Putinin 15 ili Dünya

Putinin 15 ili

Onun məqsədi yalnız hakimiyyətini möhkəmləndirməkdir

Cavid

Putini tənqid edənlər onun ölkəni avtoritar çıxmaza saldığını, tərəfdarları isə Yeltsindən sonra stabillik yaratdığını və Qərb ölkələri qarşısında müqavimət göstərdiyini söyləyirlər.
Vladimir Putin 2000-ci ildə prezident seçilməzdən əvvəl Rusiyanın "Avropa mədəniyyətinin" bir hissəsi olduğunu və NATO-ya qoşulmaq ehtimalını "istisna etməyəcəyini" bildirmişdi: "Mən öz ölkəmi Avropadan ayrı təsəvvür edə bilmirəm". – 1999-cu ildə Boris Yeltsinin qəfil istefasından sonra müvəqqəti olaraq prezidentlik vəzifəsini icra edən Putin bildirmişdi.
Bu il Putin 7 may 2000-ci il tarixində iqtidara gəlməsinin 15 illiyini qeyd edir. Bu 15 ildə Rusiya bir çox dəyişikliklə üzləşib. Belə ki, ölkə beynəlxalq səviyyədə təcridlə, sanksiyalarla, hətta yeni bir soyuq müharibə ehtimalı ilə üz-üzədir. Ölkə daxilində isə iqtisadi tənəzzülə baxmayaraq, Putin, çox güman ki, ən çox rəğbət görən Rusiya lideridir.
Putini bəyənsəz də, bəyənməsəz də, onun ölkəsinə və dünyaya göstərdiyi təsiri inkar etmək çətindir.
"The Guardian" Putinin 15 illik prezidentlik fəaliyyətini qısa təhlil edib.

Ukrayna, Gürcüstan və "yaxın xaric"

"Yaxın xaric" (Keçmiş sovet respublikaları) daha da yaxınlaşıb. Ötən il ərzində Ukrayna münaqişəsi nəticəsində Rusiya və Qərb arasında əlaqələr kəsilsə də, əslində bu, sadəcə Putinin Rusiyanın "yaxın xaric" kimi tanınan keçmiş ərazisindəki "hüquqlarını" tələb etməsinin ən son nümunəsidir. Putinin Krımı ilhaq etməsindən və Rusiyanın təşəbbüsü ilə Şərqi Ukraynada münaqişə başlamasından təəccüblənənlər xatırlamalıdırlar ki, Putin altı il əvvəl Gürcüstanda "Putin doktrinasının" əsasını qoymuşdu. Rusiyanın getdikcə irəliləyən NATO-nun əhatələdiyi təsir dairəsində maraqlarını qorumaq üçün ordudan istifadə edəcəyi aydın idi.
Ukraynada gedilən güzəşt daha riskli idi. İctimai rəy sorğusu, şübhəsiz, Krım manevrasının xeyrinə oldu, ancaq Donetsk və Luqanskda ruslar həlak oldular.
Sanksiyalar, eləcə də, neft qiymətlərinin düşməsi Rusiyanın iqtisadiyyatına zərər vurdu. Rusiya hələ ki Putinin tərəfindədir və o, öz strateji məqsədlərinə çatıb, ancaq bunların da öz əvəzi olub.

NATO-ya müxaliflik

Rusiya Yeltsinin dövründə NATO ilə istəksiz şəkildə əməkdaşlıq siyasəti yürüdürdü. Putinin dövründə isə vəziyyət dəyişdi. Putin BBC ilə ilk müsahibəsindən bu yana təkid edir ki, NATO-nun şərqə doğru genişlənməsi Rusiya üçün təhlükə təşkil edir. Artıq Rusiyanın müqavimət göstərmək üçün hərbi gücü var. Rusiya və Qərb arasında hərbi qarşılaşmaların artması ilə bağlı noyabr ayında çıxan xəbərlərə əsasən, NATO-ya üzv dövlətlər Rusiyaya məxsus təyyarələri dayandırmaq üçün qırıcı təyyarələrini oktyabrın sonu etibarilə 100 dəfədən çox işə salıblar. Son vaxtlar müşahidə olunan aqressiv mövqe Polşa və Baltik dövlətlərini, eləcə də, Skandinaviya ölkələrini narahat edib. İsveç və Finlandiya belə NATO-ya qoşulmaq haqqında fikirlərini açıq şəkildə ifadə etməyə başlayıblar.
Putinin mövqeyi Rusiyada böyük dəstək görür. Qərbdə isə NATO-nun yalnız özünün yaratdığı təhlükələrlə məşğul olmaq üçün fəaliyyət göstərdiyini düşünənlər də az deyil.
Stokholm arxipelaqında Rusiyaya məxsus şübhəli sualtı qayıq oktyabr ayında İsveç donanması tərəfindən böyük axtarışa səbəb olmuşdu. Mart ayında isə Skandinaviya Hava Yollarına məxsus 132 sərnişinin olduğu təyyarə Kopenhagendən uçuşa qalxarxən Rusiyanın yerini bildirməyən kəşfiyyat təyyarəsi ilə toqquşmasına az qalmışdı.

Avtokratiya

Putin iqtisadi məsələlərdə sabitlik yarada bilməsə də, öz hakimiyyətini daha da gücləndirməyə başlayıb. Putin 2004-cü ildə prezidentin regional qubernatorları təyin etməsinə imkan verən qanun qəbul etdi. Bu, onun 2011-2012-ci illərdə küçə nümayişləri nəticəsində həyata keçirilən islahatlara baxmayaraq əlində saxladığı bir imtiyazdır.
Putinin Dmitri Medvedyevlə yerdəyişməsi onun 2012-ci ildə yenidən prezidentliyə qayıtmasına imkan verdi. Həmin arada isə Rusiyanın əlaltı parlamenti prezidentlik müddətinin dörd ildən altı ilə uzadılması ilə bağlı qanun qəbul etdi. Putin isə bildirib ki, 2018-ci ildə prezidentlik üçün yenidən namizədliyini irəli sürə bilər və əgər qazanarsa, onun hakimiyyətdə qaldığı dövr 18 il vəzifədə qalmış Leonid Brejnev və hətta İosif Stalini belə keçə bilər.

İqtisadiyyat

Putin iqtidara gələndə Rusiya 1990-cı illərin bazar islahatlarından və 1998-ci ilin maliyyə böhranından təzəcə çıxırdı. Yeni prezident iqtisadi cəhətdən uzaqgörən deyildi: Putin biznesə fayda vermək üçün vergiləri azaltsa da, eyni zamanda 2003-cü ildə siyasi rəqibi Mixail Xodorkovskinin Yukos neft şirkəti ilə başlayaraq əsas sektorları yenidən milliləşdirdi. Buna baxmayaraq, istifadə olunmayan istehsal gücü və Rusiyanın ixracının əsasını təşkil edən neft qiymətlərinin artması Putinin hələ də xatırlandığı 1999 və 2006-cı illər arasında xalis gəlirin ikiqat artması ilə görünməmiş firavanlıq dövrünün açılmasına kömək etdi.
Qlobal maliyyə böhranı bu artımı dayandırdı. Neft sərvəti artıma təkan versə də, iqtisadiyyatın şaxələndirilməsi və ya Rusiyanın sənaye sahələrinin müasirləşdirilməsində o qədər böyük irəliləyiş olmayıb. Neft qiymətləri düşməzdən və Ukrayna üzrə sanksiyalar qüvvəyə minməzdən əvvəl belə iqtisadçılar uzunmüddətli durğunluq dövrünün proqnozunu verirdilər.
Putin hökumətin rubl böhranı üçün tədbirinin "optimal" olduğunu bildirsə də, bir çoxları günahı faiz dərəclərini birdən-birə qaldırdığına görə mərkəzi bankda və milli valyutanı tənəzzülə uğratdığına görə dövlət neft şirkəti "Rosneft" tərəfindən şübhəli istiqraz buraxılışında görürlər.
Aprel ayında televiziya proqramında keçmiş maliyyə naziri Aleksey Kudrinin Putinə xatırlatdığı kimi ilk prezidentlik dövrünün sonunda 7 faiz olan illik ÜDM 2014-cü ildə 0,6 faizə düşüb. Ölkə iqtisadiyyatının isə bu il durğunluq dövrünə girməsi gözlənilir.
Əhali artımı?

