“Cahangir Hacıyev monopoliya yaratmışdı” Hadisə

“Cahangir Hacıyev monopoliya yaratmışdı”

"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri: "Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə insanları ayaq üstündə saxladırdılar"


Bu adamların işləmək yox, yalnız dağıtmaq, bankın mülkiyyətini satmaq fikirləri olub. Bankın qapılarını bağlayıb öz məqsədlərinə uyğun fəaliyyət göstəriblər. Bankın qapısı niyə bağlanmalıdır? Biz iş adamlarına, sahibkarlara xidmət etməliyik. İnsanlar istədiyi vaxt həm mənə, həm də işçilərə müraciət edə bilərlər. Telefonum gecə-gündüz açıqdır.
"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Etibar Əliyevin "Qafqazinfo"ya müsahibəsində belə deyib.
Etibar Əliyev "Bank Technique"-nin Cahangir Hacıyevin nəzarəti altında olduğunu deyib. Onun sözlərinə görə bankı Cahangir Hacıyevin ətrafında olan səriştəsiz, idarəetmədən xəbəri olmayan insanlar idarə edib: "Bir faktı açıqlayım. Bankın Kreditlərə Nəzarət Departamentinin direktoru olmuş Cəmin Hacıyev göstəriş veribmiş ki, o koridordan keçəndə insanlar ayağa dursun. Kim durmayıbsa, onlara cəza verilib. Mən onu yanıma çağırıb etdiyi nöqsanların səbəbini soruşdum. Səbəbi izah edə bilmir və qanuni iş gördüyünü iddia edir. Deyir ki, mən departament müdiriyəm, bunları sizə kim deyib? Deməli, siz bankı nəzarətdə saxlamısınız. Sən kimsən ki, gələndə insanlar ayaq üstündə dursun? Sən ölkənin hansı strukturusan? Sənin işin müştərilərə, iş adamlarına xidmət göstərməkdir. Mən bundan dəhşətə gəlirəm.
Bankı bu cür insanlar idarə edib. Belə idarəetmənin nəticəsi də əlbəttə ki, defolt olar. Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə insanları ayaq üstündə saxladırdılar. Qeyd edim ki, Cəmin Hacıyev Cahangir Hacıyevin əmisi oğludur.
Bundan əlavə, biz bankın Türkiyədə şöbəsini yaratmışdıq. Bu çox böyük uğur idi. Bank sektorunu xaricdə tanıtdıq. Məni həbs edəndən bir ay sonra bankın Türkiyə şöbəsini bağladılar. Bu iş böyük əmək sayəsində ərsəyə gəlmişdi. Keçmiş rəhbərlik buna görə məsuliyyət daşımalıdır.
Cahangir Hacıyevin göstərişi ilə bankın prosessinq mərkəzi bağlandı. Bu mərkəz böyük vəsait hesabına başa gəlmişdi. Yeni model qurulmuşdu, son avadanlıqlarla təchiz olunmuşdu. Bunlar Cahangir Hacıyevin xoşuna gəlməyib. Bu faciədir. Bankın eyni zamanda beş törəmə müəssisəsi var idi. Bunlardan hazırda "Texnika Kapital Menecment", bir də "Alfa sığorta" qalıb. "Alfa sığorta" da defolt vəziyyətinə salınıb, vəsaitləri mənimsənilib. Təbii ki, biz əvvəlki infrastrukturları yenidən bərpa etməyə çalışacağıq.
Cahangir Hacıyev kart sisteminin idarə edilməsi sisteminin yalnız öz bankında olmasını istəyirdi, sağlam rəqabətə imkan vermirdi, monopoliya yaratmışdı. "Texnika bank " da prosessinq mərkəzinin yaradılması Cahangir Hacıyevin xoşuna gəlmədiyi üçün dərhal bağlayıb. Bu insanlar ölkə iqtisadiyyatına çox zərər vurublar. "Texnika bank" ildə 20 milyondan çox vergi ödəyib. Bu bir müəssisə üçün böyük rəqəm idi. 1200 işçisi var idi, hər biri yüksək maaş alırdı, bank mütəxəssisləri yetişdirilirdi. Bütün bunlara zərər vurmaq dövlətə xəyanət deyilmi?"