Koreya yarımadasında müharibəyə hazırlığı Dünya

Koreya yarımadasında müharibəyə hazırlığı

Pxenyanın planı assimetrik müharibə aparılmasını nəzərdə tutur və bu zaman nüvə silahından da istifadə nəzərdə tutulur

Cavid

Şimali Koreya Cənubi Koreya ilə müharibəyə hazırlaşır. "Renxap" agentliyi Cənubi Koreyanın hərbi mənbələrinə istinadən məlumat yayıb ki, bu hazırlıq çərçivəsində Şimali Koreya "Nodon" tipli ballistik raketlərin yeni test buraxılışını həyata keçirə bilər.
Agentliyin verdiyi məlumata görə, Pxyonan-Pukto əyalətində yerləşən poliqonda bir neçə gün əvvəl "Nodon" tipli ballistik raketləri quraşdırılıb.
Xatırladaq ki, Şimali Koreya ötən gün də Yapon dənizi istiqamətində iki ballistik raketi sınaqdan keçirib. Bir neçə gün öncə isə Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın birləşdirilməsini nəzərdə tutan böyük müharibəyə hazırlaşmaları barədə orduya əmr verib.
Bundan öncə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb ki, Şimali Koreya lideri Kim Çen İn ABŞ və onun müttəfiqləri ilə müharibəyə hazırlaşmaları barədə orduya əmr verib.
"Mövcud situasiyada Cənubi Koreyanın birləşdirilməsini nəzərdə tutan böyük müharibə yaxındır. Şimali Koreya Xalq Ordusunun bütün bölmələri müharibəyə tam hazır olsun", - deyə Şimali Koreya lideri Kim Çen In orduya əmr verib.
O da bildirilib ki, Kim Çen In növbəti dəfə Cənubi Koreyaya hərbi müdaxilə planını təsdiq edib.
Planda Cənubi Koreyanın yeddi gün ərzində işğal edilməsi nəzərdə tutulur. Kim Çen Inın fikrincə, həmin müddət ərzində ABŞ münaqişəyə müdaxilə etməyə imkan qazana bilməyəcək.
Plan assimetrik müharibə aparılmasını nəzərdə tutur və bu zaman nüvə silahından da istifadə ediləcək. Şimali Koreya lideri bu planı ilk dəfə 2012-ci ilin yayında təsdiq edib. Bu dəfə o sənədin nisbətən təkmil varianta qol çəkib.
Öz növbəsində Cənubi Koreya hökuməti Şimalın nüvə hücumundan müdafiə olunmaq üçün xüsusi strategiya üzərində işləyir.
Onu da qeyd edək ki. ilin ilk ayında Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ən yüksək rütbəli rəsmilərilə danışıqlar aparmağı təklif edib. Prezident Kim bunu dövlət televiziyasında yayımlanan yeni il çıxışında deyib.
O deyib ki, Pxenyanın şərtləri qəbul olunsa o, hətta Cənubi Koreya prezidenti Park Geunhye ilə görüş keçirməyə də hazırdır.
Cənubi Koreya bir sıra məsələlər üzrə danışıqları yenidən başlamağa çağırış etmişdi.
"Əhvaldan və vəziyyətdən asılı olaraq yüksək səviyyəli sammit keçirməməyə heç bir səbəb yoxdur", - prezident Kim deyib.
Amma BBC-nin Seuldakı müxbiri Kevin Kim deyir ki, iki Koreya prezidenti arasında görüşün nə qədər mümkün olduğu aydın deyil, çünki son aylar ərzində ölkələr arasında gərginlik artıb.
Cənubi Koreyanın Birləşmə Naziri Ryoo Kihljae deyib ki, Şimali və Cənubi Koreya "dinc birləşmə üçün plan çəkmək məqsədilə üz-üzə görüşməlidirlər".
Keçmişdə Şimali Koreya Cənubi Koreyanın birləşmə planlarını, onu işğal etmək cəhdi kimi qiymətləndirib.
Ryoo deyib ki, Şimali Koreyanın təklifə "müsbət cavab verəcəyinə" ümid edir.
