Obama Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı Dünya

Obama Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

Vaşinqton Kiyevə silah göndərilməsi variantını da nəzərdən keçirir

Cavid

ABŞ prezidenti Barak Obama 6 mart 2014-cü ildə qəbul edilən, Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb. Bu barədə Ağ Ev bəyanat yayıb. Bəyanatda ABŞ-ın 16-20 mart, eləcə də 19 dekabr tarixlərində Ukraynada olan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalarla bağlı 3 dəfə dəyişiklik etməsi də nəzərə çatdırılır.
Qeyd edək ki, Qərb liderləri Belarus paytaxtı Minskdə keçən ay əldə edilmiş atəşkəsə əməl olunmasa beynəlxalq ictimaiyyəti daha cidd reaksiya verməyə çağırıb. ABŞ prezidenti Barak Obama, Fransa, Almaniya, Britaniya, İtaliya liderləri və Avropa Şurasının başçısı Donald Task videobağlantı zamanı Ukraynada vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Dövlət başçıları müşahidəçilər və sülhçəramlı qüvvələrin oynayacağı rolu, həmçinin Ukraynada separatçıları dəstəklədiyinə görə Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyü məsələsini nəzərdən keçirir.
"Qərb ölkələrinin liderləri Minsk razılaşmalarının bundan sonra da pozulması davam etsə, əlavə sanksiyaların tətbiq edilməsinə hazırdır" - deyə Avropa Şurasının bəyanatında bildirilir.
Xatırladaq ki, Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyanı regiona əsgəri qüvvə və Moskva tərəfdarı separatçılara silah göndərməklə münaqişəni qızışdırmaqda ittiham edir. Rusiya bu ittihamları rədd edir.
Hazırda isə rəsmi Vaşinqton Kiyevə silah göndərilməsi variantını da nəzərdən keçirir.
Onu da bildirək ki, Rusiya və Ukrayna ölkənin şərqində rusiyapərəst separatçılar və hökumət qüvvələri arasında gedən münaqişəyə baxmayaraq mart ayının sonundan rus qazının nəqlinə dair razılıq əldə edib.
Əldə edilən razılığa əsasən hər iki ölkə bu ayın sonunda müddəti başa çatacaq Rusiya təbii qazının Ukraynaya nəqli razılaşmasını davam etdirilməsinə qərar verib. Hər iki tərəf daha əvvəl Avropa İttifaqına qaz nəqlinə təhlükə yaradacaq müqaviləni ləğv edəcəkləri ilə bir-birini təhdid edirdi.
Danışıqlara rəhbərlik edən Avropa Şurasının vitse-prezidenti Maros Sefkovik bildirib ki, ona Avropa İttifaqına qaz nəqlinin davam edəcəyilə bağlı təminat verilib.
Tərəflər Ukraynanın üsyançıların nəzarətində olan əraziyə qaz nəqli üçün heç bir ödəniş edilməyəcəyi barədə də razılıq əldə edib.
Rusiyanın təbii qaz şirkəti Qazprom 2006, 2009 və 2014-cü illərdə qiymət münaqişəsinə görə Ukraynaya qaz nəqlini dayandıraraq şərqi Avropanın bir hissəsini soyuqda qoymuş və daha sonra bir neçə həftə ərzində yenidən bərpa etmişdi.
Bu arada Kanadanın "Global Research" qəzeti yayıb ki, prezident Barak Obama Rusiyaya nifrət edir.
Qəzet Obamanın Rusiyaya nifrətinin nəinki Ukraynaya qarşı münasibətində, həmçinin Suriya, İran və digər dövlətlərə yanaşmasında da hiss olunduğunu və Rusiya Federasiyasını zəiflətməyə çalışdığını bildirib: "Barak Obama Yaxın Şərqdə İslam ekstremizminin məğlubiyyəti ilə Rusiyanın məğlubiyyəti arasında seçim eləsə, sonuncuya üstünlük verərdi. O, Rusiyaya qarşı müharibədə hər şeyini qurban verir. Obamanın xarici siyasətinin əsas vəzifəsi isə Rusiyaya qalib gəlməkdir. Əsəd məğlub olacağı təqdirdə ABŞ üçün növbəti məsələ Türkiyə ola bilər. Çünki Türkiyə Moskva ilə Rusiya qazının Avropaya tədarükü ilə bağlı artıq razılıq əldə edib".