Xocalıya ədalət Hadisə

Xocalıya ədalət

Xocalı, sadəcə anım yeri deyil, insanlığın APOKALİPSİS yaşadığı məkandır.
Xocalıda təkcə günahsız insanlar qətlə yetirilməyib, bütün bəşəriyyət, onun yaratdığı dəyərlər, humanizm prinsipləri… gülləbaran edilib.
Xocalı asi cəlladların edam kötüyüdür…
Xocalıda Tanrıya və onun ədalətinə güllə atılıb …
…Hər dəfə Xocalıda baş verənləri xatırlayanda qırıq-qırıq cümlələr keçir beynimdən. Xocalı soyqırımının bütün cizgilərini bir yerə toplayıb o müdhiş günün tam obrazını yarada bilmirəm.
Xocalı soyqırımı heç vaxt bir yazıya, bir əsərə, bir filmə sığışmayacaq. Çünki qətlə yetirilən, əsir götürülən, itkin düşən insanların sayı və taleyi qədər, bəlkə ondan daha çox süjet xətti var Xocalı soyqırımının…
Xocalı soyqırımı statistikaya çevrilə bilməz və çevrilməməlidir də…
Bəşəriyyət insanlığın qətlə yetirildiyi bu kiçik məkanda baş verənlərə orada olan və orada ölən insanların gözü ilə baxa bildiyi zaman bu faciənin miqyasını dərk edə biləcək.
XOCALIYA ƏDALƏT – İnsanlığın özünə qayıdışıdır!
XOCALIYA ƏDALƏT – Didərgin ruhların rahatlıq tapmasıdır!
XOCALIYA ƏDALƏT – İlahi Ədalətin hələ də qanayan yaralarının sağalmasıdır!
XOCALIYA ƏDALƏT – Xeyirin şər üzərində qələbəsidir!


Elçin Mirzəbəyli