Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu” Hadisə

Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”

"Xalq Cəbhəsi" qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərindən müəyyən parçaları ixtisarla təqdim edirik.

V yazı

İllərdən bəri anbara yığılan neft əvəzsiz olaraq Rusiyaya aparıldı. Sarı bal, şirniyyat, çay, şəkər, qumaş – nə varsa, vaqonlara, gəmilərə yüklənərək Moskvaya götürüldü. Xalqın həqiqi sərvəti, varı-yoxu qəsb edildi, "pul" – deyə bolşevik kağızları hər tərəfi sardı. Çörək istəyən ac xalqa top və çaxmaqlı tüfəng göstərdilər.
Bir-iki "müsəlman" komissarı pərdəsi altında bütün idarə işləri rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti güya ki, Azərbaycan kommunist partiyası idarə edirdi. Halbuki bu partiyanın söykəndiyi əksəriyyətlə düşmən və xristian işçidən təşkil olunan Bakı Sovetindən ibarət idi. İmzanı Nərimanlar, Əliheydərlər atırdısa da, hökmləri Mikoyanlar, Çorayevlər və Solovyovlar yazırdı.
Zahirən qırmızı Azərbaycanın istiqlalı tanınmışsa da: nə hüdud bəlli idi, nə də Rusiyalı ilə Azərbaycanlının hüququ bir, Azərbaycan ordusu 11-ci rus komandanlığına tabe, dənizçisi rus admiralı Roskolnikovun əmrində. Adı müstəqil Azərbaycan – özü Rusiyanın federativ bir hissəsi! Daha doğrusu, muxtar bir vilayəti! Millətsevər Azərbaycan Türkçülərinin vaxtiylə kimsəyə sözlə inandıra bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər. Xalq həyəcana gəldi. Aldanmış adam qızğınlığı ilə dil və dodağını dişlədi: fəqət iş-işdən keçmiş, ox yayından çıxmışdı. Beləliklə, səbir kasası daşdı. Gəncə, Tərtər, Qarabağ və Zaqatala üsyanları meydana gəldi. Qızıl bolşeviklər Nikolay generalı Levandovskinin mərifətiylə üsyanı qanlı bir şəkildə yatırtdılar. Çoluğa-cocuğa baxılmadı, qarıya-qocaya acınmadı, Azərbaycanlı türk qanı sel kimi axdı. Onu ermənidən qurtaracaq deyə gözlədiyi qüvvə bu təmiz ürəkli xalqı öz qanına buladı.
Bakının həyəcanını toplar, çaxmaqlı tüfənglər, əjdahavari əmrlər, yezidvari tədbirlərlə yatırdılar. Həbslər, qeybə çıxmalar, edamlar başladı, Firəngis tutulub qapalı bir evdə həbs edildiyi kimi, millətpərvərlər də həbsə alındı. Müsavat klubları bağladılıb bütün mallarına əl uzandı və tərəfdarları qanundan kənar elan olundu. Fəqət Türk taxt-tacının qiyafəsinə girən bu qanlı cəllad yalnız özünə qarşı mübarizə edən türkçüləri deyil, ona aldanan Türkləri də qəhr etdi. Hazır qüvvə - Yardım alayı dağıldı. Türkiyəli zabitlər qismən həbs olundu, qismən hüdud kənarına çıxarıldı.

HAQSIZ QAN YERDƏ QALMAZ
1 – Məfkurənin qüvvəti, Gavə (Zöhhakın zülmünə qarşı xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi), Ergenekon, öksüz fikir, 2 – Fəlakətin dərsi, 3 – Son.
Haqsız qan yerdə qalmaz. Necə ki, Siyavuş qanı qalmadı...İstiqlal nəşəsi fədailər yetişdirir – necə ki, milli Türkiyə yetişdi. … Qonuşma və düşüncə susdurulmaz - necə ki, inkvizisiya hüzuruna çıxarılan Qaliley susmadı. Haqq, əsla qeyb olmaz – necə ki, Musa Firondan qaçmağa müvəffəq oldu. Azərbaycan istiqlal və cümhuriyyət fikrinin keçici bolşevik istilasının yaxıcı, yıxıcı qüvvələrilə qəhr olunacağını zənn edirsiniz.
Bakının hərarətli torpağında kök salmış müqəddəs atəşi Quzğun dənizin (Xəzər dənizi) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə də bolşevik cəlladları o dərəcədə acizdilər. Bir qüzey rüzgarının zərbəsiylə dalgalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın (Bakı limanındakı buxtanın adı Bayıldır. Su içərisindən dənizə çıxan qaz, dəniz durğun olduğu zaman atəş tutuntusıyla alovlanıb mavi bir işıqla yanır – M.Ə.R.).
…İran Zöhhak bəlasına uğramışdı. Öz hakimiyyət və istiqlalının qədrini bilməyən xalq cənabi-haqqın qəzəbinə gəlmişdi. Zöhhak adından bir hökmdar İranı cana doydurmuşdu. Bu hökmdar ilanlara tapınırdı. Gündə iki uşaq beynini o pis heyvanlara yedirirdi. Zöhhakın zülmündən bezən xalqın fəryadı göylərə çıxmışdı. Xalqın şərəfi, namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı. Şəhərlinin varı, kəndlinin mal-davarı əlindən alınırdı. Burada Cəmşid dinində olan nə qədər iranlı varsa qanundan kənar elan edilmişdi. Yaxalananların özləri həbs olunur, mallarına əl uzanır və uşaqları ilana yedirilirdi. Xalq qorxudan Zöhhak dinini görünüşündə qəbul etmişdisə də, təriqətlərinə mənsub olan adamlarla gizlicə toplanıb ibadətlərini yapırdılar.
Fəqət bütün bu zülm və təhlükələr qarşısında iranlıların tək bir ümidi vardı. O ümidlə yaşayır, imanlarını gələcəkdə doğacaq oparlaq günəşin hərarəti ilə isidirdilərdi. Bu ümid Firidun idi. Cəmşidin anasız oğlu dağlara çəkilmişdi. Zöhhakın sui-qəsdindən qorunurdu. Firidun, hər nə qədər dağlarda xalqdan uzaq və gizli bir yerdə qalırdısa da, xalqın qəlbi onun eşqi ilə çırpınır, gözünə daima onun şəkli görünürdü. Onlar görünüşdə Zöhhakın ilanlarına səcdə qılır, ürəklərində isə Firidunun meydana çıxması üçün dua edirdilər.
Vaxt gəldi, dəmirçi Gavənin bayrağını bir ağac başına taxması kifayət idi ki, bütün xalq onun arxasınca gəlsin. Firidunu dağlarda arayıb tapsın və götürüb öz taxtına oturtsun! Azərbaycanlılar türkdürlər: türklər də Ergenekon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışdılarsa da bir tərəfə çıxmadılar. Geniş dünyaya həsrət qaldılar. Fəqət yenə bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar.
Əsrimizin Siyavuşu ölmüşsə də, onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli güşələrində qaçaq, qaçqın, köməksiz bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır.
Əlbəttə, Azərbaycan istiqlal fikri, müstəqil Azərbaycan Cümhuriyyətinin işğal və istilasına görə bu gün öksüzdür (anasızdır). Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi? …Dünyanın ən böyük hökümətini meydana gətirən Çingiz, Turanın Adsız bir öksüzü deyildirmi?
Yüz il əvvəl çeşidli xanlıqlar şəklində hakimiyyətimizi qeyb etdiyimiz zaman bugünkü Azərbaycan birliyinə malik deyildik. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı.
Yazıqlar olsun ki, biz daha səpələnmiş etiqadımızla, "Bir kərə yüksələn bayraq bir daha enməz!" - idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. İntriqaçı və zalım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir... təslim olduq! Fəqət bu "təslim" bizi qurtardımı? Canımız, malımız, namusumuz qurtuldumu?
- Xeyr, ilk zərbədə yerlə bir olanlar, yenə təslim fikrinin fədailəri oldular.
Fəqət bütün bu fəlakətlərə rəğmən bir şey qazanıldı. Bir təcrübə meydana çıxdı. Elə bir təcrübə ki, intiqamçı gözləri daima bir "dəmirçi" arayır, elə bir xalq ki, hər ağacın ucunda bir "Bayraq" görmək istəyir.
… Bolşeviklərin bütün sərvət və zənginliyi dağıdaraq hər kəsi, bir loxma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə bolşevik etdiyini görüncə, Azərbaycan xalqı həmin Dəccalın gəldiyini görür, bundan sonra tab edib Mehdinin gəlməsini gözləyir.
Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir. Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanar bir ürəklə:
- Ah, bu Mehdi nə vaxt gələcək? – deyə soruşur.
Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki:
- Azərbaycan bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün!
Əvət, o gün, o böyük gün! Fəqət indilik biz ümidimizi qırmayaq, o bayrağı qaldıracaq başından keçən dəmirçiləri hazırlayaq. Bunun üçün hər şeydən əvvəl: "Yalan söyləməyin ruhumuza verdiyi qorxunu: "İş düzəldən yalan, fitnə çıxaracaq doğrudan daha yaxşıdır" – fəlsəfə əxlaqının xarakterimizə verdiyi dözümü, ölüm qorxusunun iradəmizə verdiyi zəifliyi uzaqlaşdırıb bədbəxt olmayaq!
Qalileyə "Ah nə edim ki, bu lənətlənmiş dünya fırlanır!" – iddiasını başı üzərində duran cəlladlardan qorxmayaraq söylədən, Sokrata, imkanı varkən cismani ölümü mənəvi ölümə tərcihlə acı ölüm zəhərini içirdən: Həzrəti Hüseynə bütün dost və qoruyucularını itirdiyi halda təslim olmamaq cəsarətini verən: Həsən Sabbahın fədailərinə dağ başından atılmaq əfkəsini verən və nəhayət, Anadolu hərbinin o şanlı qəhrəmanı Fəthi bəyə komandanlıq əmrini bir neçə dəqiqə yubatdığı üçün, qalibkən intihar etmək igidliyini göstərən bir vəzifə hissi ilə silahlanaq. Bilək ki, çoxdan öldürüldüyü zənn olunan millətlərin birər-birər dirildiyi, bu böyük məhşərdə ölmək istəməyən millətləri diri-diri gömmək qətiyyən mümkün deyil.
Bunun ən böyük misalı qardaşımız Türkiyədir. Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: "Bir kərə yüksələn bayraq bir daha enməz!"
Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu, onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "İrəli, irəli Azərbaycan əsgəri" – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək. Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək.
- Ya qazi və ya şəhid olacaqsan.

(Lahıc, iyul 1920)