Azərbaycanın ilk şəhidləri Hadisə

Azərbaycanın ilk şəhidləri

Arzu Şirinova


Əli Hacıyev və Bəxtiyar Quliyev-Azərbaycanın ilk şəhidləri. Hər ikisi 1988-ci ilin fevralında ermənilərin torpaq iddiasına qarşı Qarqar çayı boyunca Əsgərana istiqamətlənən yürüşdə düşmənin açdığı atəşdən şəhid oldular. Dinc yürüşdə məqsəd ermənilərin iddialarına etiraz etmək və onlarla görüşüb sadəcə söhbət aparmaq, iddialarından əl çəkmələrini istəmək idi...
...Əsirlər boyu belə olub-biz yatmışıq, düşmənimiz erməni isə mərhələ-mərhələ planlarını gerçəkləşdirmək üçün iş başında olublar. Ötən əsrin sonunda planlarının növbəti mərhələsinə başladıqları kimi...1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzidati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına müraciət qəbul olundu. Həmin vaxt ermənilər Xankəndidə Vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qəbul olunan qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Təbii ki, ermənilərin tələbinə yox demək əvəzinə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda bu məsələnin müzakirəsi keçirildi. İllər boyu silahlanan ermənilər müzakirələrin aparılmasından ruhlanaraq dinc nümayişə çıxanlara atəş açdılar. Şəhid verən azərbaycanlılar ermənilərə yerlərini göstərmək istəyəndə isə Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova onların qarşısına keçib başındakı kəlağayını ayaqlar altına atdı. Mənasız, heç nəyə yaramayan, əksinə çox vaxt özümüzə qarşı çevrilən bu kəlağayı məsələsi ilə qolları çırmalanmış kişilər ayaq saxladılar, qolları boşaldı və geri çəkildilər. Həmin vaxt Xuraman xanım öz aləmində hesab elədi ki, böyük bir qan-qadanın qarşısını ala bildi. Bu qan-qada həmin gün yatırılsa da, bundan zərər çəkən Azərbaycan oldu...
Xuraman Abbasova kəlağayısını atmaq əvəzinə yürüşə çıxanlarla çiyin-çiyinə addımlamalı, erməninin yerində oturması üçün onlara dayaq olmalı idi. Ermənilərin vaxtında burunları ovulsaydı 20 faiz torpaqlarımız işğala məruz qalmazdı, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz yurd-yuvalarından qovulmazdılar, Xocalı soyqırımını yaşamazdıq, qız-gəlinlərimiz erməni təcavüzünün qurbanı olmazdılar, 28 ildir məğlub xalq damğasını belimizdə daşımazdıq və s. Düzdür bütün bunlar tək Xuraman Abbasova kimilərinin səhvləri və günahları deyildi. Xuraman kimilər böyük oyunun kiçik və buyruq qulu olan peşkaları idi. Ən böyük günahkar o vaxt Azərbaycana rəhbərlik edən müti qullar idi ki, məhz onların qətiyətsizliyi, qorxaqlığı və vəzifə hərisliyi Azərbaycana bəlalar yaşatdı. Bu gün isə həmin bəlalardan qurtarmaq istəsək də, beynəlxalq güc sahibləri bütün mənalarda bizə mane olurlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri timsalında bunu görmək yetərlidir...