Məşğulluq tədbirlərində gənclərin iştirakı təmin olunur Hadisə

Məşğulluq tədbirlərində gənclərin iştirakı təmin olunur

Dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biri də gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılmasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində də gənclərin fəal iştirakı təmin olunur.
Cari ilin yanvar-sentyabr aylarında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən münasib işlərlə təmin olunanların 36 faizini (18 611 nəfər), habelə haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 26 faizini (253 nəfər) gənclər təşkil edib. Gənclərin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri istiqamətində işlər davam etdirilir. Bu ilin 9 ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2801 nəfərdən 62,6 faizi (1754 nəfər) məhz gənclərdən ibarət olub. Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qeyd olunan dövrdə 222 nəfər sağlamlıq imkanları məhdud gənc əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul edilib.
Yanvar-sentyabr aylarında Xidmətin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən boş vaxtları ərzində əlavə qazanc əldə etmək istəyən 2057 nəfər qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunub. Həmin şəxslərdən 42,3 faizini (876 nəfər) gənclər təşkil edib.
Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Xidmət tərəfindən cari ildə 9 ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və məzunların əmək bazarı ilə yaxından tanışlığına, işəgötürənlərlə ilkin əlaqələr qurmasına, onlara öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb. Həmçinin tədbirlərdə 348 müəssisəyə aid 1734 boş (vakant) iş yeri təklif edilib, iştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.
Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi onların gələcəkdə əmək bazarına inteqrasiyası və uğurlu əmək fəaliyyəti üçün vacib şərtlərdən biridir. Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən cari ilin yanvar-sentyabr aylarında əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilib. Bu tədbirlərdə əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət 75 284 nəfər gəncə əmək bazarı barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
Son illərdə BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində yaradılan SYSLAB Təlim-Tədris Mərkəzləri gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayıb. Mərkəzlərdə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə təlimlərə cəlb olunan gənclərin 80 faizə qədəri müasir iş axtarışı bacarıqlarına yiyələnərək, müxtəlif müəssisələrdə işlə təmin olunublar. Bu uğurlu nəticə nəzərə alınmaqla cari il oktyabrın 6-da Masallı rayonunda da yeni SYSLAB Təlim-Tədris Mərkəzi istifadəyə verilib.
Gənclərin səmərəli məşğulluğunun təmin olunması məqsədilə ayrı-ayrı layihələr çərçivəsində digər istiqamətlərdə də fəal işlər aparılır.