İşgəncə barədə məlumat araşdırılıb Hadisə

İşgəncə barədə məlumat araşdırılıb

Ombudsman Aparatının əməkdaşları işgəncə verildiyi bildirilən şəxslə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəmli məhkumların saxlandığı 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində olublar.
Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib. Məlumata görə, mətbuatda Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində (vərəmli məhkumlar üçün) saxlanılan Nəbiyev Lətif Murad oğlunun işgəncələrə məruz qalması, cərimə təcridxanasına salınaraq ayağına qaynar çaydan bağlanması və ona müəmmalı dərmanlar qəbul etdirilməsi barədə yayılan məlumatlardan sonra məsələ ilə bağlı Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 3 saylı CÇM-də araşdırma aparıblar.
Cinayət Məcəlləsinin 29, 120.1, 29, 120.2.4, 29, 120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinən və hazırda Bakı Ağır Cinayətlərə Məhkəməsinin hesabında olan Nəbiyev Lətif Murad oğlu ilə söhbət zamanı o, müəssisə əməkdaşları və rəhbərliyindən şikayətinin olmadığını bildirib, mətbuatda yer alan məlumatın həqiqətə uyğun olmadığını söyləyib.
Eyni zamanda o, xəstə olmamasına baxmayaraq uzun müddət İxtisaslaşmış müalicə müəssisəsində saxlanmasından, məhkəmə prosesinin uzanmasından şikayət edib və istintaq təcridxanasına köçürülməsini xahiş edib.