Putin əhalinin narahatlıq doğuran dərəcədə azaldığı bir vaxtda hakimiyyətə gəldi. Sovet İttifaqının dağıldığı dövrdə 150 milyon əhalisi olan Rusiya, demək olar, əhalisinin ildə bir milyonunu itirirdi.
Bu azalma tədricən dayandı və 2010-cu ildə əhali yenidən artmağa başladı. Bunun əsas səbəbi iqtisadi xarakter daşıyırdı: Putinin hakimiyyətində maliyyə vəziyyəti yaxşılaşdı. Dövlət statistika xidmətinin verdiyi məlumatlara görə, ölkənin hal-hazırda 146 milyondan çox əhalisi var. Krımın birləşdirilməsi ilə qazanılan 2,2 milyon əhalini saymasaq da, vəziyyət müsbətdir.
İndi isə iqtisadi vəziyyət qeyri-müəyyəndir. Tendensiya müsbət olsa da, vəziyyət dəyişə bilər. Belə ki, yanvar ayında doğum sayı 4 faiz azalıb.

Asiya ilə əlaqələrin genişləndirilməsi

Həmişə çoxqütblü dünyanın tərəfdarı olduğunu bildirən Putin son illər böyüyən iqtisadiyyatları Rusiyanın enerjisinə ehtiyac duyan Asiya ölkələri ilə iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində hərəkət edir. Rusiya prezidenti ötən il Çinin qazla təmin edilməsi üçün hər biri 400 milyard dollar dəyərində olan iki böyük müqavilə imzalayıb. Bu ay isə iki ölkə Aralıq dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək. Putin eyni zamanda Şimali Koreyaya dəmir yolu texnologiyası ixrac edir.
Avropa İttifaqı ilə əlaqələrin pisləşməsi dekabr ayında Rusiyanı Bolqarıstana doğru tikintisi gedən boru kəmərini ləğv etməyə məcbur edib və Asiya ilə əlaqələrin genişləndirilməsini sürətləndirib.

Sərt tədbirlər

Neft maqnatı Mixail Xodorkovskinin həbs edildiyi və bir neçə məşhur müxalifət üzvlərinin qətlə yetirildiyi Rusiya artıq müxalifətin xoş qarşılanmadığı bir yer idi.
Ancaq həlledici məqam 2011-2012-ci illərin qışında gəldi. Müxalifətin getdikcə yayılan etiraz nümayişləri Moskvada ərəb baharı havası yaradırdı. Putin isə cəld tərpəndi. Korrupsiyaya qarşı mübarizə aparan fəal Aleksey Navalnıy və 2012-ci ilin may ayında Bolotnaya meydanında keçirilən mitinqdən 27 nümayişçiyə qarşı şübhəli iddialarla çoxlu sayda cinayət işi açıldı.
Putinin 2012-ci ildə Kremlə qayıtmasından bu yana yeni qanunlarla hakimiyyət orqanlarının icazə vermədiyi etiraz nümayişlərində iştirak edənlərə 1 milyon rubl cərimə, beş il müddətinə məcburi əmək və ya həbs olmaqla, cəzalar artırıldı.
Putin artan vətənpərvər hissləri və vətən xainləri haqqında çıxışları arasında dekabr ayında müxalifət üzvlərinin "beşinci kolonnanın" tərkib hissəsi ola biləcəklərini bildirdi. Müxalifətin əsas üzvlərindən biri, keçmiş baş nazir müavini Boris Nemstov fevral ayında Kremlin qarşısında qətlə yetirildi. İddialara görə, cinayət Çeçenistanın rəhbəri, qısa müddət sonra Putin tərəfindən medalla mükafatlandırılan Ramzan Kadirova sadiq qalan təhlükəsizlik işçiləri tərəfindən törədilib.
Putinin üçüncü prezidentliyi dövründə hakimiyyət orqanları xaricdən maliyyə yardımı alan və Putinin satqın adlandırdığı qeyri-hökumət təşkilatlarına nəzarəti gücləndirdi. 2012-ci ildə qəbul olunan bir qanuna əsasən, belə qruplar elanlarda özlərini "xarici agentlər" adlandırmalıdırlar, əks halda sərt cəzalar tətbiq olunur.

