“Özəl pensiya fondlarının işləməsi üçün münbit şərait hazırda mövcud deyil” Gündəm

“Özəl pensiya fondlarının işləməsi üçün münbit şərait hazırda mövcud deyil”

“Azərbaycan hökuməti özəl pensiya fondlarının yaranmasını hədəfləyir. Amma bu fondların yaranma sxemləri hələ bəlli deyil, cəmiyyətə açıqlanmayıb. Qanun layihəsi Parlamentdə işlənilir. Bunun müəyyən detalları açıqlanıb. Lakin layihə hələ ki tamlığı ilə cəmiyyətə bəlli deyil”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib.

A.Nəsirli deyib ki, adətən özəl pensiya fondları şəxsi hesablara yığımlarla fəaliyyət göstərir: “Yəni hər bir vətəndaşın işqabiliyyətlilik dönəmində hesabında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sığorta ayırmaları yığılır və vətəndaş pensiyaya çıxanda həmin pensiya kapitalı hesabına pensiya alır. Əlbəttə, bu zaman dövlətin də müəyyən əlavələri olur. Yəni adətən özəl pensiya sistemləri belə işləyir. Azərbaycanda bu pensiya sistemləri necə işləyəcək hələ dəqiq bilinmir”.

O bildirib ki, digər tərəfdən Azərbaycanda özəl pensiya fondlarının işləməsi üçün münbit şərait hazırda mövcud deyil: “Çünki əmək bazarı normal şəkildə formalaşmayıb, qeyri-leqal iş yerləri, kölgə iqtisadiyyatı kifayət qədərdir. Belə bir şəraitdə özəl pensiya fondlarının işləməsi çox çətindir. Həmin qanun layihəsi necə qəbul olunacaq, layihə hansı modellə işləyəcək qarşıdakı pensiya islahatının keyfiyyəti bunlardan çox asılıdır”.

Röya İsrafilova