

“Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş dünya siyasətində böyük maraq doğurmuşdu. Viktor Orbanın ev sahibliyi edəcəyi sammitin məqsədi Ukrayna müharibəsində gərginliyi azaltmaq idi. Lakin Tramp son anda bəyan etdi ki, əgər bu danışıqlardan real nəticə çıxmayacaqsa, görüş keçirilməyəcək. Bu, onun sadəcə görüntü üçün masa arxasına oturmaq niyyətində olmadığını göstərdi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
O qeyd edib ki, Putin isə bu görüşdə israrlı idi: “Putin Budapeşt sammitini beynəlxalq təcriddən çıxış və özünü “bərabər tərəf” kimi təqdim etmək imkanı sayırdı. Macarıstanın Rusiya ilə yaxın münasibətləri və Avropa İttifaqında fərqli xətti Kreml üçün əlverişli mühit yaradırdı. Üstəlik, Budapeşt 1994-cü il Memorandumu ilə Ukraynanın nüvə arsenalından imtina etdiyi və bu zəmanəti Rusiya pozduğu şəhər kimi simvolik məna daşıyırdı”.
Politoloq Trampın qərarının arxasında isə daha geniş məqsədlərin dayandığını vurğulayıb: “ABŞ Rusiyadan iki əsas tələb irəli sürüb: Çindən uzaqlaşmaq və hücumları dayandırmaq. Vaşinqton üçün bu, həm regionda sabitlik yaratmaq, həm də Ukrayna ilə bağlanmış mineral ehtiyatlar üzrə razılaşmaları reallaşdırmaq baxımından vacibdir. Tramp müharibənin nəticəsini deyil, ABŞ-nin bölgədə öz şərtlərini diktə edə bilməsini ön planda tutur. Nəticədə, Budapeşt görüşü baş tutmadı, amma bu hadisə göstərdi ki, Qərb artıq Rusiyanın “sülh ritorikasına” inanmır. Tramp isə bu vəziyyətdən istifadə edərək özünü həm sülh tərəfdarı, həm də sərt şərtlər qoyan lider kimi təqdim etməyə çalışır”.
Röya İsrafilova