“Akif Çovdarovu da “siyasi məhbus” adlandırsalar təəccüblənmərəm” Hadisə

“Akif Çovdarovu da “siyasi məhbus” adlandırsalar təəccüblənmərəm”

Çingiz Qənizadə: "Çünki, belə siyahıları hazırlayanların əksəriyyəti bunu ya xaricin xoşuna gəlmək, ya da hansısa layihələri reallaşdırmaq üçün maliyyə dəstəyi almaq məqsədilə edirlər"

Azərbaycanda bir qrup "hüquq müdafiəçisi" guya ölkədə siyasi məhbusların olduğunu iddia edərək yeni siyahı hazırlayıb. Siyahıda 94 nəfərin adı "siyasi məhbus" kimi təqdim edilib.
Bu barədə danışan hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə hesab edir ki, belə siyahıların hazırlamasının arxasında müəyyən siyasi maraqlar, xarici dairlər durur: "Bəzi qüvvələr Azərbaycana təzyiqin müxtəlif yollarını fikirləşirlər. Bu yollardan biri də insan haqlarını pozulması, "siyasi məhbus"ların mövcudluğu ilə bağlıdır.
Xatırladım ki, oktyabrın 20-21-də Cenevrədə BMT-nin İnsan Haqları Komitəsi tərəfindən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçiriləcək. Müzakirələr öncəsi belə siyahıları hazırlatdıraraq, Azərbaycan hökumətinə təzyiq etməyə çalışırlar. Ancaq, bu təzyq metodu boş və mənasızdır".
Millət vəkilinin sözlərinə görə, "hüquq müdafiəçiləri" dəxlisiz şəxsləri "siyasi məhbus" siyahısına salmaqla onların işini yünğülləşdirmir, əksinə ağırlaşdırırlar: "Bu adamlar bilir ki, təzyiq yolu ilə Azərbaycanda nə isə etmək mümkün deyil. Əgər kimsə əmindirsə, Əlinin, Vəlinin prosessual hüquqları istintaqda, məhkəmədə pozulub, belə adamların adlarını götürərək, digər həmkarlarımla birlikdə İşçi Qrupunda müzakirə etməyə hazıram. Amma, 94 nəfərlik siyahını hazırlayanlar bunu müəyyən maraqlar çəçivəsində edirlər ki, bu da yolverilməzdir.
Hesab edirəm ki, siyahıda adları çəkilən şəxslərin əməllərində cinayət tərkibinin olması şübhə doğurmur. Ona görə də bu gün yaramaz və yalnış yol tutaraq, siyahılar hazırlamaqla öz şəxsi maraqlarını təmin etmək istəyən "hüquq müdafiəçiləri", "QHT-çilər" və siyasi partiyalara bağlı olan insanlar bu yoldan çəkinməlidirlər. Hüquqları azacıqda olsa pozulan insanların problemlərinin həlli dialoq yolu ilə mümkündür".
Ç.Qənizadə bildirib ki, indiyə qədər beynəlxalq təşkilatlar və Avropa Şurası "siyasi məhbus" sözünün mənasının, belə siyahıların hansı kriteriyalara əsasən tanındığını normal şəkildə izah edə bilməyib: "İllərdir bu barədə söhbətlər gedir. Azərbaycan və digər dövlətlər tələb edirlər ki, "siyasi məhbus"ları hansı kriteriyalara əsasən müəyyən etdiklərini açıqlasınlar. Təəssüf ki, bu günə qədər məsələ açıq qalır və beynəlxalq təşkilatlar hansı dövlətlərdə "siyasi məhbus" görmək istəyirsə, göndərilən siyahılara "hə" deyirlər. Bu qərəzli mövqedir.
Biz hüquq müdafiəçiləri Avropa Şurasında olarkən dəfələrlə bu məsələləri qabartmışıq ki, kriteriyalar nədirsə, deyin biz də bilək. Azərbaycanda problemli məhbuslarla bağlı İşçı Qrupu var. Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla razılaşmaqla fəaliyyəti dayanmış İşçi Qrupunun işini davam etdirməsinə rəvac verdi. İşçi Qrupunda aparılan araşdırmalar zamanı məlum olur ki, müəyyən istintaq, məhkəmə zamanı prosessual hüququ pozulan adamlar ola bilər və onların məsələsi müzakirəyə çıxarılır".
Millət vəkili vurğulayıb ki, Azərbaycan dövlət olaraq "siyasi məhbus" anlamını qəbul etmir: "Hesab edirəm ki, mövqeyimiz haqlıdır. Bəzən Azərbaycanda qüvvədə olan qanunları pozan şəxslər hansısa ictimai təşkilatların üzvüdürsə, o dərhal "siyasi" olur. Hakimiyyətdə olub, cinayət törətmiş adamlar var ki, onlar "siyasi məhbus" siyahısına düşmürlər. Bu hal ona görə baş vermir ki, onların fəaliyyəti ictimai və müxalifətlə bağlı deyil.
Sabah Akif Çovdarovu da "siyasi məhbus" adlandırsalar təəccüblənmərəm. Niyə? Çünki, belə siyahıları hazırlayanların əksəriyyəti bunu ya xaricin xoşuna gəlmək, ya da hansısa layihələri reallaşdırmaq üçün maliyyə dəstəyi almaq məqsədilə edirlər.
Xatırlayıram ki, İşçi Qrupunda müzakirələr zamanı fakt tapdıq ki, "siyasi məhbus" siyahısına salınan adam Yevlaxda narkotik satışına görə iki dəfə həbs olunub. Bu baxımdan siyahını hazırlayanların özlərinin savadı, cəmiyyətdə yeri və bu siyahını hazırlamaq bacarığını müzakirə etmək lazımdır ki, bunlar kimlərdir, qanunu, hüququ bilirlərmi? Azərbaycanda biri qanunvericiliyin tələblərini pozur, biri mühasibatlığı, biri ehtiyatsızlıqdan, biri bilərəkdən cinayət törədir. Dərhal bu siyasiləşir. Belə hallar yolverilməzdir".