“31 Mart soyqırımı imperializmin ikili standartlarının məhsuludur” Gündəm

“31 Mart soyqırımı imperializmin ikili standartlarının məhsuludur”

“31 Mart ermənilər və havadarları tərəfindən mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə 50 mindən çox mülki insanın məhz azərbaycanlı olduğuna görə qətlə yetirildiyi, yüz minlərlə soydaşımızın məhrumiyyətlərə məruz qaldığı soyqırım cinayətlərinin törədilməsindən 108 il ötür. Son illər Qubada və Respublikanın digər bölgələrində aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar göstərir ki, məhv edilərək kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər və adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu insanlar məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər ki, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə onların öldürülməsi soyqırım hesab olunur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

B.Məhərrəmovun sözlərinə görə, baxmayaraq ki, bu cinayətlərə hüquqi qiymətin verilməsi dünya birliyi üçün bəşəri öhdəlik olub, lakin artıq 108 ildir ki, həmin cinayətlərə göz yuman, erməni vəhşiliyini ört-basdır edənlər sayəsində formalaşan cəzasızlıq mühiti sonrakı dövrdə də erməni terrorizminin yeni cinayətlərinə rəvac verib: “Təəssüf ki, bu soyqırıma 80 il müddətində Azərbaycanın özündə də adekvat hüquqi qiymət verilməyib. Əksinə, faciə qurbanlarının qanı qurumamış, Azərbaycan Xalq Cümhuriyyəti yaranar-yaranmaz heç bir tarixi, siyasi və hüquqi zərurət olmadan İrəvanın Ermənistana güzəştə gedilməsi fonunda ermənilərə əlavə üstünlük təmin edilmiş və bununla da yeni cinayətlərə yol açılmışdır. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti demək olar ki, erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı bütün bölgələrimizi əhatə etmiş cinayətlərini təhqiq etmək üçün 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıb və bir sıra tədbirlər görüb. Lakin sonrakı dövrdə AXC Parlamentinin qoyqırım caniləri barəsində amnistiya qərarı hazırlaması araşdırmaların effektini heçə endirsə də, arxivlərdə qalan istintaq materialları sonrakı dövr üçün qiymətli sübuta çevrildi”.

Deputat qeyd edib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Sovetlərin "xalqlar dostluğu" ideologiyası fonunda isə erməni cinayətlərinin təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi, təbii ki, mümkünsüz idi: “Lakin təəssüf ki, ötən əsrin 80-ci illərinin sonunda bütün SSRİ məkanında, hətta Rusiyanın özündə başlanan milli azadlıq hərəkatı fonunda Azərbaycanda xalq hərəkatının milli məfkurə tərəfindən idarə edilməməsi, habelə müstəqilliyin ilk illərində ideoloji işin antimilli xarakter daşıması əsrin birinci rübündə törədilmiş erməni cinayətlərinə hüquqi-siyasi qiymət verilməsini ləngitdi. Xüsusən AXC-Müsavat iqtidarının siyasi ambissiyalar və ucuz millətçilik ideyaları naminə bir çox tarixi reallıqları saxtalaşdırması Azərbaycan xalqına ən azı elə erməni cinayətləri qədər zərbə vurdu. 1918-ci ilin mart-aprel soyqırım cinayətləri barədə əsl həqiqətlər ilk dəfə yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində informasiya blokadasının dağıdılması ilə dünya ictimai fikrinə çatdırılmağa başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib”.

O həmçinin bildirib ki, eyni siyasi kursu uğurla yeni mərhələyə daşıyan Prezident İlham Əliyev isə Vətən müharibəsi və antiterror tədbirlərində Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı kimi özünün müstəsna qələbəsi ilə, eyni zamanda həm də 1918-ci il hadisələrinin qisasını alaraq reallaşmaqda olan mifik "böyük Ermənistan" ideyasını puça çevirdi: “Habelə, məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində ermənilərin terrorçu başılarının əlləri qandallı Azərbaycan ədalət mühakiməsinə təhvil verilməsi, separatizmin kökünün qazınması ilə bir əsrdən artıq davam etmiş vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksütyun ideologiyasına bərpaolunmaz zərbə vurulmuşdur. Bu gün həmin hadisələrdən 108 il sonra təhlil edərək əminliklə demək olar ki, 31 Mart soyqırımı həm də erməniləri elə o zamandan alətə çevirmiş imperializmin ikili standartlarının məhsuludur. Təsəvvür edin, o dövrkü ABŞ Prezidenti Vudro Vilson dinc mülki azərbaycanlılara qarşı qırğınların törədilməsi, şəhər və kəndlərin, milli irsin yerlə-yeksan edilməsi prosesinə “böyük Ermənistan” qurmaq üçün fürsət kimi baxırdı. Lakin 108 il öncədən fərqli olaraq bu gün hər kəs yaxşı başa düşür ki, artıq Azərbaycanla hesablaşmaq zərurətdir və bu bölgədə Azərbaycanın milli maraqlarına hədəflənən istənilən təhdid fiaskoya məhkumdur”.

Röya İsrafilova