Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu Hadisə

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

Hakimiyyətin həyata keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin rolu

1-ci yazı

Səfəvi sülaləsinin hakimiyyəti ilə formalaşmış və cəmiyyətin sosial-iqtisadi durumuna uyğunlaşan dövlət əslində klassik müsəlman dövləti olub, burada dini hakimiyyətlə dünyəvi hakimiyyət çulğalaşmışdı. Onları mövcud şəraitdə və xüsusən sülalənin hakimiyyətinin ilk illərində bir-birindən ayırmaq mümkün deyildi. Xətayinin "Mənəm həm pirü həm sultani-aləm", "Əzəldən Şah bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır" beytləri nəzəri cəhətdən şahlıqla ruhani hakimiyyətini birlikdə mövcudluq ideolojisinin təcəssümü olub, dövlətin teokratik prinsiplərə dayandığını göstərir.
I Şah İsmayıl Xətayi dünyəvi başçı olmaqla paralel ruhani-mənəvi təşkilatlara da nəzarətçi və həm də mürşid-i kamil vəzifəsini özündə saxlayırdı. Azərbaycanın XVI yüzilin əvvəllərində mərkəzləşmiş, hərbi siyasi baxımdan güclü, geniş ərazini əhatə edən bir dövlətə çevrilməsi, onun iqtisadi tərəqqisi Avropanın irəlidə gedən dövlətlərinin başçıları və işgüzar adamlarının diqqətlərini dərhal özünə cəlb etmişdi. Elə buna görə də XVI yüzilin əvvəllərindən başlayaraq Avropadan müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahların ardı-arası kəsilmirdi. Xüsusi tapşırıqlarla Azərbaycana gələn səyyahlar hesabat səpgisində yazlıqları gündəliklərində ölkənin sosial-iqtisadi həyatı, maddi və mənəvi mədəniyyəti ilə yanaşı, onun ən xırda məsələlərini belə nəzərdən qaçırmırdılar. Avropalı səyyah Engelbert Kempfer Səfəvi dövləti, şahlarının hüquq və səlahiyyətləri ilə ciddi maraqlanıb və gündəliyində bu barədə məlumatlar verib. O, yazır ki, Səfəvi şahı xüsusi imtiyazlara malik olub, Asiyanın başqa hökmdarlarından seçilir. Şah Süleyman (1666-1694) qeyri-məhdud hüquqlarından səltənətində heç bir maneə ilə qarşılaşmadan istifadə edir. O, istədiyi vaxt müharibə və sülh elan edə, müqavilələr bağlaya, ölkənin qanunlarını dəyişə, yeni vergilər haqqında göstəriş verə bilər. Ölkənin bütün vətəndaşları, həm də onların əmlakları üzərində şahın xüsusi sahibkarlıq hüququ var. Təbəələri ona "vəlinemət", "aləmpənah", "cahanpənah" deyə müraciət etməklə, onu peyğəmbərin səlahiyyətli nümayəndəsi kimi qəbul edirlər. 1683-cü ildə Səfəvi sarayında olmuş missioner Sanson da şahın hakimiyyətinin qeyri-məhdudluğu haqqında məlumat verib. O qeyd edir ki, ölkədəki hüquqlarına görə dünyanın heç bir ölkəsində ona bərabər hökmdar yoxdur. Təbəələri və onların əmlakları mütləq hakim olan şaha məxsusdur. Şah həm də ölkənin dini idarələrinin də başçısıdır. Sanson təbəələrinin "din və imanım padşah" deyə ona müraciət etdiklərini qeyd edib. Missioner eyni zamanda qeyd edir ki, təbəələri ona inanır və şahları tərəfindən yersiz cəza gözləmirlər. Sanson şahın hüquq və səlahiyyətlərini aydınlaşdırmağa çalışarkən onun mürşid-i kamillik statusunun mahiyyətini müəyyən edə blməyib. Qeyri-məhdud hakimiyyət statusunu özündə saxlayan şahın mülki, hərbi, iqtisadi sahədə yuxarıda qeyd olunduğu kimi, çox geniş səlahiyyətləri var idi. Şah Süleyman dövlətin daxili və xarici ticarəti, mədaxil, məxaricini şəxsən özü yoxladıqdan sonra əcnəbi tacirləri gömrük vergisindən, Avropadan gəlib müvəqqəti Səfəvi ölkəsində məskunlaşan xristianları cizyədən və onların karxanalarını vergilərdən azad etmiş, elçilərin mərkəzin ən yaxşı binalarında yerləşdirilib şah xəzinəsindən təmin olunmaları barədə göstərişlər vermişdi. Fransalı Tavernye dövlət quruluşunun formasına görə Səfəvi dövlətini tipik monarxiya kimi şərh edib. Səfəvi dövlətinin idarəçilik forması haqqında Tavernye ilə yanaşı, Adam Olearinin də səyahətnaməsində geniş məlumatlar var. Həm də Adam Oleari Tavernyedən fərqli olaraq dövrün qərb və şərq qaynaqlarına mükəmməl bələd olduğuna görə Səfəvi dövlət idarəçiliyinin qərb dövlət sistemləri ilə müqayisəli şərhini verməyə cəhd göstərib.
