Türkiyədən Özbəkistana məşğulluq məqsədilə səfər edənlərin sayı kəskin şəkildə artıb Hadisə

Türkiyədən Özbəkistana məşğulluq məqsədilə səfər edənlərin sayı kəskin şəkildə artıb

2022-ci ilin yanvar-iyun aylarında Türkiyədən Özbəkistana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Özbəkistana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 10,8 faiz artıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində Özbəkistana qurum vasitasilə iş tapmaq üçün 247 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 8 min 393 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 36 faiz çoxdur.

“Bu ilin iyun ayında İŞKUR vasitəsilə Türkiyədə 154 min 37 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 60,1 faizi kişi, 39,9 faizi isə qadındır. İyun ayında Türkiyədə işsiz sayı 3 milyon 568 min 171 nəfər təşkil edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,9 faiz çoxdur", - deyə İŞKUR-dan bildirilib.