“Ermənistan KTMT-dən çıxmağa çox da tələsməyəcək” Gündəm

“Ermənistan KTMT-dən çıxmağa çox da tələsməyəcək”

“Düşünürəm ki, indiki məqamda Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa çox da tələsməyəcək. Həm Ukrayna müharibəsi ilə bağlı gərginlik var, həm də Ermənistanda seçkilər yeni olub. Yəni bir az ümumi siyasi konyunkturanın mülayimləşməsini, normallaşmasını gözləyəcəklər. Amma yekun olaraq Paşinyan dəfələrlə fikrini açıqlayıb. O, Avropa İttifaqını üstün tutduğunu deyib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turab Rzayev söyləyib.

O qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədlik məsələsi gündəmdədir: “Belə olan halda həm KTMT-də, həm Avrasiya İttifaqında, həm də Avropa İttifaqında olmaq mümkün deyil. Bunu da əvvəllər Rusiya tərəfi dəfələrlə Paşinyana xatırlatdı. Ona görə də indi Paşinyan qərar verəcək ki, Avropa istiqamətində davam edəcək, əvvəl-axır, gec-tez KTMT-dən çıxmalıdır. Ancaq indiki halda düşünürəm ki, Paşinyan daha bir müddət hakimiyyəti möhkəmləndirməyə çalışacaq, həm də Rusiya ilə gərginliklərin normallaşmasına çalışacaq. Amma Rusiya tərəfinin dediyi Ermənistan ya KTMT-yə bağlı qalacaq, ya da fərqli ssenariyə üstünlük verəcək burada fərqli ssenari təkcə Ermənistanın Avropa istiqamətinə getməsi deyil, eyni zamanda, ola bilər ki, Paşinyanın özü üçün də Ermənistanın fərqli istiqamət seçməsidir. Çünki Rusiya həm də təhdid edir ki, bu fərqli ssenari Ermənistanda da məhz Ukrayna ssenarisi ola bilər və Paşinyanın özü üçün və ya Ermənistan üçün təhlükə yarada bilər”.

Röya İsrafilova