“Azərbaycan öz ərazilərinin işğal edilməsinə heç vaxt razı olmayacaq” Hadisə

“Azərbaycan öz ərazilərinin işğal edilməsinə heç vaxt razı olmayacaq”

Faiq Bağırov: "Hər nə olursa-olsun torpaqların işğaldan azad edilməsi üçün çalışacaq"

"Azərbaycan-Ermənistan cəbhə xəttindəki qarşıdurmaların tək səbəbi Ermənistanın atəşkəsi pozmağa yönələn siyasət yeritməsidir. Qarabağ münaqişəsi həll edilmədikcə və Ermənistanın Azərbaycan torpaqlarında işğalına son qoyulmadıqca bu qarşıdurmalar davam edəcək".
Bunu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov deyib. O təəssüf edir ki, bu günə qədər aparılan danışıqlar və beynəlxalq təşkilatlar tərəfindən edilən cəhdlər də nəticəsiz qalıb.
Səfir bildirib ki, işğal hələ də davam edir: "İşğal davam etdiyi üçün qarşıdurmalar da olacaq. Azərbaycan öz ərazilərinin işğal edilməsinə heç vaxt razı olmayacaq. Hər nə olursa-olsun torpaqların işğaldan azad edilməsi üçün çalışacaq. Biz bunu hər platformada səsləndiririk".
F. Bağırov aprel hadisələrini xatırladaraq bildirib ki, Dağlıq Qarabağda işğal davam etdiyi müddətdə münaqişə də davam edəcək. Hər iki tərəfdən insan öləcək, Azərbaycan şəhid verəcək.
Səfir işğal və münaqişəli vəziyyətə son qoyulması üçün beynəlxalq birliyin üzərinə düşən vəzifəyə diqqət çəkib. O bildirib ki, dünyanın aparıcı dövlətləri Ermənistana təzyiq etməlidir: "Bu məsələyə beynəlxalq hüquq çərçivəsində baxan hər kəs Azərbaycanın haqlı olduğunu və torpaqların işğal altında olduğunu deyir. Beynəlxalq təşkilatlar da bunu dəstəkləyir. Amma Ermənistana hər hansı sanksiya və ya təzyiq tətbiq edilmir. Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə var . Lakin Ermənistan işğalçı siyasətini davam etdirir".