“Fövqəladə hallarda özünü necə aparmalı” Hadisə

“Fövqəladə hallarda özünü necə aparmalı”

Orta məktəbdə maarifləndirmə tədbiri keçirilib

Dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 252 nömrəli orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirilib. APA-nın məlumatına görə, nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbir FHN-in 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım Stansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakı ilə baş tutub.
Nəzəri hissə çərçivəsində çıxış edən məktəbin direktoru Xədicə Eminova bildirib ki, FHN yarandığı qısa müddət ərzində böyük işlər görüb və cəmiyyətdə dəstək qazanıb: "Bu gün Azərbaycanda fövqəladə hallar zamanı FHN-in gördüyü işlər, xidmətlər danılmazdır. Təsadüfi deyil ki, Azərbaycanda bir sıra xidmətlər olsa da, insanlar ilk növbədə FHN-ə müraciət edirlər".
FHN-in operativ məlumat şöbəsinin rəisi Vaqif Teymurov isə çıxışında fövqəladə hallar, onun təsnifatı, fövqəladə hal baş verdikdə insanların davranışı və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ətraflı məlumat verib. FHN-in struktur qurumları haqqında video çarx nümayiş etdirildikdən sonra çıxış edən FHN-in Statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov deyib ki, FHN Bakı Regional mərkəzinin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir və bu tipli tədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini təkmilləşdirir.
Praktiki hissədə əvvəlcədən müəyyən edilən təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hallar zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də məktəbin həyətində qoyulması simulyasiya edilən partlayıcı qurğunun aşkar edilməsi və şərti yanğının söndürülməsi nümayiş etdirilib. Eyni zamanda yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, sularda xilasetmə vasitələrinin təyinatı və istifadə qaydaları şagirdlərə izah olunub. Axtarış-xilasetmə və yanğınsöndürmə əməliyyatları üzrə nümunəvi praktik əməliyyatlar keçirilib.
Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, FHN Tibb xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım Stansiyasının əməkdaşları iştirak ediblər.