“Qəzzada Azərbaycan əsgərinin missiyası təkcə hərbi deyil, həm də mənəvi məsuliyyət daşıyacaq” Siyasət

“Qəzzada Azərbaycan əsgərinin missiyası təkcə hərbi deyil, həm də mənəvi məsuliyyət daşıyacaq”

“Azərbaycanın Qəzza zolağında sülhməramlı missiyada iştirakı həm regional, həm də qlobal miqyasda mühüm siyasi siqnal olardı. İlk növbədə, bu addım Bakının Yaxın Şərqdə artan nüfuzunun göstəricisidir. Azərbaycan uzun illər ərzində həm islam həmrəyliyini, həm də beynəlxalq hüquqa sadiqliyini praktiki addımlarla sübut edib. Qəzza məsələsində Azərbaycanın mövqeyi həmişə balanslı, amma prinsipial olub – sülhün bərpası, mülki insanların müdafiəsi və beynəlxalq hüququn qorunması. Sülhməramlı missiyada iştirak ehtimalı da bu xəttin davamıdır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O əlavə edib ki, Bakı bu cür proseslərdə tərəf yox, sabitlik amili kimi çıxış etməyi üstün tutur: “Üstəlik, Azərbaycan Ordusu artıq beynəlxalq əməliyyat təcrübəsinə malikdir – Əfqanıstanda NATO çərçivəsində missiyada uğurla iştirak edib. Bu təcrübə Qəzzada da tətbiq oluna bilər. Azərbaycanın müsəlman ölkəsi kimi burada iştirakı həm regionda qəbul olunacaq, həm də tərəflər arasında etimad yarada bilər. Pakistanla birgə iştirak ssenarisi xüsusilə real görünür. Çünki iki ölkə arasında hərbi-siyasi əməkdaşlıq yüksək səviyyədədir. İndoneziya ilə yanaşı bu üçlük, əslində, Qərb-Şərq balansını qoruyan model kimi formalaşa bilər”.

T.İsmayılovun bildirdiyinə görə, ABŞ-nin belə bir təklifə müsbət yanaşması da təsadüfi deyil — Vaşinqton regionda etibarlı, neytral və müsəlman kimliyinə malik tərəfdaş axtarır: “Azərbaycan isə həm Türkiyə ilə strateji ittifaqı, həm də Qərblə əməkdaşlığı sayəsində bu rola tam uyğundur. Missiyada iştirak, eyni zamanda, Azərbaycanın beynəlxalq imicinə və diplomatik çəkisinə ciddi töhfə verər. Bu, Bakının “sabitlik ixrac edən dövlət” imicini daha da gücləndirəcək. Əgər qərar reallaşarsa, Qəzzada Azərbaycan əsgərinin missiyası təkcə hərbi deyil, həm də insanlıq, ədalət və sülh adına mənəvi məsuliyyət daşıyacaq”.

Röya İsrafilova