. TRIPP-in reallaşması yalnız Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin təmin olunması deyil, həm də Orta Dəhlizin imkanlarının genişləndirilməsi, regional ticarət dövriyyəsinin artması və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir.
Belə ki, layihəyə artıq start verilir. Hətta bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP-in icrasına başlanıldığını açıqlayıb.
TRIPP-in reallaşması regionda nəyi dəyişəcək? Layihənin icrasına başlanması Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirə bilər?
“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri ilə müzakirə edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, TRIPP layihəsinin praktiki mərhələsinin elan edilməsi və Ermənistan bölgəsindən hazırlıq işlərinə başlanması artıq siyasi bəyanatlardan praktiki icra mərhələsinə keçid deməkdir: “Lakin hələ qarşıda əsas tikinti, hüquqi tənzimləmə və istismar məsələləri dayanır. Qeyd etmək istərdim ki, TRIPP Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma məntiqindən iqtisadi əməkdaşlıq və qarşılıqlı bağlantılar modelinə keçid dövrü kimi dəyərləndirilməlidir. Bu imkanın real və davamlı sülhə çevrilməsi təbii ki, siyasi iradədən, eyni zamanda, əldə olunmuş razılaşmalardan keçəcək və Azərbaycanın özəl maraqlarının təmin edilməsindən asılı olacaq. Məhz buna görə də TRIPP-ə sadəcə iqtisadi nəqliyyat layihəsi kimi deyil, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək arxitekturasına təsir edə biləcək ciddi bir faktor kimi və regional təşəbbüs kimi baxmaq lazımdır”.

“Regionda geosiyasi balans dəyişə bilər”

“Layihənin icraya başlanması Cənubi Qafqazda nəqliyyat-kommunikasiya əlaqələrinin və geosiyasi münasibətlərin dəyişməsi baxımından da çox mühüm hadisədir. TRIPP-in reallaşması region üçün bir neçə istiqamətdə dəyişiklik yarada bilər. Birincisi, nəqliyyat və iqtisadi əlaqələr genişlənə bilər, Azərbaycanı Naxçıvanla birləşdirəcək marşrutun işə düşməsi demək olar ki, ölkənin əsas ərazisi ilə Naxçıvan arasında daha əlverişli bağlantı yarada bilər, Şərq-Qərb ticarət əlaqələri, Orta Dəhlizin imkanları genişlənə bilər. Regional iqtisadi qarşılıqlı asılılıq formalaşa bilər. Ermənistan bu layihə vasitəsilə nəqliyyat və logistika imkanlarını genişləndirəcək, eyni zamanda, regionda geosiyasi balans dəyişə bilər, layihədə Amerika Birləşmiş Ştatlarının iştirakı, beynəlxalq maraqların artması Cənubi Qafqazın daha da strateji əhəmiyyətini artıra bilər. Yəni TRIPP sülh prosesini sürətləndirə bilərmi? Əsas məqam budur. Bəli, layihənin sülh prosesinə müsbət təsir göstərmək potensialı var. Çünki nəqliyyat əlaqələrinin qurulması tərəflər arasında etimadın daha da möhkəmləndirilməsinə gətirib çıxara bilər” – deyə komitə sədri əlavə edib.

Çox mühüm və əhəmiyyət kəsb edən məsələ

A.Nağıyev bir neçə məqamı da qeyd edib: “Nəqliyyat layihəsinin başlanması hələ tammiqyaslı sülhün təmin olunması demək deyil. Sülh prosesinin irəliləməsi üçün məlumdur ki, fundamental məsələlər var: Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, dövlət sərhədinin delimitasiyası, demarkasiyası, kommunikasiyaların açılması, qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq. Burada da Azərbaycanın mövqeyi baxımından əsas məsələ Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında etibarlı və maneəsiz bağlantının təmin edilməsidir. Bu bağlantıda Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində hansı hüquqi və praktiki mexanizmlər həyata keçiriləcəyi də mühüm əhəmiyyət daşıyır. TRIPP-in icrasına başlanması ABŞ-nin Cənubi Qafqazdakı proseslərdə iştirakını qanuniləşdirir, institusional bir formaya salır. Bu da regionla əməkdaşlıq imkanlarını yaratmaqla yanaşı, geosiyasi rəqabəti və maraqların uzlaşmasını daha da gündəmdə saxlayacaq. Bu, çox mühüm və əhəmiyyət kəsb edən bir məsələdir”.

Vacib nəqliyyat-logistika bağlantısı

Milli Məclisin deputatı Azər Allahverənov söyləyib ki, TRIPP marşrutunun istifadəyə verilməsi, yəni Zəngəzur dəhlizinin açılması istər Cənubi Qafqaz bölgəsində kommunikasiyaların açılması baxımından, istərsə də Orta Dəhlizin ikinci çox vacib marşrutu kimi istismara verilməsi baxımdan olduqca əhəmiyyətli bir hadisədir: “Bu səbəbdən də ümumiyyətlə Zəngəzur dəhlizi strateji cəhətdən olduqca vacib bir nəqliyyat-logistika bağlantısı kimi də dəyərləndirilir. Nəzərə alsaq ki, lokal şəkildə bu, bilavasitə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasının əlaqələndirilməsi olmaqla yanaşı, bölgə müstəvisində bu, Azərbaycanla Ermənistan arasında kommunikasiyanın açılmasını şərtləndirən başlıca amildir və daha geniş mənada, xüsusilə də regionlararası bağlantı baxımından Şərqlə Qərbi əlaqələndirən Orta Dəhlizin çox vacib bir seqmenti kimi dəyərləndirilir. Nəticə etibarilə biz görürük ki, bu layihə istər özünün siyasi çəkisinə görə, istərsə də iqtisadi çəkisinə görə olduqca əhəmiyyətli bir layihədir və kifayət qədər çox sayda dövlətlər bu layihənin həyata keçirilməsindən yararlanmaq imkanı qazanır”.

