Almaniya düşündüyünüz qədər güclü deyil? Dünya

Almaniya düşündüyünüz qədər güclü deyil?

Berlin Avropa İttifqı və ya ABŞ-ın təşəbbüsünə bel bağlaya bilməz

Cavid

İyunda Almaniyanın ən yüksək dağı olan Zugspitze yaxınlığında yerləşən qəsrdə Yeddilər qrupunun (G7) görüşü baş tutacaq. Məlumatlara görə, bu qala yəhudilərə xristianlığı qəbul etdirməyə çalışan fanatik bir dindar üçün tikilib. Schloss Elmau daha sonra kurort və mədəniyyət mərkəzinə çevrilib, ancaq qəsrin yüksəklikdə yerləşməsi müəyyən mənada Almaniyanın son illər beynəlxalq məsələlərdə oynadığı rol haqqında aparılan müzakirələrin şişirdilməsini əks etdirir.
Bir çox müşahidəçi Almaniyanın yüksəlişini elan etməyə tələsdi. Amerikalı akademik Uolter Rassel bu yaxınlarda Almaniyanın Yeddilər qrupunun ən güclü ikinci üzvü olduğunu bildirib. Britaniyada çıxan "Monocle" qəzeti tərəfindən aparılan sorğu ilə müəyyənləşdirilib ki, Almaniyanın "yumşaq gücü" ABŞ-ın yumşaq gücünə rəqibdir.
"Foreign Affairs" yazır ki, Almaniya Avropada ən böyük bazara sahib olan ölkə olaraq qalır və ABŞ-ın ixrac etdiyi qədər mal ixrac edir. Berlin Avropanın maliyyə böhranı, eləcə də Rusiya ilə təhlükəsizlik böhranının idarə edilməsində mühüm rol oynayıb. Almaniyanın milli futbol komandası dünya çempionudur və Şimali Amerikadan kənarda əksər ölkə üçün bu, az bir şey deyil. Kansler Angela Merkel dünyada ən yüksək səviyyəli fəaliyyət göstərən demokratik lider hesab olunur.
Ancaq Almaniyanın son müvəffəqiyyəti onun gücü haqqında qeyri-real gözləntilər yaranmasına səbəb oldu. Almaniyanın Rusiya və Çinlə olan güclü iqtisadi əlaqələri bu ölkələrin avtoritar quruluşuna və hərbi iddialarına elə böyük təsir göstərməyib. Ölkənin bərpa olunan enerjidən istifadəyə keçməsi ölkə daxilində rəğbət qazandı, lakin beynəlxalq enerji bazarlarında köklü dəyişikliyə səbəb olmadı və ya digər ölkələri nüvə enerjisindən istifadəni dayandırmağa razı sala bilmədi. ABŞ-ın hərbi gücü olmadan Almaniya nəinki öz malları üçün açıq bazarları qoruya, bu bazarları formalaşdıra da bilməz.
Almaniya on illərlə öz yumşaq gücünü inkişaf etdirməkdə üstünlüyü əlində saxlayıb. Bu ölkə lüks avtomobilləri, kimyəvi məhsulları və yüksək texnologiyalı avadanlıqları ilə məşhurdur. Ancaq bu ölkə təhsil, enerji, maliyyə, hüquq və elmi tədqiqata yanaşması ilə də özünə tərəfdarlar qazanıb. Mədəni, akademik və texniki mübadilələrin maliyyələşdirilməsi də bu ölkəyə olan rəğbəti artırır və Almaniyanın gəlir maraqlarını da tamamlayır.
Almaniya bu məqsədlərin həyata keçirilməsi üçün Avropa xaricindəki ölkələrlə çoxlu sayda rəsmi dialoqlar təşkil edib. Ölkə İsrail, Fransa və ABŞ-la olan "xüsusi əlaqələrindən" başqa Yeddilər qrupuna daxil olmayan və güclü iqtisadiyyata malik olan 9 ölkə ilə də strateji tərəfdaşlıq yaradıb (Avstraliya, Braziliya, Çin, Hindistan, İndoneziya, Rusiya, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam).
