“Sərəncam məsuliyyət vərdişini formalaşdıracaq” Hadisə

“Sərəncam məsuliyyət vərdişini formalaşdıracaq”

"Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 44-cü maddəsinə 3-cü hissənin əlavə edilməsi ilə bağlı Prezidentin imzaladığı sərəncam, 2009-cu ildən başlayaraq intensiv şəkildə "KİV haqqında qanuna", o cümlədən, informasiya alınması və yayılmasına aidiyyəti olan digər qanunlara edilən əlavə, dəyişiklik və dəqiqləşdirmələrin davamıdır. Bu əlavə, dəyişiklik və dəqiqləşdirmələrin hər biri dövrün tələbindən irəli gələn, ənənəvi və yeni medianın inkişaf tempinə uyğun olaraq atılan zəruri addımlardırlar". Bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.
Onun sözlərinə görə, 44-cü maddəyə edilən əlavəyə də ənənəvi və yeni medianın, sosial şəbəkələrin inkişaf tempinə uyğun olaraq verilmiş, zərurət duyulan qərarlar kontekstində yanaşmaq lazımdır: "Belə ki, müxtəlif səbəblərdən istintaq hərəkətlərinə cəlb edilən şəxslər haqqında KİV və sosial şəbəkələrdə yayılan araşdırılmamış, qeyri-dəqiq, bəzən qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq, vahimə, qorxu yaratmaqla yanaşı, istintaqa cəlb edilmiş şəxsin taleyinə də ciddi təhlükə yaratmış olur. Hüquqda "Günahsızlıq prezumpsiyası" deyilən anlayış var və bu anlayışa əsasən, günahı sübuta yetirilməyənədək, insan günahsız sayılır. İstintaqa cəlb edilmiş şəxs mümkündür ki, öz günahsızlığını sübut edərək, istintaq hərəkətlərindən azad edilsin, normal həyatına dönsün. Bunun bariz nümunəsini biz son zamanlar istintaq hərəkətlərinə cəlb edilmiş iş adamları ilə bağlı prosesdə gördük. İstintaqa cəlb edilmələri barədə informasiya yayılan iş adamlarının əksəriyyəti indi sərbəstdirlər və fəaliyyətlərini davam etdirirlər. Amma sosial şəbəkələr, bəzi KİV-lər yaydıqları yanlış informasiyalarla onlar haqqında elə rəy yaradıblar ki, bu şəxslərin reputasiyalarına ciddi zərbə dəyib, cəmiyyətin isə doğru informasiya almaq hüququ tapdalandı".
M.Ələsgərli əlavə edib ki, 44-cü maddəyə əlavə edilən 3-cü hissə informasiya istehsalçılarında istintaq hərəkətlərinə cəlb edilmiş şəxslər haqqında xəbər hazırlayarkən, daha məsuliyyətli olmaq vərdişləri formalaşdıracaq: "Bu məsələdə xüsusi bir məqama da diqqət yetirilməsi zəruridir. 44-cü maddəyə edilən əlavə təkcə jurnalistlərə, KİV redaksiyalarına, sosial şəbəkə fəallarına, bir sözlə, informasiya istehsalçılarına yönəlməyib. O, həm də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan üzərində də məsuliyyət qoyur. Sərəncamda qeyd edilib ki, "Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan, təhrif edilmiş məlumatlar verildikdə , ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir". Bu, ibtidai araşdırmanı aparan orqan üçün həm hüquq, həm də məsuliyyətdir. Onlar istintaqa cəlb edilmiş şəxslər və prosesin gedişi barədə informasiyaların dəqiq, səlist şəildə yayılmasına nəzarət etməli, yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün təşəbbüs göstərməlidirlər".