
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Vətən Müharibəsi və son antiterror tədbirləri zamanı Azərbaycan yeni qəhərmanlarını tanıdı. Şəhidlərimiz və qazilərimiz yenidən tarix yazdılar, Azərbaycan suverenliyini tam tımin etdi. Birinci Qarabağ savaşında da qəhərman oğullarımız az olmayıb. Azərbaycanın bütün rayonlarında tarix yazan oğullarımız var. Onları tanımaq və tanıtmaq hamımızın borcudur.
Qarabağ savaşı başlayandan Qaxın iğid oğulları da səfərbər oldular. Yurdun başında bəla dolaşırdı. Hamı bir şey düşünürdü;Vətən dardadı! Elin bu başından o başına ürəklərdə yol açıldı. Qarabağda qan tökülürdü. İnsanlar ayaqyalın, başıaçıq canlarını götürüb dağlarla, düzlərlə qaçırdılar. Körpələrin dəhşətli baxışlarında donmuşdu Qarabağ! Anaların ahından asılmışdı Qarabağ! Qızların hörüklərində işgəncəli sızıya, namus ləkəsinə dönmüşdü Qarabağ! Erməni vandalı rəhm etmədən biçirdi zəmiləri, meşələri və insanları. Düşmənin qəh-qəhə küləklərində ovuc-ovuc sovrulurdu Qarabağ. Tarixin ən yaralı səhifəsi olub inləyirdi Qarabağ! El igidləri savaşırdı mətinliklə, igidliklə. Bu savaşda qədim Qum kəndinin cəsur oğullarından 7 nəfəri şəhid oldu, 2 nəfəri isə itkin düşdü. Parta arxasından cəbhəyə tökülüşən igid oğullardan, damarında vətən eşqli qan daşıyan vətənpərvər gənclərdən şəhidlik zirvəsinə yüksəlmiş İslam Yusifov və qızğın döyüşlər zamanı itkin düşən və taleyi bu gün də qaranlıq qalan İmran Şamxalov Daxili Qoşunların cəsur döyüşçüləri idi.
Məktəb illərinin xoş əhvalında əsər qəhrəmanlarını ideal seçərək mübariz ruha köklənən İslam və İmran müxtəlif xarakterlərə malik idilər. Məsum çöhrələrində həya nuru yurd salmışdı. Məktəb fəalları olaraq həm dərslərinə, həm də müəllimlərin tapşırıqlarına məsuliyyətlə yanaşırdılar. İmran çox güldüyünə görə bəzən qınaq obyektinə çevrilsə də, sonda bütün sinif və müəllim də ona qoşulardılar. Böyük məsuliyyətin içində bu gün çoxunun həsəd apara biləcəyi doğmalıqla dolu bir səmimiyyət də vardı. Ümumiyyətlə, sinifimiz elə idi ki, sanki hamı bir evdə doğulmuşdu. Hamı bir-birinə o qədər doğma yanaşırdı. İslamın gözəl əl qabiliyyəti vardı. Mütaliəni çox sevirdi. Əsasən də tarixi əsərləri. Sanki o əsərlərin içində özünü axtarırdı. Arxitektor olmaq arzusundaydı. Ən yaxın dostu İsaq İsaqovla bu barədə müzakirələr aparardı. İmran isə “məşhur iş adamı olacağam”,-deyirdi. Ən çox komediya filmlərinin obrazlarını təqlid edərdi. Onun zarafatlarından heç kim inciməzdi. Sanki ömrünün qısa olacağını, bir də bu insanların arasında olmayacağını hiss edirmiş kimi gülüş planının doldururdu. Buraxılış ilinin sonlarına yaxın hər ikisində qəribə bir susqunluq yaranmışdı. İslam hamıdan qaçmağa başlamışdı, İmran isə uzun-uzun düşüncələrə dalırdı. Qaynar gənclik ürəyinin böyük arzulu duyğuları onların qulağına nə pıçıldasa da, əsgərlik həyatı, Vətən sevgisi ümdə idi. Qarabağ məsələsi ortaya düşəndə isə bütün sinif oğlanları səfərbər vəziyyətə gəlmişdilər. Onlar nənə-babalardan eşitdikləri, nağıl, əfsanə, tarixi kitablardan oxuduqları müharibə adlı məfhumun soyuq dalğasının real havasını hiss edirdilər. Düşmən həmləsi və iddiası İslamın qələmindən vətən namusu kimi ağ olan vərəqə damlayaraq Qarabağın toxunulmazlığını əks etdirən bir rəsmə çevrilmişdi.
Erməni vandalları Qarabağı hədəf almışdı. Geriyə yol yox idi! Kökslərindəki min bir arzunu da Azərbaycan bayrağına büküb qəlblərinin bir küncünə saxlamışdılar. Artıq o arzular ikinci dərəcəli işə çevrilmişdi. İndi Vətən qayaları baş yastığı, Vətən torpağı isə yumşaq döşək idi. Gözlərdə qığılcım, qəlblərdə atəş, Vətən namusunu çəkirdi əsgər! Bəli illərlə tarixi kitablardan oxuduğumuz, dəhşətini, vəhşətini bu qədər dərindən duymadığımız müharibəni real həyatda görür, ağrılarını, acılarını yaşayırdıq. Sonu bilinməyən savaş! Əllər yalın!
Bəxti qara gələn 70-ci illərin doğumluları! Kimi itgin düşdü, kimi şəhid oldu, kimisi qazı!
Hər bahar özü ilə gözəlliklə bərabər böyük nisgil də gətirir gözümüzə.
Şəhid məzarlarına gül-çiçəkli yol uzanır! Burda yatan qəhrəmanların narahat ruhları ziyarət olunur! Ürəyimizdə isə min bir “bəlkə”! Ömrümüzü yeyib bitirən “bəlkə”lər. Nakam talelər! Ürəklərdə başdaşı qaysaq olan yaraların qan məzarına gömülən arzuları!
Bəli! Onlar vəzifə sahibi ola bilmədilər, lakin ən böyük rütbə, ən böyük vəzifə olan Vətən fədaisi ola bildilər! Tarixə hopdular, kitabın ən gözəl, ən duyumlu səhifəsində yer aldılar! Vətən eşqli ürəklərdə ünvan oldular! İndi İslamın uyuduğu, İmranın yurd torpağına qovuşa bilmədiyi böyük Qum kəndində yüzlərlə mübariz ruhlu İslam, İmran böyüyür. Onları örnək görərək, onları ideal seçərək!
Bir çox evdə 80-cı illərin moduna çevrilən xatirə dəftərləri var. O dəftərlərin içində neçə-neçə şəhidin, itkinin canlı xatirəsi yatır. Sətirlərdən gələn doğma səslər boğazımızda düyün olub, göz yaşını ürəyimizə axıdır!
Yazılası, deyiləsi o qədər söz var ki, ürəkdə….
Kitablara sığmasa da elin yaddaşına sığır İslam adı ilə, İmran adı ilə!
Nağıl ömürlü qəhrəmanlarımız!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir