İran-Qərb razılaşması sual altında Dünya

İran-Qərb razılaşması sual altında

Tehran Qərblə Rusiya arasında qalıb

Cavid

İran-Qərb münasibətləri heç də düzələnə oxşamır. Baxmayaraq ki, nüvə məsələsində tərəflər arasında ilkin razılıq əldə olunub. Amma həm ABŞ, həm də İran bu razılaşmanın hər an pozula biləcəyi iddiaları irəli sürürlər. Bütün bunlar onu deməyə əsas verir ki, İrana sanksiyalar istənilən zaman yenidən sərtləşdirilə bilər. Hətta İranın ali dini lideri də rəsmi Vaşinqtonu hədələyən bəyanatla çıxış edib. ABŞ da İrana qarşı silahın işlədilə biləcək ehtimalından danışıb.
Politoloq Fərhad Mehdiyev bildirib ki, mövcud geosiyasi şəraitdə İranın izolyasiyadan çıxmasını ən çox Qərb və Amerika istəyir: "Çünki İran izolyasiyadan çıxarsa, bu, neftin qiymətinin daha da aşağı düşməsinə təkan yaradacaq. Hər iksinin də bir nömrəli gündəmi hazırda Rusiyadır. Əsas məqsəd Rusiyanı çökürtməkdir. İran neftinin və qazının dünya bazarına çıxması Qərb və ABŞ-ın yolunu açır. Rusiya isə əksinə, bunu istəmir. Əldə olunan razılığa İsrail öz məmnunluğunu bildirmədi və buna qətiyyən razı deyil. Amerikada İsrailə çox yaxın olan respublikaçılar da bu cür müqavilənin bağlanmasını istəmir. Müqavilə hələ bağlanmayıb, iyunda bağlanmalıdır. Proses baş tutduqdan sonra 4 illə 10 ay arasında İran üzərindən bütün sanksiyalar götürülməlidir. Qeyd edim ki, İsveçrə bu xəbəri eşidən kimi neftin qiyməti cüzi də olsa, enmişdi. Neftin qiyməti sanksiyalar aradan qalxdıqdan sonra hələ daha da enəcək. Bu, əlbəttə ki, Rusiyanın maraqlarına zidd olduğu kimi Qərbin maraqlarına isə çox uyğundur. Çünki Avropa neft və qazı ixracı yolu əldə edir. Hesab edirəm ki, iyun ayında razılıq əldə olunacaq və müqavilə imzalanacaq".
Politoloq iyuna qədər sözügedən müqaviləyə hətta bəzi qüvvələrin əngəl törədə biləcəyini də açıqlayıb: "Bəzi qüvvələr bu müqavilənin gerçəkləşməsinə əngəl törətməyə çalışacaq. Rusiya da bunların arasındadır. Böyük ehtimalla bu müqavilə imzalanacaq. Bunun nəticəsində də İran Rusiyadan uzaqlaşacaq, Amerikaya isə daha yaxın olacaq. İqtisadi baxımdan bir yaxınlıq - İranla ABŞ və Qərb arasında ticari əlaqələr daha güclənəcək. Ancaq Rusiya ilə bu baş verməyəcək. Çünki Rusiya iqtisadiyyatı İrana ucuz mal verə biləcək səviyyədə deyil. Xam maddəyə İranın onsuz da ehtiyacı yoxdur. Lazım olanı Rusiyadan alır. Ancaq texnologiyaları İran Rusiyadan almırdı, böyük ehtimalla, bundan sonra da almayacaq. Ticari münasibətlər artmasa da, Rusiya-İran arasındakı isti münasibətlər qalacaq. Ancaq Qərblə ticari əlaqələrin artacağı təqdirdə Rusiya ilə heç bu isti münasibətlər də olmayacaq. Çünki aralarında ideoloji uçurum var. Bu ideoloji uçuruma isə həm İranın, həm də demokratik düşərgəni təmsil edən Avropanın ehtiyacı var. Qərb dini bir dövlətlə - İranla bu münasibətləri quracaq. Əlbəttə ki, Səudiyyə Ərəbistanı da dini dövlətdir. Ancaq İrandan fərqli olaraq Qərb Səudiyyəyə qarşı sərhədi keçmir. Bunun da yeganə səbəbi İranın anti-İsrail siyasətidir".
Politoloq Qabil Hüseynli isə bildirib ki, hadisələrin hazırkı gedişatı göstərir ki, Qərb nüvə danışıqlarında faktiki olaraq uduzub və aldanıb: "Altılıq prosesində İran heç bir qeyd-şərtsiz tələb irəli sürmədən danışıqlar prosesinə getdi. Ancaq elə ki danışıqlar prosesi qurtardı, Tehrana gəldikdən sonra Ruhani çıxış edərək bildirdi ki, Qərb öncə sanksiyaları aradan götürməlidir. Bunun ardınca biz Qərbin irəli sürdüyü tələblərin - uranın saflaşdırılmasının dayandırılması və ehtiyatların üçdə birinin özündə qalması şərtilə yerdə qalan üçdə ikisinin saxlanılması üçün üçüncü bir ölkəyə verilməsi sözlərinin tutulmadığının şahidi olduq. Yəni danışıqlar prosesində əldə olunan razılaşmalardan geri addımı atan birinci İran oldu. ABŞ da buna cavab olaraq bildirdi ki, razılaşma müzakirəyə çıxarılmayacaq. Əgər bu baş tutarsa, o zaman buna veto qoyulacaq. Yəni belə görünür ki, iki ildən artıq davam edən danışıqlar əslində hədər yerə gedib.
İran teokratik, ortodoksal ruhani Ayətullah dairələrinin təzyiqi altında əldə edilmiş razılaşmadan imtina etdiyini birbaşa bildirməsə də, buna bənzər bəyanatlar verməyə başladı. Görünür, Rusiya İranla çoxdan gizli danışıqlar aparırmış. Nəticə, yəni sövdələşmə ortadadır. İrana S-300 raketlərinin satılması qadağasının ləğvi bunun bariz sübutudur. Rusiya ilə İran arasında ciddi əlaqələr formalaşmaqdadır. Bu, onu göstərir ki, danışıqlar prosesində Qərb artıq uduzub və faktiki aldanıb. Buna görə də Qərb bu prosesdə hazırda vəziyyətdən çıxış yollarını axtarır. İran bütövlüklə nüvə silahı yaratmaq haqqındakı ideyalarından imtina etmək barədə bəyanat verməli idi. Bunların heç birini etmədi. Prosesləri pozan hələ ki, İrandır. Onu da qeyd edim ki, Qərb sanksiyaları İranın nüvə silahı yaratmaq potensialını bütünlüklə aradan qaldıracağına əmin olacağı zaman dayandıracaq".