Çoxqütblü bir dünya?

Putinin xarici siyasətinə görə, o, qərb hegemoniyasına qarşı mübarizə aparır və Çinlə birgə ABŞ-ın təkəbbürlü hərbi və siyasi gücünə qarşı balans rolunu oynayır. Bununla belə, Rusiya prezidenti İraq və Əfqanıstan müharibələrində Vaşinqtona etiraz etdiyini iddia etsə də, onun Suriya üzrə mövqeyi və Bəşər əl-Əsədə sabit dəstəyi daha çox tənqid alıb.
Hər şey etirazdan ibarət deyil. Putinin diplomatları İrana kömək etmək və son zamanlara qədər nüvə silahlarının azaldılması üçün beynəlxalq müttəfiqlər və rəqiblərlə konstruktiv şəkildə çalışıblar.

Korrupsiya

Korrupsiya əleyhinə dövlət kampaniyasının aparılmasına baxmayaraq, Putinin Rusiyası əsasında nadürüst olduğu ittihamlarını üstündən ata bilmədi. 2014-cü ildə Rusiya korrupsiyaya görə 175-dən 136-cı yerdə gəlirdi. 2013 və 2012-ci illərdə isə bu göstərici, müvafiq olaraq, 127 və 133 olmuşdu. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi də Putinin pul yuyulması və maraqlarını xaricdə təbliğ etmək, eləcə də, Şərqi Ukraynadakı üsyançılara silah təmin etmək üçün mafiya ilə çalışdığı aşkarlanan araşdırmalarından sonra Putini "ilin adamı" adlandırmışdı.
Putinin şəxsi sərvəti haqqında çox məlumat olmasa da, bir çoxları onun özünün də korrupsiyadan yararlandığını düşünür. Qara dəniz sahilində tikilən ekstravaqant bir sarayın Putinə aid olduğu və qanunsuz mənimsənilmiş pullarla tikildiyi haqqında illərlə iddialar gəzib.

Hərbi qüvvə

Putinə məqsədinə uyğun gəlməyən bir ordu miras qalmışdı. O, ikinci prezidentlik dövründə köhnəlmiş orduda islahata başladı və bu proses Gürcüstan müharibəsindəki şübhəli qələbəsindən sonra sürətləndi. Hal-hazırda Rusiya orduya ÜDM-sinin ABŞ-ın xərclədiyindən daha yuxarı faizini xərcləyir və 2015-ci il üçün hərbiyə 81 milyard dollar ayırıb.
Xərclərin artırılması və yenidən təşkil etmə nisbətən daha cəld qarşılıq verə biləcək bir qüvvə yaratsa da, yeni avadanlıqlar hələ gətirilməyib. Bu yaxınlarda Fransa da Rusiyaya iki Mistral hərbi gəmi satmaq təklifini geri çəkib.