Bakı Ali Neft Məktəbində “Açıq qapı günü” Hadisə

Bakı Ali Neft Məktəbində “Açıq qapı günü”

Tural

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin 1-ci ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə Bakı Ali Neft Məktəbində görüş keçirilmişdir. BANM-nin rektoru Elmar Qasımov abituriyentləri salamlamış və imtahanda göstərdikləri yüksək nəticəyə görə təbrik etmişdir. İştirakçılara BANM-nin fəaliyyəti haqqında ətraflı məlumat verən rektor bildirmişdir ki, məktəbin yaradılmasında məqsəd Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Müasir dövrdə dünya əmək bazarında ən çox mühəndis kadrlara tələbat olduğu vurğulanmış, abituriyentlərin BANM-də oxumaqla gələcəkdə dünyanın ən iri neft-qaz şirkətlərində karyera qurmaq imkanı qazanacaqlarına əminlik ifadə olunmuşdur. Məktəbdə BP, Statoil, Halliburton, Emerson, IBM və dünyanın bir sıra nüfuzlu neft-qaz şirkətlərinin tələblərinə uyğun kadrlar hazırlandığını qeyd edən E.Qasımov bildirmişdir ki, SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində BANM-də tələbələr üçün hər cür şərait yaradılmış, dünyanın bir sıra nüfuzlu təhsil ocaqları, transmilli neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki təcrübəyə də yiyələnirlər ki, bu da gələcəkdə ölkədə yüksək ixtisaslı peşəkar kadrlara tələbatın ödənməsinə zəmin yaradır. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini və seçilmiş tələbələrin hər il bir semestr ərzində həmin universitetə təhsil almağa göndərildiyini bildirmişdir. Görüşdə iştirak edən BANM-nin tələbələri abituriyentlərə oxuduqları təhsil müəssisəsində verilən keyfiyyətli təhsildən danışmış, tələbə həyatı və müxtəlif şirkətlərdə keçdikləri istehsalat təcrübəsi haqqında təəssüratlarını bölüşmüşlər. Görüş çərçivəsində rektor Elmar Qasımov abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandırmışdır. Sonda abituriyentlər və valideynlər səmərəli görüşə görə BANM-nin rəhbərliyinə təşəkkürlərini bildirmişlər.