ABŞ prezidenti Barak Obamanın 2013-cü ildəki illik çıxışında Almaniyanın ixtisaslı işçi qüvvəsindən danışması da təəccüblü deyil. Ötən il də Çin prezidenti Si Tszinpinin Almaniyada istehsal olunan məhsullarla Çində istehsal olunan məhsullar arasındakı keyfiyyət fərqini azaltmağa kömək etdiyinə görə dolayı yolla təşəkkür etmişdi.
Almaniya zərərsiz və müvəffəqiyyətli bir ölkə kimi beynəlxalq imicini gücləndirib, ancaq bu yumşaq gücün hansı faktiki nəticələr verdiyini görmək olmur. Birini deyək ki, edilən mübadilələr ölkənin dil və mədəniyyətinə olan marağı artırmayıb. 2000-ci ildən bu yana bütün dünya üzrə alman dilini öyrənənlərin sayında 25 faiz azalma olub.
Daha önəmlisi odur ki, Almaniyanın ən son xarici siyasət doktrinasında mövcud qlobal nizamı formalaşmaqda olan yeni qüvvələrin maraqlarına uyğunlaşdırmaq məqsədi qeyd edilir. Bu regional qüvvələrlə dialoqlar əvvəl-axır onlara Avropa dəyərlərini qəbul etdirəcək və maraqların birləşməsinə gətirib çıxaracaq. Lakin Qərbin idarə etdiyi qlobal nizama marağı olmayan ölkələrin bütün bunlara necə razı salınacağı ilə bağlı strategiya haqqında isə məlumat verilmir. Nə Rusiya, nə də Çin ikinci dünya müharibəsindən sonra yaradılmış təşkilat və normaları dəstəkləmək tərəfdarı deyillər. Xüsusilə də, bu normalar onların regional maraqları ilə toqquşursa. Yaxın Şərq ölkələrinin başı isə öz daxili münaqişələrinə və regional səviyyədə siyasi müvazinəti qorumağa qarışıb. Bu baxımdan beynəlxalq qurumlar daima yeni reallıqlara uyğunlaşdırılmalıdırlar.
Almaniya ara-ara Braziliya ilə birlikdə BMT-nin Təhlükəsizlik Şurasında islahat keçirməklə bağlı təklif irəli sürür, lakin bu, veto səlahiyyətləri ilə üst-üstə düşmədikdə geri çəkilir.
Almaniya Avropa daxilində ən güclü nüfuza malik ölkədir, ancaq bu ölkə belə özünü Yunanıstan və ya Birləşmiş Krallığın Aİ-dən çıxmasına mane ola bilməyəcək qədər gücsüz hesab edə bilər.
Almaniyanın xarici siyasəti ilə bağlı müxtəlif şərhlər var. Mənfi fikirlərə baxsaq, görərik ki, Almaniya liderlərinin mühüm ixrac bazarlarının seçimlərinə tabe olduqları düşünülür. Almaniyanın biznes maraqlarını qoruması və ehtiyalı davranması təbii haldır, ancaq ölkənin yaranan böhranlar qarşısında risk götürməməsi onun problemləri həll eləməyə hazır olmadığını göstərir.
Xaotik beynəlxaq şəraitdə böhranların ön plana çəkilməsi və Almaniyanın ənənəvi xarici siyasətinin məhdudiyyətlərinin yaratdığı çətinlikləri nəzərə alsaq, Almaniyanın əks mövqeyə keçməsi o qədər təəccüblü deyil. Prezident Yoahim Qaukun ötən il bir çox müzakirələrə səbəb olmuş çıxışında vətəndaşlara niyə görə böhran vəziyyətlərində iştirak edilməməsinin "istisna" hal olması lazım olduğunu izah etməyə çalışmışdı: "Gəlin, təhlükələrdən qaçıb onları gözardı etməyək. Əksinə, möhkəm dayanıb, ümumbəşəri dəyərləri unutmayaq və onları tərəfdaşlarımızla birgə qoruyaq."
