Qadın 40 yaşdan sonra ana olarsa... Hadisə

Qadın 40 yaşdan sonra ana olarsa...

Turab Canbaxışov: "Qadınlarda yaş ötdükcə hamiləlik daha fəsadlı olur"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Qadın xəstəlikləri və doğum şöbəsinin müdiri Turab Canbaxışovun Trend-ə müsahibəsi
- Azərbaycanda qadınlar arasında ən çox rast gəlinən ginekoloji xəstəliklər hansılardır və bunların səbəbləri nədir?
- Azərbaycanda xanımları iki - 35 yaşadək və 35 yaşdan sonra olan qadınlar qrupuna bölsək, onlarda rast gəlinən xəstəliklərin də fərqli olduğunu görərik. 35 yaşadək olan qadınlarda adətən, uşaqlıq yolunun, uşaqlıq boynunun xəstəlikləri, aybaşı problemləri olur. Ona görə də 35 yaşadək olan qadınlar daha çox bu problemlərə görə həkimə müraciət edirlər. 35 yaşdan sonra isə adətən uşaqlıq yolunun problemləri anatomik problemlərlə bağlı olur. Bu qrup qadınlarda uşaqlığın içində poliplər, fibromalar, yumurtalıqların içində kistalar ola bilər. Onlarda doğuşlardan sonra uşaqlıq yolunun həddindən artıq genişlənməsi, uşaqlıq yolunun cırılması nəticəsində yaranan problemlər özünü göstərə bilər. Bu iki qrup qadınların müalicə taktikası da fərqlidir. 35 yaşadək olan gənclərə, xüsusən 15-20 yaş arasında olan qızlara bədənlərinin fizioloji və anatomik quruluşu barədə ətraflı dərslər keçirilsə, cinsi əlaqənin zərərləri və hamiləliklərdən qorunma üsulları ilə bağlı mövzular müzakirə edilsə, çox yaxşı olar. Çünki bəzi gənc, təcrübəsiz, fərqli həyat fəlsəfəsinə sahib olan qızlarımız arzuolunmaz hamiləliyi başa çatdırmaq üçün çox yanlış yollara əl atırlar. Ya mütəxəssisi düzgün seçmirlər, ya da normal olmayan, qeyri-tibbi yollarla hamiləliyi sona çatdırırlar. Bu da qadınların ginekoloji orqanlarında iltihab yaradır. İltihabdan sonra uşaqlığın içində çapıq da əmələ gələ bilər. Bu da qadının sonralar hamilə qalmasına mane olur. Qadınlar maariflənsələr və düzgün mütəxəssis seçsələr, problemlər minimuma enə bilər. Qadınların uşaqlıq yolunun problemlərinin aradan qaldırılmasının da ilk yolu maariflənmədən keçir. Çünki cinsi əlaqədə olan hər bir xanım mütləq 1 ildən sonra ginekoloq yanına gedərək uşaqlıq yolunun sitoloji müayinəsindən (PAP-test) keçməlidir. Əgər qadında xərçəng yaranma ehtimalı ola bilərsə, baş verən dəyişiklikləri artıq 5-10 il əvvəldən müəyyənləşdirmək, ön xəstəlikləri müəyyən etmək mümkün olur. Onları da əvvəlcədən müalicə etməklə uşaqlıq boynunun xərcənginin qarşısını almaq mümkündür.
- Qadınlarımız sadaladığınız bu problemlərin həllinə - ginekoloji sağlamlıqlarına necə diqqət yetirirlər?
- Əlbəttə, internetdən, texnologiyadan daha çox istifadə edilməsi bu məsələyə çox böyük təsir göstərir. İnsanlar internetlə informasiya alaraq səhhətlərindəki problemləri araşdırmağa başlayırlar. Son 2 il yarımı götürsək, deyə bilərəm ki, xanımların ginekoloji sağlamlıqlarına yanaşma tərzi çox dəyişib. Onlar öz sağlamlıqlarına daha çox diqqət yetirməyə başlayıblar. Xüsusən də səhiyyədə baş verən islahatlar, saytlarda ölüm hallarının işıqlandırılması, hamiləlik zamanı baş verən mənfi hallarla və s. ilə bağlı məlumatların yayılması da qadınların sağlamlıqlarına diqqət yetirməsinə təsir göstərib.
- Statistik rəqəmlərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycanda 45 yaşdan sonra ana olan qadınların sayı 1995-ci illə müqayisədə xeyli azalıb. Sizcə, bu, həmin yaşda olan qadınların nəsilvermə qabiliyyətinin azalması ilə bağlıdır, yoxsa tibbi məlumat əldə etmək imkanları genişlənmiş bu günün qadınları artıq 45 yaşdan sonra hamilə qalmağa risk etmirlər?
- Bizim qadınlar avropalı qadınlarla müqayisədə daha erkən ailə həyatı qurur və övlad sahibi olurlar. Övlad sahibi olduqdan – 25 yaşdan sonra karyerasını düşünürlər. Bunun nə dərəcədə doğru olması da başqa bir məsələdir. Çünki bu halda qadın vaxtını uşaqlarından çox karyeraya sərf edir. Amma uşaq sayı artdıqca ailəni maddi baxımdan təmin etmək, uşaqları normal böyütmək imkanları da azalır. Ailənin büdcəsi yetərli qədər çox uşaq saxlamağa imkan vermirsə, onda əlbəttə ki, qadınlar müəyyən bir yaşdan sonra hamilə olmaq istəməyəcəklər. Məncə, çoxuşaqlı ailələrin sayının azalmasında ilk amil budur. İkinci səbəb odur ki, qadınlar yaşla əlaqədar hamiləlik risklərinin artmasını da artıq nəzərə alırlar.

