“Tariximizin ağrılı səhifələrini xalqımız heç zaman unutmayacaq” Gündəm

“Tariximizin ağrılı səhifələrini xalqımız heç zaman unutmayacaq”

“1918-ci ilin mart hadisələri uzun müddət davam etdi. Rusiya imperiyasının dağılması milli ucqarlarda hakimiyyətsizliyə, imperiya qalıqlarının nə yolla olur olsun həmin əraziləri yeni yaranan Rusiyanın təsiri altında saxlamağa yönəlmişdi. Azərbaycanda isə erməni millətçi dairələri əvvəldən yaratdıqları silahlı dəstələrlə yerli əhalini Azərbaycan torpağından çıxarmağa, burada böyük Ermənistan yaratmağa çalışırdılar. Onların əvvəldən hazırlığı, eyni zamanda, xaricdən böyük dəstək yüzlərlə Azərbaycan kəndinin yerlə yeksan olunmasına, onminlərlə insanın öldürülməsinə səbəb oldu”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat qeyd edib ki, o zaman dünya bu qırğına göz yumdu, ermənilərin vəhşiliyini onların milli azadlıq hərəkatı kimi qəbul etməyə cəhd etdi: “Amma Azərbaycan xalqı bacardığı qədər buna müqavimət göstərə bildi. Bunun nəticəsidir ki, 1918-ci ilin 28 Mayında Azərbaycan müstəqil dövlət elan edildi və 23 ay şərəfli bir tarix yaşadı. Düzdür, sonradan bizim müstəqilliyimiz yenidən əlimizdən alındı, amma Azərbaycan xalqı erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayəti, müstəqilliyimizi zorla əlimizdən almaq istəyənlərin xislətini heç də unutmadı”.

Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi, 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra sözün əsl mənasında müstəqil olmağımız Azərbaycan xalqının müstəqilliyə layiq olduğunu göstərir: “Biz bu müstəqilliyi ərazi bütövlüyümüzlə, suverenliyimizin qorunması ilə, dünya birliyində layiqli bir yer tutmağımız ilə bir daha təsdiq etdik. Tariximizin o ağrılı səhifələrini isə xalqımız heç zaman unutmayacaq. İndiki gənclik də tariximizi öyrənir, bu günkü dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizi qoruyur və keşiyində durur”.

Röya İsrafilova