“Heydər Əliyev mənə dedi ki…” Mədəniyyət

“Heydər Əliyev mənə dedi ki…”

Heydər Əliyev- 102

Mayın 10-nu unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəm...
O, 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. O, qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında sənədli televiziya filmi çəkilib. Bir neçə çağırış Milli Məclisin deputatı olub. Xidmətlərinə görə “Xalqlar Dostluğu”, “Şərəf”, “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub. Prezidentin fərdi təqaüdünü alır...
Deyir ki:- “Heydər Əliyevlə hər görüşümüz bir hadisə idi, duzlu zarafatlar edərdi. Mənim səmimiliyimi, açıq danışmağımı çox sevirdi. Deyirdi ki, “səninlə söhbətdən zövq alıram, istirahət edirəm. Hamı ilə rəsmi olsam da, sənsə tamam başqasan. Sən necəsənsə, eləsən, özünsən. Ona görə də sənin xətrini çox istəyirəm. Sən mənə çox doğmasan, əzizsən”. Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim: “Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”. Heyf, mənim əziz Heydər Əliyevim bu gün aramızda yoxdur. Biz sözün əsl mənasında atasız qalmışıq!..”
Səsdə böyük qüdrət olduğunun hamımız şahidi olmuşuq. Səs adamı döyüşə qaldıra, kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək. Bəli, SƏSin ucaltdığı ifaçılar, müğənnilər çox olub. Kim deyir, mərdlik kişilərə xasdır, kişilərə aiddir. Mərdlik dəyərdir, qadınlarda da olur…
“Unutmuşam neçənci il idi. O vaxt Heydər Əliyev Moskvada işləyirdi. Yay fəsli olduğundan şəhərdən kənar bağ evimdə dincəlirdim. Bir gün Mərkəzi Komitədən iki nəfər gəlib, mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər və dedilər ki, axşam saat 6-da Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, özüm də çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Elə bu fikirlə oturub gözləyirdim ki, birdən telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağda kef edirsən. Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: “Mən bağı anana vermişəm. O, məni səndən çox istəyir”. Mən incidiyimi büruzə verdim. Dedi: “Yaxşı, özündən çıxma. Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib. Rəşid Behbudov isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.”- söyləyir.
Gözəllik- Allahın bəndəsindən əsirgəmədiyi lütfdür- onda da var…
Kübarlıq- vücudu ruha təslim edən gücdür- onda da var…
Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr sahibinə çata bilsin. Buna ancaq nadanlar ağız büzər. Ondan fərqli olaraq, kişi həmkarlarından biri isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…
Deyir ki:- “Vəzifədən kənarlaşdırılmışdı, infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Mən və radionun diktoru olan rəfiqəm Məhəbbət onun yanına xəstəxanaya getdik. Darvazada bir kişi Ərəbzəngi kimi yolumuzu kəsmişdi. Heç kimi içəri buraxmırdı. Qışqır-bağır saldıq, yenə də buraxmadı. Mən istəmirdim öz titullarımı bir-bir sadalayım onun üçün. Birdən cin vurdu başıma, onu yandırmaq üçün dedim: “Mən SSRİ xalq artistiyəm, Dövlət mükafatları laureatıyam”. Dedi: “Xvatit”, yəni “bəsdir”, mən sizi buraxaram”. Üzünə baxmadan yüyürə-yüyürə qaçdım ulu öndərin yanına. İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı, köks ötürdü. Dedi: “Sən Azərbaycanda olan çox kişidən qeyrətlisən!”.
Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ ali sovetinin deputatı olanda şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı. Bəzilərindən fərqli olaraq, özünü reklam etmədən kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Ola bilsin ki, kimsənin haqqı özünə çatmayıb. Amma həmin haqq onda yox, arada itmiş olar...
Bir dəfə Naxçıvanda olanda mən Heydər Əliyevə zəng edib anadan olan gününü təbrik edərək dedim: “Böyük oğlan olasınız, bizim əzizimiz.” O da gülümsəyərək dedi ki, “böyük qızın yanında elə böyük oğlan olmaq daha yaxşıdır”.
“Bir dəfə yenə pərdə arxasına gəlib artistlərlə görüşəndə mənə dedi ki, sən burda hamıdan gözəlsən. Mən də 6 dəfə onun o üzündən, bu üzündən öpdüm və bütün artistlərə dedim, gedin siz də öpün. Onlar utanırdılar və ayrılanda onu bir-bir öpməyə başladılar. Çox böyük hörmət bəslədiyim general qardaşım Vaqif Axundov mənim qulağıma pıçıldadı ki, “siz öpdünüz bəs edir, çünki hər nəfəsi ona vermək olmaz”. Mən dedim: “İstəyirəm ki, onun üçün xoş olsun.”- söyləyir.
Əlbəttə ki, gözəldir. Bir əsrdən 12 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də boyuna biçilib, ona etibarlı qalıb, sədaqət göstərib. Kübardır, lazım bilmədiyi yerdə görünüb ucuz gündəmə qaçmaz. İctimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…
Elədir ki var, bu dəfə sizə Zeynəb Xanlarovadan danışıram. O, bu gün də Heydər Əliyev ideyalarına sədaqətlidir. Yadınızdadırsa, yeniyetmə çağlarımızda hər dəfə onun adı gələndə minlərlə həmyaşıdımız kimi, tələsik “sehirli qutunun” qarşısına yüyürürdük, sevə-sevə onun mahnılarını dinləyirdik. Bəli, ruhumuzun körpə, ac vaxtlarında, musiqi zövqümüzün formalaşmasında onun xidməti böyük olub...

Elman Eldaroğlu