Rusiya Ukraynada əsgərlərini itirir Dünya

Rusiya Ukraynada əsgərlərini itirir

Aleksandr Verşbou: "Donbasda separatçılarla yanaşı rus hərbçiləri də döyüşür"

Cavid

"Ukraynanın şərqində gedən döyüşlərdə xeyli sayda Rusiya ordusunun əsgərləri öldürülür".
Bu barədə NATO baş katibinin müavini Aleksandr Verşbou Riqada keçirilən konfrans zamanı açıqlama verib. Onun sözlərinə görə, Donbasda separatçılarla yanaşı rus hərbçiləri də döyüşür və onlardan bir çoxu öldürülüb.
Qeyd edək ki, fevral ayının ortalarında ABŞ da bəyan etmişdi ki, Donbasda Rusiya əsgərləri döyüşür. Lakin Rusiya Müdafiə Nazirliyi bunu təkzib edərək bildirmişdi ki, rəsmi Vaşinqton qəhvə ilə fala baxır.
Bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko da bildirmişdi ki, onların əlində ölkənin şərqində döyüşən rus əsgərlərin pasportları var.
Ukrayna Müdafiə Nazirliyinin tabeliyində olan "Xalq ordusu" qəzetinin xüsusi müxbiri Roman Turosev deyib ki, hazırda Rusiya rəhbərliyi lokal müharibəyə maraqlıdır, tammiqyaslı müdaxilə edə bilməz.
"Donetskdə atəşkəs müntəzəm olaraq Rusiya qoşunları tərəfindən pozulur. Qərb də təşviş içərisindədir. Rusiya qoşunlarının atəşkəsi pozması dəfələrlə sübuta yetirilib. Bunun nəticəsidir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya açıq müdaxilə edərsə, daha da ciddi sanksiyalarla üzləşəcək, ancaq Rusiya açıq müharibəyə başlayarsa, demək, işğalçı olduğunu qəbul etmiş olacaq. Putin isə buna getməz", - Turosev qeyd edib.
Bu arada ABŞ Nümayəndələr Palatasının sədri Con Behner başda olmaqla bir qrup senator Prezident Barak Obamaya məktub yazıb.
Məktubda Obamadan Ukraynaya silah yardımı tələb olunub. Müraciətdə bildirilib ki, Obama Konqres tərəfindən ötən ilin sonunda ona verilən və bu günə qədər istifadə etmədiyi müstəsna səlahiyyətlərdən istifadə edərək öldürücü xüsusiyyətə malik silahların Ukrayna ordusuna verilməsini təmin etsin.
8 Respublikaçı, 3 Demokrat partiyasının senatoru tərəfindən imzalanan məktubda qərarın tez bir zamanda verilməsi tövsiyə olunub: "İlk Minsk razılaşmasından bəri Rusiya və separatçıların mənafeyinə uyğun gəldiyi görünən atəşkəs razılaşmasından sonra sizi Ukrayna ordusunu öldürücü xüsusiyyətə malik silahlarla təmin etməyə və Ukrayna torpaqlarının müdafiəsini dəstəkləməyə çağırırıq".
Xatırladaq ki, Obama ötən ilin 18 dekabrında Rusiyaya qarşı yeni sanksiyalar vəd edən və Ukraynaya silah və digər növ yardımlar ehtiva edən qanun layihəsini ratifikasiya etmişdi.