- Bəzi qadınlar hesab edirlər ki, 40 yaşdan sonra ana olarlarsa, hansısa sağlamlıq problemləri aradan qalxacaq, cavanlaşacaqlar...
- Bu, tamamilə yanlış fikirdir. Yaş hər zaman öz sözünü deyir. Qadınların üzlərində 40-45 yaşda qırışlar yaranır, onların dərisində dəyişikliklər baş verir. Qadınlar hamilə qalanda üzlərində şişkinlik (ödəm) yaranır, bir az kökəlməyə meyilli olurlar. Hamilə qaldıqdan sonra isə o ödəmin sayəsində qırışlar bir qədər açılır, çəki bir qədər artır. Yanaqlarında, gözlərinin ətrafında su yığnağı artır, qadın da bir qədər cavan görünür. Əslində, bu, aldadıcı olur. Qadınlarda yaş ötdükcə hamiləlik daha fəsadlı olur. Bu zaman həm qadına, həm də dölün sağlamlığına mənfi təsir edən daha çox amillər ortaya çıxa bilər. Çox cavan yaşda - 18 yaşdan erkən də hamiləliyin olması məsləhət deyil. 40 yaşdan sonrakı hamiləlik də riskli sayılır. Ancaq "40 yaşdan sonra hamiləlik məsləhət deyil" də demək olmaz. Çünki hər bir ailənin öz ailə planlama fəlsəfəsi mövcuddur. Bir xanım uşaq istəyirsə, bunu cavanlaşmaq üçün istəməməlidir. Əgər kişi, qadın uşaq istəyirsə, yaxşı bir mütəxəssisin nəzarəti altında hamiləliyi başa çatdırmaq olar. Amma xanımlar bilməlidirlər ki, yaş ötdükcə hamiləliklərdə ortaya çıxan problemlər də arta bilər.
- Belə fikirlər var ki, qadın nə qədər çox uşaq dünyaya gətirərsə, bir o qədər də sağlam olar. Bu fikrin nə dərəcədə elmi əsası var?
- Qadının iki dəfə hamilə olması kifayət edir ki, onda yumurtalıq, uşaqlıq xərçənginin yaranma riski 2 dəfəyədək azalsın. Əgər nəsildə bu xəstəliklər yoxdursa, azalma hətta 4 dəfə də ola bilər. Ancaq qadındakı digər xəstəliklərin riski - ürək xəstəliyi və s. isə eyni şəkildə qalır. Hamilə qalan xanımların klimaks dövrü də bir qədər gec başlaya bilər. Məsələn, əgər 7-9 uşağı olan qadınlarda klimaks dövrü 55-56 yaşda başlayırsa, 4 uşaq sahibi olan qadınlar arasında klimaks 50-51 yaşda başlayır.
- Son dövrlərdə Azərbaycanda üçəm və əkiz uşaqların dünyaya gəlməsi halları da artıb. Bunun səbəbi nədir?
- Çoxdöllü hamiləliklər mövzusu bütün dünyada aktualdır. Dünya əhalisinin sayı artır, əhalinin sayı artdıqca ətraf mühit daha da çirklənir, xəstəliklərin sayı artır. Bununla yanaşı, sonsuzluq mövzusu da aktuallaşır. Uşaq sahibi olmaq istəyən ailələr yardımçı vasitələrdən istifadə edirlər. Həmin vasitələr isə yumurtalıqların fəaliyyətini aktivləşdirir. Bu aktivləşmənin də müəyyən bir sərhədi olmalıdır və mütləq mütəxəssis-həkim nəzarəti altında həyata keçirilməlidir. Aktivləşmə bir qədər çox olarsa, çoxdöllü hamiləliklərin baş vermə ehtimalı artır. Ümumi olaraq, çoxdöllü hamiləliklərin sayı 20 faiz artıb. Bunların da 80-90 faizi sadalanan problemlərlə əlaqədardır.
- Azərbaycanda artıq sizin iştirakınızla körpə hələ ana bətnində olarkən onun üzərində cərrahiyyə əməliyyatları həyata keçirilir. Ana bətnində olan körpənin əməliyyat olunmasını zəruri edən xəstəliklər hansılardır?
- Biz bu əməliyyatları həyata keçirməklə bəzi problemləri aradan qaldırırıq. Bu əməliyyatlar döl üçün həyat təhlükəsi olduqda aparılmalıdır. Səbəblər çox müxtəlif – körpənin bağırsaq problemlərindən tutmuş cinsi orqanlarında, sidik kisəsində, böyrəklərində, ağciyərlərində, qarın boşluğunda, qida borusunda yaranan problemlərlə, eyni zamanda çoxdöllü hamiləliklərlə bağlı ola bilər. Əgər həyat təhlükəsi yoxdursa, uşağa mümkün olduğu qədər ana bətnində toxunmamaq lazımdır. Çünki cərrahi müdaxilələr erkən doğuş təhlükəsi yarada bilər. Ona görə də dölün həyat təhlükəsi varsa, erkən doğuş təhlükəsini göz önünə alaraq, bu əməliyyatı mütləq etməliyik. Ancaq "bu problem var, hər ehtimala qarşı bu müdaxiləni də edək" deyə bilmərik. Belə müdaxilələr çox az olsa da, say baxımından artıb. Artıma səbəb budur ki, əhali artdığı üçün hamiləliklərin də sayı artıb və buna görə də statistikada cərrahi müdaxilə edilmə halları əvvəlki dövrlərlə müqayisədə çoxalıb.