Azərbaycan və Tatarıstan tarixi birgə araşdırılacaq Hadisə

Azərbaycan və Tatarıstan tarixi birgə araşdırılacaq

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun "Azərbaycan-Rusiya münasibətləri tarixi" şöbəsinin fəaliyyəti çərçivəsində "Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri" mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa Azərbaycan-Tatarıstan elmi əlaqələrinə həsr olunub.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, Azərbaycanın tatar xalqı ilə ortaq taleyi, tarixi, mədəniyyəti, dili, dini və mentaliteti var: "Biz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspralı, Yusuf Akçura, Əlimərdan bəy Topçubaşov, Bəkir Çobanzadə, Əziz (Qazis) Qubaydullin, Nəriman Nərimanov və onlarla digər böyük tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Tatar xalqının böyük oğlu Əziz (Qazis) Qubaydullin Azərbaycan tarix elminin inkişafında çox böyük rol oynayıb və Azərbaycanda repressiya qurbanı olub. Bu böyük şəxsiyyətə böyük monoqrafiya da həsr etmişik. Hər iki xalq xarici hərbi müdaxilələrin, təqiblərin, repressiyaların, irqi ayrı-seçkiliyin və soyqırımların ağır nəticələrini yaşayıb".
Y. Mahmudov bu gün 7 cildlik "Tatarıstan tarixi" kitabının təqdimatının keçirilməsinin də tarixi hadisə olduğunu söyləyib. O qeyd edib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra parçalanan Azərbaycanın bir hissəsinin tarixi Rusiya ilə bağlı olub: "Biz bu tarixi dərindən araşdırmaq istəyirik. Həm bizə, həm də tatar qardaşlarımıza saxta tarix təqdim olunur. Tatarıstan tarixi Volqa-Kama Bulqarıstanın tarixidir. Bizim böyük şəxsiyyətlərimiz birgə fəaliyyət göstəriblər. Biz ortaq tarixə malikik və ortaq tariximizi araşdırmalıyıq. Həm bizim, həm tatarların tarixi saxtalaşdırılıb. Biz tarix yaradan xalqıq və tariximizi də özümüz yazmalıyıq. Bizlər İsmayıl bəy Qaspralının məşhur "Dildə birlik, fikirdə birlik, əməldə birlik" çağırışına əsaslanmalıyıq".
Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov "Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun əsas elmi istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib: "Ortaq tariximiz, ortaq dilimiz, dinimiz var. Stalin Qızıl Ordanın, tatar taRixinin araşdırılmasına qadağa qoymuşdu, biz bunu da yaşamışıq. Biz tariximizi birgə araşdıracağıq".
Daha sonra tədbirdə digər çıxışlar, məruzələr dinlənilib və Tatarıstan Elmlər Akademiyası Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olub.