Adam Oleari Səfəvi dövlət idarəçiliyində ali hakimiyyətin irsiliyi məsələsini təhlil edərkən monarxiyanın başqa əlamətlərinə də toxunub. O, yazır ki, Səfəvi ölkəsində hakimiyyət irsi olub, atadan onun qanuni varisinə keçir. Qanuni varis olmadıqda cariyədən olan övlada və o da olmadıqda Şeyxavənd adı ilə tanınan Şeyx Səfi nəslinin nümayəndələrindən biri dünyasını dəyişən Şahın qohumu kimi hakimiyyətə gətirilə bilərdi.
Şah sağlığında özünə varis təyin etdikdə, bu barədə rəsmi vəsiyyətnamə (məktub) tərtib olunurdu. Ancaq onun vəfatından sonra belə bir məktub ortaya çıxarılmadıqda taxt-taca varis məsələsini ali divan üzvləri və digər mötəbər Qızılbaş əmirlərindən ibarət genişləndirilmiş şura həll edirdi. O.Əfəndiyev qaynaq materiallarına istinad edərək yazır ki, 1577-ci il noyabr ayının 24-də II Şah İsmayılın vəfatından sonra əmirlər taxt-taca varis məsələsini həll edərkən bir çox namizədlər irəli sürülsə də, nəhayət I Şah Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin namizədliyi üzərində dayanmışdılar. Şahların tacqoyması məmləkətin böyük əmirlərinin iştirakı ilə təntənəli bir mərasimdə icra olunurdu. Şaha qızılla işlənmiş taxt hədiyyə edilir, hakimiyyətin simvolları olan qılınc və xəncər onun kəmərinə bağlanılıb, başına da şahlıq tacını qoyurlar. Bu mərasimdən sonra bütün məclis iştirakçıları növbə ilə onun qarşısında təzim edərək ayaqlarının önündə əyilib yeri öpürlər.
Tacqoyma mərasiminin növbəti günü Şah dövlət və saray qulluqçuları, əyanlar, qulamlar, qorçu alayının müşaiyəti ilə şəhərə çıxaraq şahlığını xalqa təqdim edir. Yeni Şah hakimiyyətə keçdikdə, heç kimin təsəvvür etmədiyi yeni dəyişikliklər gözlənilir. Elə buna görə də bütün məmurlar öz vəziyyətlərinə şübhə ilə yanaşırlar. Dövlət qulluğunda olan hər kəs çalışır ki, Şahın məhəbbətini qazanıb vəzifələrini, mövqelərini qoruyub saxlaya bilsinlər. Engelbert Kempferin gündəliyində II Şah Səfinin (I Şah Süleyman) tacqoyma mərasimi haqqında ətraflı məlumat var.
Onun yazdığı kimi, 26 oktyabr 1666-cı ildə II Şah Abbas vəfat etdikdə mərkəzi idarə əmirləri Ali məclisin iclasını çağırıb Həmzə Mirzənin namizədliyini irəli sürüb II Şah Abbasın onu sağlığında vəliəhd seçdiyini elan edirlər. Ancaq saray xacələri Şahın digər oğlu Səfi Mirzənin namizədliyini irəli sürdükdə baş vəzir sözsüz ki, sarayda qarşıdurmanın qarşısını almaq üçün onların qərarı ilə razılaşır. Nəticədə ali divan üzvləri ilə birlikdə 200 nəfər mötəbər əmir və əyanın iştirak etdiyi məclisdə tacqoyma mərasimi keçirilir. Münəccimlər tacqoyma üçün uğurlu saatı müəyyən etdikdən sonra şeyx ül-islam İsfahandakı digər böyük vəzifəli əyanları da məclisə dəvət edir. Tacqoyma mərasimi şeyx ül-islamın başçılığı altında icra olundu. Engelbert Kempfer yazır ki, tacqoyma üçün lazım olan rəmzələr ayaqları qızılla işlənmiş söykənəcəksiz dördayaqlı səndəl, ənənəvi tac, qiymətli daşlarla bəzədilmiş əyri qılıncdan ibarət idi.
