Qərb İranı bataqlığın içinə atdı Dünya

Qərb İranı bataqlığın içinə atdı

Məhmət Şahin: "Qərb nə İran, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Misirin güclənməsini istəyir"

Cavid

"Qərb nə İran, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Misirin güclənməsini istəyir". Bu barədə Türkiyəli politoloq Məhmət Şahin deyib. Onun sözlərinə görə, bu dörd ölkə arasında olan istənilən mübahisə Qərbin vecinə deyil: "İqtisadi çətinlik içində olan İran belə bir halda Əsədi dəstəkləyir və husilərə istənilən yardımı verir. Bunlara davam edən İran indi Qərblə barışıb neftini dünyaya çıxardan zaman "onsuz da indi daha çox pul qazanıram və ona görə də bölgədə liderlik savaşını davam etdirə bilərəm", - deyə düşünürsə, çox yanılır. Bununla da onun Suriya, Yəmən və İraqdakı fəaliyyəti nəticəsiz qalacaq. Qərb nə İran, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Misirin güclənməsini istəyir. Bu dörd ölkənin hər birinin bölgədə regional güc olma potensialı var. Onların bir-biri ilə dalaşması belə Qərbin vecinə deyil. Əslində, Qərb İranla barışarkən onun güclənəcəyini bilir. Ona görə də İranı çox böyük problemlərin içinə atdılar. Onun guya gücləndiyi görünüşünü dünyaya yansıtdılar və Tehranın Suriya, İraq və Yəməndə önünü açdılar. İranın guya onlarla barışdığını göstərib ayağına zəncir taxdılar, amma bunun əvəzini təəssüf ki, bütün islam dünyası olaraq biz ödəyirik".
Yeri gəlmişkən, İranla bağlı məsələyə Birləşmiş Ştatlarda birmənalı münasibət yoxdur. ABŞ dövlət katibi Con Kerri başda olmaqla Ağ Ev administrasiyasının rəsmiləri İranla nüvə razılığının əldə edilməsi üçün daha artıq vaxt verməyə razı salmaq üçün Konqres üzvləri ilə görüş keçirməyə başlayıb.
Con Kerrinin Nümayəndələr Palatasının üzvləri ilə keçirəcəyi görüşün bağlı qapılar arxasında həyata keçirilməsi planlaşdırılır. Eyni görüşlərin senatorlarla da keçiriləcəyi gözlənilir.
Administrasiya prezident Barak Obamanın yekun razılaşmasının bir hissəsi olaraq İrana qarşı sanksiyaları təxirə salıb, ya da aradaın qaldırmasına məhdudiyyətlər qoya biləcək qanun layihəsinin qarşısını almaq üçün intensiv kampaniya aparır.
Konqres Tehranla yekun razılaşmasının təsdiq, ya da rədd edilməsi üçün ona 60 gün verilməsinə dair qanun layihəsini nəzərdən keçirir. Prezident Obama belə bir addımn iyunun 30-a qədər qoyulmuş son möhlətdən öncə yekun mərhələsində danışıqlara mane ola biləcəyini deyərək, layihəyə veto qoyacağı ilə hədələyib.
Senatın Xarici Əlaqələr Komitəsi Konqresi nüvə razılaşmasına dair mövqeyini bildirməyə çağıran qanun layihəsinə əlavələrlə bağlı çərşənbə axşamı günü debatlar keçirməyə və sənədə dair səs verməyə hazırlaşır.
ABŞ prezidenti çərçivə razılığının İranı nüvə silahı əldə etməkdən çəkindirməyin ən yaxşı yolu olduğu barədə müsbət fikirdə olduğunu bildirib. O əlavə edib ki, əgər yekun danışıqlar ciddi razılaşmanın əldə edilməsilə nəticələnməsə, Birləşmiş Ştatlar danışıqlardan geri çəkiləcək.