EBRD Azərbaycan üzrə aktiv portfelinin həcmini açıqlayıb Hadisə

EBRD Azərbaycan üzrə aktiv portfelinin həcmini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi 814 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyunun 20-si) ilə müqayisədə 3,3% və ya 28 mln. avro azalıb. Layihələrin sayı isə 34-dən 33-ə enib.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.
Qeyd olunub ki, portfelin 88%-ni (716 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (67 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 1,8% azalaraq 741 mln.avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,513 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,4 %-i (3,037 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.