“Azərbaycan bu prosesdə əsas rola malikdir”

Deputat vurğulayıb ki, biz Azərbaycanın bu prosesdəki, əsas rola malik olduğunu və bilavasitə Zəngəzur dəhlizi layihəsinin açılmasında məhz Azərbaycanın irəli sürdüyü təşəbbüs sayəsində baş verdiyini görürük: “Bu, onu göstərir ki, Azərbaycan faktiki olaraq necə ki, bir sıra dövlətlər üçün enerji təhlükəsizliyi sahəsində enerji suverenliyinin təmin olunmasına xidmət edən bir siyasət yürüdür, eləcə Zəngəzur dəhlizi layihəsi vasitəsilə də Azərbaycan bir çox dövlətlər üçün nəqliyyat-logistika suverenliyinin təmin olunmasına səbəb olur. Xüsusilə də o dövlətlərə ki, hansının ki, dənizlərə çıxışı yoxdur, bilavasitə bu layihədən yararlanmaqla həm də o sahədə ehtiyacların ödənilməsini görmüş oluruq. Nəticə etibarilə qeyd etdiyim kimi, biz onların da nəqliyyat-logistika suverenliyinin təmin olunmasına xidmət edən bir layihənin istifadəyə verildiyini bir daha əminliklə vurğulaya bilirik”.

“Layihəyə yol, dəmir yolu, neft və qaz infrastrukturu daxildir”

Milli Məclisi deputatı Naqif Həmzəyev qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-də “Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin rəsmi startını elan edib, praktiki işlər ölkənin cənubunda, Syunik vilayətində başlanıb: “ABŞ Prezidenti Donald Tramp da videomüraciətlə layihəni təbrik edib və Paşinyanı 2027-ci ildə Vaşinqtona dəvət edib. TRIPP Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan üzərindən birləşdirməyi nəzərdə tutur. Marşrutun Ermənistan hissəsinin uzunluğu təxminən 42 kilometrdir və sonradan Türkiyə istiqamətində davam etməsi planlaşdırılır. Layihəyə yol, dəmir yolu, eləcə də neft və qaz infrastrukturu daxildir. İdeyanın əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda, Tramp, İlham Əliyev və Paşinyanın iştirakı ilə imzalanmış birgə bəyannamədə qoyulub. Sonrakı mərhələdə ABŞ və Ermənistan icra çərçivəsini qəbul edib, strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb, Ermənistan parlamenti isə oktyabrın 28-də onu ratifikasiya edib. Layihəni Ermənistan-ABŞ birgə müəssisəsinin həyata keçirməsi gözlənilir”.

ABŞ-nin regionda iştirakı güclənir

“Uzun illər bağlı qalmış kommunikasiyaların açılması Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə bilər. Paşinyan bildirir ki, layihə Ermənistanı həm Şərq-Qərb, həm də şimal-cənub istiqamətlərində blokadadan çıxaracaq. Ermənistan rəhbərliyi layihənin Trans-Xəzər ticarət marşrutuna və Şərq-Qərb əlaqələrinə əlavə təkan verəcəyini deyir. Paşinyan bunu müstəqilliyindən bəri Ermənistanın ən iri iqtisadi proqramı adlandırır. Layihə ABŞ-nin regionda iqtisadi və siyasi iştirakını gücləndirir. Bu, Rusiya, İran və digər qonşu ölkələrin mövqeyi baxımından ayrıca diqqət tələb edən məsələdir. Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsi və Şərq-Qərb dəhlizində mövqeyin möhkəmlənməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi, yəni TRIPP əlaqə marşrutu, Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək. Bakı onu Orta Dəhlizin tamamlayıcı halqası kimi görür. Əliyev Çin və Mərkəzi Asiyadan yüklərin də bu yolla gələcəyini gözlədiyini deyib” – deyə deputat söyləyib.

Sülhün ən praktiki və görünən nəticəsi

N.Həmzəyevin sözlərinə görə, Azərbaycan ərazisindəki yol və dəmir yolu hissələri tamamlanmaya yaxındır, qalan tikinti əsasən Ermənistan ərazisindədir: “Bakı layihəni Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı vahid iqtisadi məkanda birləşdirən addım kimi təqdim edir. Kommunikasiyaların açılması sülhün ən praktiki və görünən nəticəsidir. Paşinyan layihənin uzunmüddətli, sabit və etibarlı sülhün mühüm dayağı olacağını bildirir. Ortaq iqtisadi maraq isə tərəflərin münaqişəyə qayıtmaqda maraqlılığını azalda bilər. TRIPP-in startı sülh prosesinin müzakirə mərhələsindən praktiki mərhələyə keçidini göstərir. Layihənin regional sabitliyə real təsiri isə növbəti ay və illərdə tikintinin tempindən, tərəflərin öhdəliklərinə əməl etməsindən və xarici aktorların mövqeyindən asılı olacaq”.

Röya İsrafilova