“Azərbaycan və Türkiyəyə qarşı siyasi sanksiyalara cəhdlər edilir” Hadisə

“Azərbaycan və Türkiyəyə qarşı siyasi sanksiyalara cəhdlər edilir”

Göksəl Gülbəy: "Böhtanlara və qaralama kampaniyasına qarşı birgə mübarizə aparmağı qərarlaşdırdıq"

Erməni yalanlarının artıq bütün dünyanı bürüməsi, bu yalanlara inanan bəzi dövlətlərin haqsız olaraq nümayiş etdirdiyi ermənipərəsət mövqe bu ədalətsiliyə qarşı Azərbaycan və Türkiyənin birgə səmərəli şəkildə mübarizə aparmasını zəruri edir. Hər iki dövlət başçılarının bu istiqamətdə ortaya qoyduğu siyasi iradə və görülən işlər müəyyən mənada erməni yalanlarının ifşa edilməsinə öz töhfəsini verib və bu uğulu strategiya üzrə fəaliyyət günümüzdə də davam edir. Sevindirici hal ondan ibarətdir ki, hər iki ölkənin qeyri-hökumət təşkilatları, ictimai xadimləri də bu prosesdə yaxından iştirak edirlər. Müntəzəm olaraq təşkil edilən qarşılıqlı səfərlər, keçirilən görüşlər, toplantıların da əsas ana xəttini məhz erməni yalanlarına qarşı birgə mübarizə təşkil edir Bu günlərdə hər iki ölkənin QHT-ləri daha bir ortaq fəaliyyət proqramı müəyyən ediblər. Xəbərlərdən də məlum olduğu kimi bir neçə gün əvvəl Türkiyədə hər iki ölkənin QHT-ləri, ictimai və siyasi xadimlərinin iştirakı ilə "1915-ci il hadisələri və Qarabağ işğalına qarşı ortaq mübarizə bəyannaməsi" imzalanıb. Bəs görəsən belə bir bəyannamənin imzalanması hansı zərurətdən irəli gəldi və bəyannaməyə əsasən hansı istiqamətlərdə fəaliyyət göstəriləcək. Eləcə də bu fəaliyyət erməni yalanlarını ifşa etmək üçün nə dərəcədə effektli olacaq? Bəyannaməyə imza atan təşkilatlardan biri, Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy deyir ki, günümüzdə Türkiyə və Azərbaycan dövlətinə qarşı Ermənistan rəhbərliyi, erməni lobbisi tərəfindən dünyada planlı şəkildə qaralama kampaniyası həyata keçirilir. Hətta bir sıra hallarda erməni lobbisinin əli ilə müəyyən çevrələr tərəfindən Azərbaycan və Türkiyəyə qarşı siyasi sanksiyalara cəhdlər edilir. Ona görə də bizlər dövlətimizin və millətimizin üzərinə atılan böhtanlara və qaralama kampaniyasına qarşı birgə mübarizə aparmağı qərarlaşdırdıq. Düzdür, uzun illərdir ki, həm Azərbaycan, həm də Türkiyə dövləti müxtəlif səviyyələrdə bu qaralama kampaniyası, təcrid, siyasi təzyiq və böhtanlara qarşı mübarizə aparır. Bir sıra hallarda aparılan mübarizənin müsbət nəticəsi də olur. Amma yenə də erməni lobbisi durmadan bizlərə qarşı mübarizə aparır. Biz də hesab edirik ki, dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, siyasi və ictimai xadimlər də bu prosesə dəstək verməlidirlər. İmzaladığımız bəyannamədə də məqsədimiz budur. Bəyannamə əsasında ermənilərin böhtan kampaniyalarına və işğal siyasətinə qarşı fəaliyyət göstərəcəyik". Göksəl Gülbəy deyib ki, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları, eləcə də ictimai-siyasi xadimləri tərəfindən belə bir bəyannamənin imzalanması təşəbbüsü bir müddət əvvəl gündəmə gəlib və məsələ ilə bağlı ilk konfransı oktyabrın 30-da Bakıda
keçirilib: "1915-ci il hadisələri və Qarabağ işğalına qarşı birlikdə mübarizəsini nəzərdə tutan platformanın ikinci konfransı noyabrın 9-da Türkiyənin Iqdır şəhərində Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin ümumi mərkəzi yığıncaq salonunda baş tutdu. Beləliklə Iqdırdaki ASİMDER Ümumi Mərkəzi yığıncaq salonunda bir araya gələn siyasi partiya, həmkarlar ittifaqları, dərnəklər və peşə quruluş nümayəndələri 1915-ci hadisələri və Azərbaycanın Qarabağ işğalına qarşı birlikdə mübarizə etmə qərarını elan etdilər". ASİMDER rəhbəri bildirib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlığın, erməni lobbisinin məkirli siyasətinə qarşı aparılan mübarizənin daha irəliyə aparılması hamımızın ortaq məsuliyyətidir. Göksəl Gülbəy imzalanmış bəyannamədə yer alan bir sıra detallar barədə də danışıb. O, qeyd edib ki, bəyannamədə faşist, işğalçı zehniyyətə qarşı birlikdə mübarizə aparmaq, gələcək nəsillərimizə təmiz keçmiş və ərazi bütövlüyü pozulmamış bir ölkə qoymaq, millətimizə qarşı həyata keçirilən qırğınları törədənlərin hüquq qarşısında cavab verməsi, gerçək tarixin üzə çıxarmaq kimi vacib müddüəlar yer alıb. Həmçinin başlıca hədəfimiz və məqsədimiz odur ki, bu kimi qırğın və işğallar bir daha təkrar yaşanmasın. Bunun üçün daha güclü bir diasporanın olması olduqca zəruridir. Ona görə də bu istiqamətdə də çalışacağıq. Azərbaycan umümmmilli lideri, mərhum Heydər Əliyevin dediyi kimi "Biz bir millət, iki dövlətik" kəlamı və Azərbaycanın dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi "Bir millətin iki diasporası olmaz", həımçinin ulu öndər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları bizlər üçün bir tövsiyyədir. Biz bu üç liderin sözlərini əsas tutaraq yola çıxıb hərəkət edirik. Bütün dünya ölkələrindəki Türk diaspor təşkilatlarını da bir araya gəlməyə dəvət edirik". ASİMDER rəhbəri yaxın vaxtlarda imzalanmış bəyannamə çərçivəsində Azərbaycan və Türkiyə QHT-ləri, ictimai-siyasi təşkilatlarının növbəti görüşünün keçiriləcəyini deyib. Bildirib ki, Bakıda keçirilməsi nəzərdə tutulan görüşdə qarşıdakı hədəflər və görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq: "Önümüzdəki günlərdə reallaşacaq yeni bir toplantı ilə birlikdə mübarizənin prinsipləri, fəaliyyəti təyin olunacaq. Həmçinin ortaq mübarizə hərəkatının adı da açıqlanacaq. Toplantımızın dekabrın 29-da Bakıda keçirilməsi nəzərdə tutulur. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində baş tutacaq həmin toplantı ilə biz bütün dünya təşkilatlarını Azərbaycan təşkilatları ilə əlaqələndirməyi düşünürük. Əgər həmin zaman qədər toplantının hazırlıq məsələləri yekunlaşmasa, o halda Bakı görüşü 2016-cı il, yanvar ayınən 20-də baş tutacaq.