
“İslamabadda Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında baş tutan dördtərəfli görüş Orta Şərqdə gərginliyin azaldılması istiqamətində diqqətçəkən diplomatik təşəbbüsdür. Bu təşəbbüs xüsusilə İranla bağlı artan gərginlik fonunda region dövlətləri arasında koordinasiyalı təhlükəsizlik və diplomatiya strukturunun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova bildirib ki, görüşün əsas məqsədi yalnız böhrana səbəb olan mənbələrinin neytrallaşdırılması deyil, eləcə də regional sülh arxitekturasının yenidən bərpasıdır: “2024–2025-ci illər ərzində Qırmızı dənizdə, Fars körfəzində və Qəzzada formalaşan siyasi dinamika göstərdi ki, Orta Şərqin sabitliyi qlobal enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və beynəlxalq hüququn gələcək effektivliyi üçün birbaşa strateji amildir. Digər tərəfdən isə regionun əsas gücləri hesab olunan Türkiyə, Misir və Səudiyyə Ərəbistanı son illərdə müxtəlif taktiki fərqlərə baxmayaraq strateji səviyyədə qarşılıqlı balans siyasətinə üstünlük verirlər. Türkiyə funksional liderlik konsepsiyası çərçivəsində regiondakı gərginliklərin dialoq yolu ilə azaldılmasını dəstəkləyir. Məhz bu baxımdan yanaşdıqda Ankaranın məqsədi həm öz iqtisadi və enerji təhlükəsizliyi ilə bağlı maraqlarını qorumaq, həm də regionun siyasi müstəqilliyini xarici güclərin hegemon təzyiqindən müdafiə etməkdir”.
Politoloqun bildirdiyinə görə, Misir, eyni zamanda, ərəb dünyasının siyasi mərkəzlərindən biri kimi çıxış edərək rəsmi Tehranla münasibətlərin nəzarətli şəkildə normallaşmasının tərəfdarıdır: “Belə ki, Misir üçün prioritet İranın təsir imkanlarının regional proseslərdə, xüsusilə də Yəmən, Suriya və Livandakı siyasi proseslər vasitəsilə qeyri-sabitlik yarada biləcək səviyyəyə çatmamasını təmin etməkdir. Səudiyyə Ərəbistanı isə Çin vasitəçiliyi ilə 2023-cü ildə başlayan Tehran-Riyad yaxınlaşmasını real blok siyasətindən çox qarşılıqlı təhlükəsizlik zəmanəti kimi dəyərləndirir. Ona görə də İslamabaddakı danışıqlar rəsmi Riyad üçün də İranla əməkdaşlığın hansı institusional çərçivədə davam etdiriləcəyini müəyyənləşdirmək imkanı yarada bilər. Pakistan isə ev sahibi kimi həm İslam dünyasında nüfuzunu artırmağa, həm də Qərb-Şərq zolağında tarazlaşdırıcı rolunu gücləndirməyə çalışır. İslamabadın bu təşəbbüsdə vasitəçi mövqeyindən çıxış etməsi yalnız diplomatik deyil, eləcə də iqtisadi baxımdan strateji imkanlar yaradır”.
O əlavə edib ki, əgər danışıqlar Tehranla ər-Riyad, Ankara və Qahirə arasında davamlı təhlükəsizlik formatının əsasını qoyarsa, Orta Şərqdə qarşılıqlı asılılıq və enerji bazarlarında sabitlik bərpa oluna bilər: “Nəticə etibarilə, İslamabadda keçirilən dördtərəfli danışıqlar bir-birinə rəqib kimi görünən, lakin eyni zamanda, geosiyasi sabitlikdə ortaq maraqları paylaşan İslam dünyası dövlətləri üçün konstruktiv diplomatiyanın bərpasına doğru mühüm addımdır. Bu formatın uğuru yalnız İran ətrafında yaranan böhranın azalması deyil, həmçinin regional çoxqütblü təhlükəsizlik mexanizmi və iqtisadi əməkdaşlıq modelinin təşəkkülü ola bilər”.
Röya İsrafilova