Bundan başqa Koreya mərkəzi teleqraf agentliyi məlumat yayıb ki, Şimali Koreya hökuməti raket qüvvələri tam döyüş hazırlığına gətirilib və Amerikanın B-2 bombardmançı təyyarələrinin Koreya yarımadasında uçuşlarından sonra ABŞ-da müəyyən hədəflərə doğrulub.
Şimali Koreya lideri Kim Çen In öz ölkəsinin ordusunu ABŞ və müttəfiqləri ilə müharibəyə hazır olmağa çağırıb.
Şimali Koreya Müdafiə Komissiyası açıqlamasında isə bildirilir ki, Şimali Koreya "Qanqster" adlandırdığı ABŞ-la eyni masa arxasına oturmayacağını bildirib və Obamanı müharibə ilə təhdid edib: "İmperialist ABŞ kimi qanqsterlər Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strateji döyüşlərə başlayacaq əhval ruhiyədədirlər. Şimali Koreya ordusunun və xalqının buna cavabı olaraq, ABŞ-a ən acı fəlakətləri daddırmış olacaq. ABŞ ona doğru irəliləyən ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir".
Şimali Koreya lideri Kim Congun istəyi ilə ingiliscə yayımlanan açıqlamada ABŞ-la Cənubi Koreyanın ortaq hərbi təlimlərə başlayaraq, Koreya yarımadasını müharibəyə sürüklədiyi iddia edilib. Açıqlamada bildirilir ki, ölkə rəhbərliyinin Şimali Koreyanın ideologiyasını yox etməyə və sosial sistemini devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacı, nə də istəyi var.
Şimali Koreyanın rəsmi xəbər agenrliyi məlumat yayıb ki, Cənubi Koreya ilə münasibətləri "müharibə vəziyyətinə" keçir və iki ölkə arasındakı bütün problemlər bu vəziyyətə uyğun həll olunacaq. Məlumatda qeyd olunur ki, Koreya yarımadasındakı nə hərb, nə sülh vəziyyəti sona çatır. İki ölkə sərhədindəki istənilən təxribat genişmiqyaslı münaqişə və nüvə müharibəsinə səbəb olacaq.
Cənubi Koreya qonşusunun bəyanatına soyuqqanlı yanaşıb. Seuldan bildiriblər ki, bu, yeni hal deyil. Kim ordusu ABŞ və Cənubi Koreyanın birgə təlimləri zamanı "döyüş hazırlığına" keçir.
Şimali Koreyanın müharibə hədəsinə NATO-dan da cavab gəlib. Alyansın baş katibinin müavini Aleksandr Verşbou bildirib ki, Şimali Koreya özünün təhdid bəyanatları və hərbi ritorikası ilə bütün dünyaya tanışdır. "ABŞ və onun müttəfiqləri istənilən təhlükəni dəf etmək üçün ciddi potensiala malikdir" deyən Verşbou NATO-nun da hər an müharibəyə müdaxilə etməyə hazır olduğunu qeyd edib.
"Əlbəttə, hər an hər bir şey gözləməyə dəyər. Xüsusilə də, Şimali Koreyanın belə gənc və işləri düzgün aparmağı bilməyən rəhbərinin olduğu bir vaxtda. Buna görə də müharibə təhlükəsini istisna etmək olmaz. Şimali Koreya artıq ABŞ-dan cavabını alıb ki, istənilən təxribata adekvat cavab veriləcək", - deyə NATO rəsmisi bildirib.
Xatırladaq ki, 1910-cu ildən Yaponiya tərəfindən işğal edilərək müstəmləkəyə çevrilmiş Koreya 1945-ci ildən sonra iki zonaya – sovet və Amerika zonalarına bölünmüşdü. 1948-ci ildə şimaldakı sovet zonasında Koreya Xalq Demokratik Respublikası (KXDR) və cənubdakı Amerika zonasında Koreya Respublikası yaranıb.
1950-53-cü illər arasında baş verən Koreya münaqişəsindən sonra iki Koreya arasında müharibə faktiki olaraq davam edir. Münaqişə sülh sazişi ilə deyil, atəşin dayandırılması ilə bitib.
Hazırda KXDR-ə rəhbərliyi Kim Çen In edir. O, KXDR-in yaradıcısı Kim İr Senin nəvəsidir.