Cərrah Aynur Səfiyeva nüfuzlu “Springer” nəşriyyatında nəşr olunmuş kitabda bir paraqrafın müəllifidir Hadisə

Cərrah Aynur Səfiyeva nüfuzlu “Springer” nəşriyyatında nəşr olunmuş kitabda bir paraqrafın müəllifidir

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva məşhur “Springer” nəşriyyatının yenicə çapdan çıxmış “Anal fistula və abses” adlı kitabında bir paraqrafın müəllifidir. Dr.Aynur Səfiyevanın bu kitabda dərc olunan paraqrafının adı “Anal fistulaların lazerlə müalicəsi” adlanır. Müəllifin bu paraqrafı yazmaqda məqsədi son illərdə ən yeni əməliyyatlardan biri sayılan anal fistulalarda lazerlə müalicə üsullarını araşdırmaqdır.

Anal fistula əsasən düz bağırsağı əhatə edən toxumaların iltihabı nəticəsində yaranan perianal dəri ilə düz bağırsağın açılması arasında patoloji bir yoldur. Xəstəliyin əmək qabiliyyətli, fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinməsi yeni müalicə üsullarının axtarışını zəruri edir. Xəstəliyin təsnifatı, müalicəsi və diaqnozu bu günə qədər çoxlu sayda müzakirələrin mövzusu olmuşdur. Bunun əsas səbəbi ciddi elmi araşdırmalara baxmayaraq, ağırlaşmaların daha çox olmasıdır.

Son illərdə ABŞ və Avropada mürəkkəb anal fistulaların müalicəsində yeni tendensiyalar müşahidə edilmişdir ki, bunlar biotexnologiyanın müasir nailiyyətlərindən istifadə etməklə əldə edilmiş yeni toxumaların, o cümlədən bioloji parçalana bilən materialların və biomateriallardan hazırlanmış bioprotez tıxacların tətbiqinə əsaslanır. Həmkarımız öz məqaləsində bütün bunları araşdırmış və lazer üsulu ilə fistulaların müalicə yollarını göstərmişdir. Dr.Aynur Səfiyeva anal fistulaların lazerlə müalicəsində yenilənmiş diaqnostik prosedurları, üsulları və göstəriciləri təqdim etmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv bu münasibətlə Dr.Aynur Səfiyevanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyir!