Qanları ilə tarix yazan qazilərimiz- Turan Rəhman oğlu Quşiyevi tanıyaq Hadisə

Qanları ilə tarix yazan qazilərimiz- Turan Rəhman oğlu Quşiyevi tanıyaq

Azərbaycan 44 günlük Vətən Müharibəsi zamanı necə qəhrəman övladlara sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi. Qanları ilə tarix yazan şəhid və qazilərimzin sayəsində dünyada başımızı dik tutaraq gəzə, öz sözümüzü deyə bilirik.
2020-ci ilin sentryabrın başlayan Vətən müharibəsində hamıda, Ali Baş Komandanla birlikdə yalnız bir fikir vardı-Qələbə! Artıq vaxt çatmışdı. Güclü və nizami ordu tam qələbə üçün hazır idi. Təcavüzün qarşısını almaq üçün2020-ci il 27 sentyabrda Vətən müharibəsi başladı. Rəşadətli oğullar, güclü lider və dost ölkələrin dəstəyi zəfər zəngi çalırdı. Könüllülər səfə düzülmüşdü. Xalq ayaqda səfərbər idi. Bütün dünya Azərbaycanda həmrəyliyin bariz nümunəsini görürdü. Cəbhədə qızğın döyüşlər gedirdi. Qorxmaz oğullar canavar kimi parçalayırdılar düşməni. Ermənilər pərən-pərən idilər bu savaşda. Bu oğullar içində Qaxın dilbər guşəsi qədim Qum kəndindən bir oğul da savaşırdı. Qum kəndinin müdrik ahılları gəncləri vətənpərvər ruhuna rəng qatmışdılar həmişə. “Elin o başı, bu başı olmaz , el birdi!”-deyə böyütmüşdülər bu kəndin övladlarını. Bu ruhda böyüyən Turan Rəhman oğlu Quşiyev də Qarabağı öz doğma yurdu sanırdı. Buranın hər daşını, qayasını, hər bir qarışını yurdu kimi sevirdi.
23 avqust 2001-ci ildə Qax rayonu Qum kəndində doğulmuşdu Turan Quşiyev. Dağlar qoynunda yerləşən səfalı kəndin yalında-yamacında dava-dava oynaya böyümüşdü. Kişik yaşlarından canına hopan vətən sevgisi qanına qarışaraq damarında dövr edirdi. Bayraq sevgisi sevgilərin baş tacına çevrilmişdi bu kəndin uşaqlarında. I Qarabağ savaşında şəhid və itkin düşmüş kənd igidlərinin xatirəsi əziz tutulur, tez-tez yad edilirdi. Gənclərin, uşaqların ürəklərində bir istək vardı. Qisas almaq və torpaqları azad etmək. Hər şəhidləri ziyarətə gedəndə Turan da onların qisasını almağa, torpaqları azad etməyə and içirdi. O, dərk edirdi ki, Qarabağ bizim əzəli və qədim yurd yerimizdi. Ermənilərin nə yurdları, nə də tarixləri var. Qoluna, biləyinə güc yığan Turan idmanı və əməyi çox sevirdi. İntizamlı şagird idi. Sənətə olan meyli onu 9-cu sinifdən texnikuma daxil olmağa vadar edir. O, Zaqatala rayonunda yerləşən S.Ağamalıoğlu adına Kənd Təsərrüfatı Texnikumunun Baytarlıq şöbəsinə qəbul olunur. Oranı bitirdikdən sonra, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılır. Goranboy rayonunda yerləşən N saylı Hərbi Hissədə qulluq edən gənc əsgər nümunəvi davranışı ilə zabit və əsgərlərin rəğbətini qazanır. Vətən müharibəsi başlayanda isə Ağdama, ordan da Suqovuşan (Hadrut) uğrunda döyüşlərə qatılırlar. Sinəsi torpağa dəydikcə, burnuna dəyən şəhid qardaşlarının qan qoxusu onu da döyüş yoldaşları kimi daha da coşdururdu. Şücaət vətən sevgisiylə qoşalaşıb qorxmazlıq büstü yaratmışdı. Gənc əsgər olmaqlarına baxmayaraq tam hazır vəziyyətdə idilər. Düşmən pərən düşdükcə, gözü dönmüş igidlər daha irəli gedir, erməniləri doğma torpaqlardan daha tez qovmağa çalışırdılar. Zəfər xəbərləri onlara böyük stimul verirdi. Yemək yadlarına belə düşmürdü. Soyuq veclərinə gəlmirdi. Sakitlik yarananda başlarını daşa qoyub, yumşaq yorğan-döşəkdəymişlər kimi rahat dincəlirdilər. Çünki bu yurd, bizim yurdumuzdu! Çılğınlaşmış müzəffər ordunun rəşadətli oğulları coşğun bir savaşda idilər. Misli görünməmiş bu savaşda oğullarımız Vətənin daşı olub düşmənin başına enirdilər. Şəhid düşən yoldaşlarının intiqamını almaq üçün şahin kimi şığıyırdılar düşmən üstünə. Suqovuşanda gedən döyüşlərdə Turan ağır yaralanır. Kürəyini dəlib köksündən çıxan qəlpədən huşunu itirir və Silahlı Qüvvələrin Hospitalına yerləşdirilir. Ayılandan sonra daha da çılğınlaşan Turan yanında şəhid düşən yoldaşlarının qisasını almaq üçün geriyə, Qarabağa qayıtmaq istəyir. Anası Pərvanə xanım deyir ki, oğlu Turan uşaqlıqdan hərbi geyimi sevərdi. Böyüyüb anladıqca, ermənilərdən qisas almaq barədə düşünüb həmişə.
“Oğlumla qürur duyuram. Bilirdim ki, o, harda olsa üzümüzü ağ edəcək. Bu gün bütün analar kimi mən də ordumuzun əsgər və zabitləri ilə qürur duyuram. Onlar bütün dünyanı heyrətə gətirən bir güc, qüvvət göstərdilər. Halal olsun! Zəfərin sonu Qələbədirsə, qalibiyyətin kökü nizami ordudur.
Və bu ordunu, bu möhtəşəmliyi yaradan Ali Baş Komandanımıza eşq olsun! Var olsun! Qərinələr sonra düşmənə layiq olduğu cavabı verdi və şanlı tarix yazdı! Mənim oğluma da nəsib oldu belə bir güclü orduda savaşmaq. Mən qəhrəman anası olduğum üçün fəxr edirəm!”.
Turan tez-tez şəhidləri ziyarət edir, kənd cavanlarına və gənclərə Vətən müharibəsindən, igidlərimizin şücaətindən danışır.
Bəli! Nizami ordunun rəşadətli əsgəri Turanın da adı Azərbaycan tarixinin ən şanlı səhifəsinə yazıldı. Məhz bu ordunun sayəsində, ordunun Ali Baş Komandanının müdrikliyi sayəsində qələbə qazanıldı və bütün dünyaya isbat edildi ki, Qarabağ Azərbaycandır!

Əli

Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir