Türkiyə prezidenti Qərb ölkələrini kəskin tənqid edib Dünya

Türkiyə prezidenti  Qərb ölkələrini kəskin tənqid edib

"Almaniya hökumətinin fikir, düşüncə azadlığına qarşı yönəlmiş addımı bağışlanmayacaq"

"Türkiyəni terrorla mübarizədə tək qoyan, ərazilərində terrorçuların sərbəst gəzməsinə şərait yaradan Avropa ölkələri qiyamçıların tələbi qarşısında fərqli davranırlar"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini kəskin tənqid edib. "Anadolu" agentliyinin verdiyi məlumata görə, iftar məclisində iştirak edən Türkiyə prezidenti çıxışı zamanı "Al Jazeera" telekanalının əməkdaşı Əhməd Mənsurun Almaniyada saxlanılmasına münasibət bildirib.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qərb son illərdə demokratiya, insan hüquqları və ləyaqətinin qorunması sahələrində çətin imtahan verir. Onun sözlərinə görə, Qərb ölkələri öz vətəndaşları üçün vacib hesab etdikləri hüquqları İslam ölkələrinin hüquqları pozulan vətəndaşları üçün çox görürlər. Türkiyə prezidenti "Al Jazeera" əməkdaşının Misir hakimiyyətinin tələbi ilə Berlin havalimanında saxlanılmasını Almaniya hökumətinin maddi maraq qarşılığında söz azadlığını pozmaq cəhdi kimi qiymətləndirib. Ərdoğan deyib ki, Türkiyəni terrorla mübarizədə tək qoyan, ərazilərində terrorçuların sərbəst gəzməsinə şərait yaradan Avropa ölkələri qiyamçıların tələbi qarşısında fərqli davranırlar: "Hazırda terror təşkilatlarının üzvləri Almaniyada rahatlıqla fəaliyyət göstərirlər. Bütün sənədləri təqdim etməyimizə rəğmən səslərini çıxarmayanlar bu gün "mətbuat azadlığı" deyə-deyə "Al Jazeera"nin önəmli əməkdaşını həbs edirlər! Niyə? Misirin generalları əmr edib. Niyə? Ordan 8,5 milyard avroluq sifariş verib. Pul, mənfəət... Sən nələrə qadirsən?".
Ərdoğan bəyan edib ki, Almaniya hökumətinin fikir, düşüncə azadlığına qarşı yönəlmiş addımı bağışlanmayacaq.
"Al Jazeera" telekanalı da Almaniya hakimiyyətindən jurnalist Əhməd Mənsuru dərhal azad etməyə çağırıb. Telekanal bəyan edib ki, o, ərəb dünyasının aparıcı jurnalistlərindən biridir və dərhal azad edilməlidir.
Qeyd edək ki, Misirin baş prokuroru Hişam Bərəkət "İnterpol"a və Almaniya hakimiyyətinə Əhməd Mənsurun ekstradisiyası xahişi ilə müraciət edib. Qahirə məhkəməsi Misir və Britaniya vətəndaşı olan jurnalist barəsində qiyabi olaraq 15 il azadlıqdan məhrumetmə qərarı çıxarıb. O, 2011-ci il etirazları zamanı Təhrir meydanında hansısa vəkilə işgəncə verilməsində təqsirli bilinir. "Al Jazeera" rəhbərliyi isə Əhməd Mənsuru günahsız sayır, Misir məhkəməsinin qərarını jurnalistləri susdurmaq cəhdi kimi qiymətləndirir.
Ötən gün həmkarları ilə telefon əlaqəsi saxlayan jurnalist bildirib ki, bu gün Almaniya məhkəməsi onun taleyi ilə bağlı qərar qəbul edəcək.