Yunanıstanın Soloniki şəhərində Xocalının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirlib Hadisə

Yunanıstanın Soloniki şəhərində Xocalının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirlib

Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Xalqcəbhəsi.az xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Yunanıstan Respublikasındakı səfirliyinin, diplomatik nümayəndəliklərin əməkdaşları yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsi zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini xatırladıb, faciənin unudulmaması üçün anım tədbirlərinin hər il keçirilməsinin önəmli olduğunu bildirib.
Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov çıxışında Xocalı faciəsinin tarixdə analoqu az olan hadisələrdən biri olduğunu və bu faciənib XX əsrin ən dəhşətli faciələri ilə,Xatın, Xirosima faciələri ilə eyni səviyyədə olduğunu bildirib.
Ermənilərin Xocalıda törəktdikləri vəhşiliyin xarici mediada- “Washington Post”, “Times”, “Sunday-times”, “Financial Times” və “Le Mond” və s. qəzetlərdə işıqlandırıldığı qeyd edilib.
Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki baş konsulu Sarkhan Gedik öz çıxışında qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
“QALA” Cəmiyyətinin baş katibi Salatın Məmmədli tədbirdə iştirak edən gəncləri və ictimai təşkilatları təşviqat işdə fəal iştirak olmağa, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb.
Rəsmi çıxışların ardından Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş sənədli film və foto sərgi nümayiş etdirilib.