Hərbi əxlaqın dəyəri Hadisə

Hərbi əxlaqın dəyəri

Vicdan kəsərdən düşən yerdə abırsızlığa meydan açılır ki, belə mühitdə də qürurlu əsgər yetişə bilməz...

İbrahim MƏSİMOĞLU hərbi-yazıçı jurnalist

Hərbi əxlaq – hərbçi xarakterinin bütövlüyünü təmin edir. Bu meyarı müxtəlif baxışlara görə kim neçə qəbul etsə də ümumi nəticə bir ideya qaynağı kimi formalaşır. Əsası vətən sevgisindən ibarətdir. Hərbi əxlaqa malik insan bir an içərisində dünyanın bütün zövq və nemətlərinə yox deyərək vətən naminə torpaqlaşa bilən igiddir. Onun üçün qəhrəmanlıq təsadüfi hadisə sayıla bilməz. O, hərbçi şəxsiyyətini təşkil edən ən zəruri mənəvi və fiziki keyfiyyətlərin ali təzahür formasıdır.
Hərb elmində hərbi əxlaqı ifadə edən vahid təsnifat yaratmağa cox ehtiyac duyulmur. Əvvəla, dünya orduları müxtəlif ölkələri təmsil etdiyi kimi bir-birindən milli-mənəvi cəhətləri ilə fərqlənirlər. İkincisi, bəzən yazılmamış mənəvi qanunlar öz sözünü diktə edir. İnsanlığın yaranışından belədir: Hərbçi seçmə təbəqə sayılır. Millətin ümidgahıdır. Hərbçiyə dərin ağıl, qətiyyət, doğruçuluq, taktiki ideyalılıq, sağlam düşüncə, fədakarlıq, bütün məqamlarda fiziki və mənəvi möhkəmlik lazımdır. Uzaqgörənlik, yüksək dəmir intizamlılıq, təşkilatçılıq, əlaqələndirmə və nəzarətetmə qabiliyyəti, əxlaqi saflıq, cəsarət, məsuliyyət hissi, yüksək mədəniyyət hərbçinin ümdə məziyyətləridir. Dəqiqlik, təmkinlilik, ədalətlilik, obyektivlik hissi hərbçi komandir üçün mühüm əlamətlərdir.
Hərbi əxlaqa sahib olmağın yolları bəzən qısa, bəzən uzun olsa da son həlletmə məqamında uğur gətirir. Bütün hallarda genetik amil mühüm rol oynayır. Bu və ya digər gəncin irsən hərbçiliyə bağlılığı varsa, ixtiyarsız olaraq onun xarakteri tam mənada hərbi əxlaqa uyğunlaşacaqdır. Əfsus ki, bəzən genetik təminatın yoxluğu, yaxud müəyyən qədər çatışmazlığı ilə üz-üzə gəlirik. Ümummilli liderimiz Heydər Əliyevin ən dəyərli əsərlərindən biri olan C. Naxçıvanski adına Hərbi liseyə qəbul edilən gənclərin məktəbli dövründən etibarən hərbçi həyatına qaynayıb qarışması sözügedən problemin rəvan həll edilməsinə gözəl töhfələr verir. Açıq etiraf etməliyik ki, bu təhsil ocağında da bəzən arzu amili ilə şəxsi xarakter cəhətlərinin üst-üstə düşməməsi hallarına təsadüf edilir və son nəticədə hərbi əxlaqın əxz edilməsi prosesində müəyyən təzadlar üzə çıxır. Yəni genetik amilin gücsüzlüyü, o cümlədən şəxsi iradə zəifliyi nadir situasiyalarda aparılan güclü tərbiyə işinin bəhrəsiz sonuclanmasına səbəb olur. Ona görə belə düşünürəm ki, liseyə seçilən namizədlərin 8-ci sinifdən deyil, 5-ci sinifdən sonra qəbul edilməsi daha münasib təklif kimi dəyərləndirilə bilər. Çox ehtimal ki, yaşın qabağa çəkilməsi və tərbiyə vaxtının uzadılması hərbi əxlaq dayaqlarının daha da möhkəmləndirilməsinə tutarlı impuls yaradar.
İynənin ucu boyda ümid uğurlu bir hərbi əməliyyatın təməlini qoyur; Bir əsgərin cəsarəti on əsgərin öləziyən iradəsinə ikinci nəfəs verir; Bir taqım komandirinin qəfil düşünülmüş taktiki hiyləsi düşmənin bir taborluq qüvvəsinin dizini qırır; Bir qorxaq döyüşçü bir ordunu poza bilər; Tabeliyində olan şəxsi heyətin zəif cəhətlərinə bələd olmayan komandir əslində heç özünə də bələd deyil; Bir döyüşçünün ehtiyatsızlığı on döyüşçünün fəlakətinə yol açır; Qarşılıqlı etibar hissi hərbçi kollektivinin qələbə təminatının əsas şərtlərindən biridir.
Mənəvi amil heç vaxt döyüş hazırlığı göstəricilərinin kölgəsində qalmamalıdır. Bu amilin dəyərliliyini öz xidməti təcrübəsində, döyüşlərdə sınaqdan keçirənlər döyüş hazırılğı planının icrasında problem yarada biləcək ziddiyyətli mənəvi faktların cözümünü, necə deyərlər, atüstü həll etməyə can atırlar. Hərb tarixində hərbi əxlaqi məsələlərə dair misalların sayı-hesabı yoxdur. Heç uzağa getməyək. Qarabağ uğrunda gedən döyüşlərdə ən çətin başa gələn əməliyyat zamanı bəzən bir taqım düşmənin bir bölüyünü məğlub edə bilmişdir. Sual olunur: 30 nəfərin döyüş qüdrəti 100 nəfərin döyüş qüdrətini necə sındıra bilər? Əlbəttə, əxlaq amili öz sözünü deyir. Hər iki tərəfdə silah və texnika eyniliyi, hətta ehtiyat qüvvə mövcudluğu nəzərə alınsa da mənəvi şərait fərqli bir biçimdə özünü göstərir, güclü mənəviyyatı olan hərbi qüvvə qələbə çalır.
Hərbi kollektivi idarə edən komandir hansı mənəvi simaya malikdir? Əsgər qəlbinə toxunan kobudluğa, həlledici məqamlarda yersiz lovğalığa, qüvvələrin dəyərləndirilməsi zamanı fəqlənən heyətlərə qarşı ədalətsizliyə yol verirmi? Ümumən desək, hərbi əxlaq qaydalarına zidd hərəkətlərin baş verməsinə imkan yaradılan yerdə müvəffəqiyyət qazanmaq qeyri-mümkündür. Bu və ya digər taqım ruhən güclüdürsə, döyüş əməliyyatında birgə vuruşmanın effektinə nail ola biləcəkdir. Şəxsi heyətin ümumi ovqatında yaranmış hərbi əxlaqi məmnunluq ayrı-ayrılıqda hər bir hərbçinin əxlaqi düşüncəsini nizamlayır, onların xarakterində müntəzəm düzəliş aparır.
Hərbi əxlaq insani əxlaq sərvətlərinin tərkib hissəsidir. Hər bir hərbçi hərbi əxlaqın sadiq keşikçisi olmalıdır. Əgər kimsə bu və ya digər məsələnin həllində öz həddini aşırsa, qanunları pozursa, rəsmən qəbul edilmiş davranış normalarını alt-üst edirsə, dərhal onun qarşısı alınmalıdır. Hərbi əxlaqın müqəddəs prinsiplərinə inam heç vaxt itirilməməlidir. İntizamlılıq, öz xidməti yoldaşına münasibətdə təvazökarlıq və sadəlik, təkəbbürlüyə və lovğalığa dözməmək, ədəblilik, nəzakətlilik, təmkinlilik – bütün bunlar hərbi əxlaqın adi təzahür formalarıdır.
Hərbçi həmişə fədakardır. Hər an, hər dəqiqə ləyaqətli yaşamaq üçün nümunəvi əməllər göstərməyə can atır, öz qüvvəsinə arxalanır, kişilik meyarlarına əsaslanan hərbi peşəsini cani-dildən sevir. Kim hərbi əxlaqa sevə-sevə sahib olursa, demək, o əsl hərbçidir. Onun baxışlarına görə şərəf və ləyaqətdən kənarda şəxsiyyət yoxdur. Hərbi həyatda hər atılan addımda cavabdehlik tələb edilir və unutmaq olmaz ki, məsuliyyət yoxa çıxan andan etibarən hərbçi üçün ən ali mənəvi nemət sayılan əxlaqa nöqtə qoyulur.
Hərbçi həyatında əxlaqın əsl roluna birdən-birə düzgün qiymət verə bilməyənlərə də təsadüf edilir. Bunun səbəbini araşdırmaq üçün baş sındırmağa dəyməz. Başlıca amil təcrübəsizliklə bağlıdır. Hərbi kollektiv həyatından bixəbər adam ordunun mənəvi arqumentlərinə necə qiymət verə bilər? Əlbəttə, qiymətvermə onlar üçün asan olmur. Bununla yanaşı öz inadını yerə qoymayanlar da var. Təəssüf ki, çox vaxt hərbi əxlaqla bağlı problemlərin düzgün dərk edilməməsi hərbçinin, bəzən də cəmiyyətin həyatında ciddi səhvlərə və çətinliklərə gətirib çıxarır.
Əsgər konkret vaxt hüdudlarında hərbçi ömrü sürən bir şəxsiyyətdir. Əlbəttə, söhbət bir il altı ay öz əsgərlik borcunu ödəyən gənclərimizdən gedir. Onlar üçün bu ömür "kişilik dərsi" kimi qiymətləndirilir. Hərbi əxlaq məhdud əsgərlik ömründə tədricən əsgərlərin iç dünyasına, mənəvi aləminə təsir edir və onları yönləndirir. Həqiqətən bu sınaqdan üzüağ çıxanlar sonrakı müstəqil həyatında az büdrəyirlər. Doğma vətənin müdafiəsi ilə bağlı onların öz arzularına sadiq olması mühüm şərtdir. Hərbiləşən ömür hərbi əxlaq hesabına qol-qanad açır.
Ordu mühitinə uyğunlaşma dövrünün ilk cağlarında gənc əsgərlərin fərdi mənəvi aləmində yaranan daha təmiz, parlaq və qərəzsiz fikirləri, hiss və təsəvvürləri çox maraq doğurur. Ulu babalarımızın toplamış olduğu mənəvi xəzinələrə qovuşmaq istəyi onların yoluna işıq salır.
Ali təhsilli əsgər Talıb Bağırlı hərbi əxlaq prinsiplərini yüksək qiymətləndirir: " Əsgərliyimin doqquzuncu ayını keçiririm. Orduda ilk gündən etibarən aldığım hərbi əxlaqi tərbiyə məni həm mənəvi, həm də fiziki cəhətdən çox möhkəmləndirmişdir. Kollektivimizdə vətənpərvərlik hissləri güclüdür. Yaxşı hal odur ki, bu gözəl hisslər gurultulu sözlərdə yox, hər birimizin qəlbində baş qaldırır. Hərbi intizamın dəmir xarakteri canımıza hopmuşdur. Xeyli hərbi vərdişlərə sahib olmuşuq. Məşğələdən-məşğələyə döyüş sənəti ilə bağlı biliklərimiz artır. Bəzən səhvlərə yol veririk. Lakin komandirlərimizin köməyi ilə hərbi əxlaq çərçivəsindən kənara çıxmırıq."
Əsgərliyi mərdlik sınağı adlandıran əsgər Bəxtiyar Hüseynli hərbi əxlaq barədə fikirlərini belə açıqladı: " Əsgərlik əsl mərdlik sınağıdır. Biz "hərbi əxlaqın əlifbasını" öyrənirik. Bu yolla ordu güzəranında irəli sürülən mənəvi tələblər bizim şəxsi mənəvi sərvətimizə çevrilir. Bizdən ötrü hər təlim tapşırığı bir mərdlik sınağıdır. Bu sınaqlar mənəvi sərvətimizi daha da zənginləşdirir. Müntəzəm və planlı şəkildə komandirlərimiz tərəfindən öyrədilən "qalib gəlmək dərsi" bizi həm də müstəqil həyata hazırlayır. Nahaq yerə demirlər ki, əsgərlik görməyən gənclərdən yaxşı ailə başçısı olmur. Açığı, bu fikri mən o qədər əsaslı saymırdım. Əsgər həyatı, aldığım hərbi əxlaq dərsləri bu həqiqəti mənə başa saldı."
Əsgərlikdə tənbəlliyin daşını atan əsgər Həmid Kərimovun fikirləri də çox düşündürücüdür: " Açıq demək istəyirəm ki, əsgərliyimin ilk günlərindən çox çətinlik çəkmişəm. Səhər tezdən yuxudan durmaq, sırada yerimək, hərbi geyim qaydalarına əməl etmək, təlimlərdə tər axıtmaq, çoxlu idman etmək, öz istədiyini yox, yalnız əsgər yeməyini yemək... Daha nəyi deyim?! Sözün açığı, bu hərbi rejimə tədricən alışdım. Çox şükür, indi nəinki çətinlik çəkmirəm, həm də əsgər həyatının standartları xoşuma gəlir. Mənimsədiyim hərbi əxlaq mənə xeyli dost qazandırmışdır. Nəhayət, anlamışam ki, hərbi əxlaq bizi əsl kişi kimi yetişməyimizə kömək edir. Belə düşünürəm ki, kim əsgərliyini yaxşı keçirərsə, sonrakı həyatında az uduzar, səhvə yol verməz."
Öz qəbahətlərini görə bilməyən əsgərlər haqqında nə deyə bilərik? Əfsus ki, belələri var. Onların arasında bəziləri ağır anlarda öz qəlbinin dərinliklərinə boylanır və özlərindən baş açmağa çalışırlar. Onlar hərbi əxlaq şkalasının sonuncu yerindəmi dururlar? Belə düşünmək haqlı sayıla bilərmi? Düyünlü şəxsi xarakterlərin nizamlanması bəzən ləngiyir, amma əksər hallarda son nəticə müsbət alınır.
Mən maskalı hərbi əxlaqın əleyhinəyəm. Riyakarlıq pərdəsi nə qədər ustalıqla üzdən çəkilsə də əməllərin mahiyyətində hərbi mənəviyyata zidd fərdi xüsusiyyətlərin müəyyən aşkar məqamlarında çılpaqlaşır. Xüsusilə bu yolu tutan komandirlərin dırnaqarası əxlaqı gec-tez gözdən düşür, ona inam azalır. Eqoist hərəkətlərə və qeyri-sağlam fərdiyyətçiliyə qətiyyən yol vermək olmaz. Hər bir komandir və ya əsgər hərbi tərbiyənin subyekti kimi mənəvi inkişaf prosesini öz şəxsi təşəbbüskarlığı hesabına intensivləşdirməli və bu məsələnin əngəlsiz həllinə çalışmalıdır.
Hərbi əxlaqın təməlində nə durur? Bu sualın cavabını öz şəxsi hərbçi həyatında keşməkeşli Əfqanıstan döyüşlərindən başlayaraq doğma Dağlıq Qarabağ döyüşlərinə qədər səngər şəraitində zəngin təcrübə dolu "tankçılıq akademiyası"nı mərdanə başa vuran polkovnik-leytenant Xəyyam Həsənov belə açıqlayır:
- Hərbi əxlaqın təməlində öncə vətən sevgisi, sonra ağıl, mənəvi təmizlik, hərbi vərdişlər, istedad, cəsarət və digər zəruri iradi keyfiyyətlər durur. Bu dəyər və xüsusiyyətlər mənəviyyat bütövlüyünü hasilə gətirir. Kiçik bir boşluq lazımi nəticələrin əldə edilməsinə əngəl yaradır. İlk zabit rütbəsi aldıqdan sonra Sovet Qoşunları tərkibində taqım komandiri vəzifəsində hərbi xidmətə başladığım gündən etibarən bu vaxta qədər həyata keçirdiyim bütün döyüş əməliyyatlarında, qarşıya qoyulmuş xidməti vəzifə və tapşırıqların icrası zamanı zəruri hərbi məsələlərlə yanaşı mənəvi amilə xüsusi diqqət yetirdiyimə görə daim uğur qazanmışam. Hər bir döyüşçü öz doğma şəxsi heyətinin müvəffəqiyyəti üçün istənilən çətinliyə qarşı dözümlü olmalı, cəbhədaşlarının təhlükəsiz təminatı naminə hər cür fədakarlıq nümunəsi göstərməyə daxilən bir ehtiyac duymalıdır. Komandir öz ədalətli idarəetmə üslubu ilə əsgər qəlbini fəth etməlidir. Unutmaq olmaz ki, əsgər sadəcə vətənin əli silah tutan müdafiəçisi deyil, o, böyük mənəvi sima sayılır. Döyüşçü əsgərin şəxsiyyətinə toxunan acı bir söz ordunun mübarizlik, əzmkarlıq, cəngavərlik mahiyyətinə toxuna bilər. Döyüşçünün xatirə və yaddaşında öz komandiri xoşagəlməz cılız kölgələrə dönərsə, onun düşmən üzərində qələbə çalacağına bel bağlamaq olmaz. Vicdansız komandirin əmrini yerinə yetirə biləcək vicdanlı əsgəri təsəvvürə gətirmək də çətindir. Axı, vicdan kəsərdən düşən yerdə abırsızlığa meydan açılır ki, belə mühitdə də qürurlu əsgər yetişə bilməz...
Hərbi əxlaqın dəyəri qədər çox dəyərli fikirlərdir. Əsl hərbçilər bu mənəvi həqiqətləri dərindən dərk edirlər. Gəlin dərk etməyənlərə birlikdə yol açaq...