Almaniyanın Nazirlər Kabinetində edilən çıxışlarında isə ölkənin prioritetlərini müəyyənləşdirmək əvəzinə sadəcə "başqalarının bizdən gözlədiklərinə uyğunlaşmaq" prinsipinin əsas götürülməsi vurğulanırdı. Merkel həmişəki kimi digərlərinin danışmasına imkan verib və hətta artıq on ildir vəzifədə olmasına baxmayaraq, uzun bir çıxış təqdim etməyib. Merkel Rusiya Prezidenti Vladimir Putini qərbli həmsöhbəti rolunu öz üzərin götürsə də, ictimaiyyətin daha nə qədərini qəbul edəcəyini gözləyəcəyə bənzəyir.
Almaniya çox vaxt müdafiə xərclərinin az olmasına görə fərqlənir. Maliyyə naziri Volfqanq Şoyble növbəti beş il ərzində müdafiə xərclərində altı faiz artım olacağını bildirsə də, bu xərclərin çoxu elə köhnəlmiş avadanlıq və infrastrukturun əvəzlənməsinə gedəcək və ümumi xərc yenə az olacaq. Amerikalı müşahidəçiləri qəzəbləndirən daha önəmli məsələ isə odur ki, Almaniya təhlükəsizlik məsələlərini açıq şəkildə müzakirə etməyə yanaşmır. Almaniyanın Əfqanıstanda ən böyük üçüncü hərbi qüvvəni təmin etdiyini və 1993-cü ildən bəri beynəlxalq sülhməramlı missiyalara 200 mindən çox əsgər göndərdiyini nəzərə alsaq, bu, olduqca qəribədir.
Almaniya hökuməti Eduard Snoudenin ifşalarından və Milli Təhlükəsizlik Agentliyi ilə bağlı çıxan qarışıqlıqdan əvvəl sakit şəkildə Federal Kəşfiyyat Xidmətini Bavariyadan Berlində 4 min işçi üçün nəzərdə tutulmuş kompleksə köçürdü. İctimaiyyət casusluqdan hələ də məmnun deyil, ancaq belə görünür, Almaniya liderləri, gec də olsa, daha yaxşı "göz və qulaqlara" ehtiyacları olduğunu dərk ediblər. Əgər siyasətçilər kəşfiyyata ciddi yanaşıb və gizli xidmətlər üçün lazım olan nəzarəti həyata keçirməsələr, onda yeni binanın onlara yaxın olması da böyük fərq yaratmayacaq.
Almaniyanın qısa müddət ərzində edə biləcəyi ən yaxşı şey ötən il vətəndaşları "başqalarının on illərlə təmin etdiyi təhlükəsizliyi qorumaq üçün daha çox iş görməyə" çağıran prezidentinin məsləhətini dinləməkdir. İyun ayında baş tutacaq G7 sammitində müzakirə olunacaq məsələlərin başında təhlükəsizlik və enerji siyasəti gəlir. Bu da, Rusiyanın Krımı ilhaq etməsi və neftdən siyasi bir vasitə kimi istifadə etməsi ilə əlaqədardır.
Almaniya qəbul etməlidir ki, artıq sadəcə birləşdirici bir qüvvə olaraq qala və digər "formalaşmaqda olan qüvvələrin", Avropa İttifqı və ya ABŞ-ın təşəbbüsünə bel bağlaya bilməz. Almaniya xarici maraqlarını daha yaxşı şəkildə ifadə və müdafiə etməli olacaq. Qarşısında olan məhdudiyyətlərdən şikayətlənmək beynəlxalq qaydalar pozulduqda məsuliyyət və konkret tədbirlər görülməsindən yayınmaq üçün bir bəhanədir. Əgər Almaniya daha güclü bir Avropa və dinc dünya nizamı yaratmaq istəyirsə, öz gücü haqqında mübaliğəli fikirləri bir kənara qoyub bu gücdən necə daha cəsarətlə istifadə edə biləcəyi haqqında düşünməlidir.