Qızıl sikkə zərbi ənənəvi olaraq tacqoyma mərasimi üçün səciyyəvi idi, çünki ölkədə tədavüldə, alqı-satqıda gümüş və mis sikkələrdən istifadə edilirdi. 1694-cü ildə Şah Sultan Hüseynin tacqoyma mərasimi zamanı İsfahanda olan Cemelli Kareri də yazır ki, Səfəvi ölkəsində sikkə qızıl və gümüşdəndir. Qızıl sikkə ancaq tacqoyma mərasimlərində saray əyanlarına hədiyyə edilmək üçün zərb edilir.
Engelbert Kempfer Həmzə Mirzə ilə Səfi Mirzənin namizədliyi məsələsində əmirlərlə xacələr arasındakı kiçik münaqişənin təhlilindən aydın olur ki, mirzələrdən heç birinin vəliəhd olması barədə ataları II Şah Abbas tərəfindən, yaxud onun vəsiyyəti əsasında məktub tərtib olunmayıb, hər iki Mirzə haqqında məktub sonradan, yəni Şahın vəfatından sonra yazılıb.
Tavernye Səfəvi dövlət idarəçiliyinin həyata keçirilməsi mexanizmini şərh edərkən hökmdarın bürokratik orqanlara məmurlar təyinatında qeyri-məhdud səlahiyyətlərindən genş miqyasda istifadə etdiklərini bildirməklə gerçəkliyi olduğu kimi təsvir edib, ancaq müəyyən ziddiyyətlərə də yol verib. O çox doğru olaraq yazır ki, Şah istədiyi vaxt əyalət hakimliyinə və başqa böyük vəzifələrə öz qulamlarını təyin edib onları hakimiyyətdə yüksək məqam sahibi edirdi. Səyyahın bu qeydlərindən aydın olur ki, Şah istədiyi vaxt vəzifədə olan şəxsi başqası ilə əvəz edə bilərdi. Ancaq o özünün doğru olan bu fikirlərini həm də təkzib edərək yazır ki, dövlət vəzifələri irsi olub, atadan oğula keçir. Atalar öz vəzifələrini ailəsinin əlində irsən saxlamaq üçün sağlığında övladlarını işə cəlb edirlər. Onlar vəfat etdikdə vəzifələri irsən övladlarına keçir. Övladları kiçik yaşlı olduqda isə bu vəzifəni onlar həddi-buluğa çatana qədər qəyyumları idarə edirlər. Ancaq ondan fərqli olaraq Adam Oleari mərkəzi və yerli bürokratik idarələrə təyinatlar, həm də bu orqanlarla Şah arasındakı münasibətləri təhlil edərkən vəzifələrin şəxs üçün irsi olmadığını bildirir. O yazırdı ki, geniş ərazini əhatə edən bu ölkə inzibati cəhətdən çoxlu vilayətlərə bölünmüşdü. Şah mərkəzi hakimiyyəti və paytaxtdan uzaq olan vilayətləri xan, sultan, kələntər, darğa, vəzir ünvanı ilə məlum olub hakimiyyət funksiyasını yerinə yetirən şəxslərlə idarə edirdi. Şah öz şəxsi mülahizəsi əsasında igidliyi və şücaətinə görə fərqlənən adamlara xan titulu verib onları vilayətlərə hakim təyin edirdi. Bu şəxsi keyfiyyətlərlə yanaşı, Şaha və vətənə xidmət sahəsində göstərilən fədakarlığa görə də böyük vəzifəyə keçmək olurdu. Elə buna görə də, bəzi adamlar savaşlarda həyatını təhlükə qarşısında qoymaqdan çəkinməyərək xan ünvanına layiq görülmüşdülər. Ancaq xan titulu qan qohumluğu xətti ilə irsən verilmir. Doğrudur, xanların övladları xüsusi ehtirama layiq olmaqla hətta ata mülklərinin də sahibi olurdular. Ancaq nə atalarının ünvanları, nə də vəzifələri onlara aid olmurdu. Bu ünvan və vəzifə xanların övladlarına göstərdikləri qəhrəmanlığa görə, yaxud Şahın onlara xüsusi ehtiramı olduqda verilə bilərdi. Şah hər hansı vilayətin hakimindən şübhələndikdə onu dərhal ölüm cəzasına məhkum edir və bütün əmlakını da müsadirə etdirirdi. Bu halda xanın övladı ata mülkü üzərində varislik hüququnu da itirirdi. Artıq XVI-XVII yüzilliklərdə Azərbaycanda dövlət idarəçiliyi özünün yeni mərhələsinə daxil olmuşdu. Bu mərhələdə istər mərkəzi, istərsə də yerli hakimiyyətdən iri mülk sahibləri olan əyanlar uzaqlaşdırılmış və onları qulluq müqabilində dövlətdən məvacib alan məmurlar əvəz etmişdilər.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor