“Özəl sektorda iş rejimini hökumət tənzimləməli deyil Hadisə

“Özəl sektorda iş rejimini hökumət tənzimləməli deyil

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə iş saatının dəyişdirilməsi ilə bağlı ünvanlanan müraciət cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çoxları qış fəslində üzləşəcəkləri çətinliklərə görə belə bir addımın atılmasını gərəksiz sayır. Bu məsələ qanunvericilikdə necə nəzərdə tutulub?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, özəl sektorda iş rejimini müəyyən etmək hüququ müəssisənin özünə məxsusdur: "Əmək Məcəlləsinin 95.2-ci maddəsinə əsasən "İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilən iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. 95.1. maddəsində göstərilir ki, "gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir".
Hüquqşünas birmənalı olaraq bildirib ki, iş vaxtını hökumətin tənzimləməsi nəzərdə tutulmayıb: "İşəgötürən özü müəssisədə iş rejimini, o cümlədən iş vaxtının başlamasını və başa çatmasını müəyyən edə bilər. Bu Əmək Məcəlləsində göstərilən gündəlik, həftəlik və ya aylıq iş saatı müddətini keçməmək şərti ilə müəyyən olunur. Bizdə gündəlik iş vaxtı 8 saat müəyyən edilib. Müəssisənin işəgötürəni həmkarlar ittifaqları ilə bağladığı kollektiv müqavilə vasitəsi ilə iş rejiminin qanunvericiliyə zidd olmayan formalarını müəyyən edə bilər. Hökumətin iş vaxtının başlamasını tənzimləmək hüququ Əmək Məcəlləsində göstərilməyib".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətdə qeyd edilir deyilir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Tövsiyənin icrasını təmin etmək üçün Bakı şəhərində özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlər tərəfindən aşağıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi zəruridir.