Azərbaycan zeytununun şöhrəti Hadisə

Azərbaycan zeytununun şöhrəti

Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırıldı

Dünən Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in "Zeytun bağları" Azərbaycan zeytununun şöhrəti" adlı birgə müsabiqəsi üzrə mükafatlandırılma mərasimi keçirilib.
MŞ-də baş tutmuş tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə jurnalist marağının böyük olduğunu vurğulayıb. Yazılarının qəbulunun 2014-cü il yanvar ayının 1-dən mart ayının 15-dək həyata keçirildiyini bildirib: "Təqdim olunan 58 yazı müvafiq qaydada araşdırılaraq qiymətləndirilib. Mövcud xüsusda bir birinci, iki ikinci, üç üçüncü yerin, o cümlədən on həvəsləndirici mükafat laureatının adı müəyyənləşdirilib".
Şura sədri çıxışında rəhbərlik etdiyi qurumun "Azərsun Holdinq"lə əməkdaşlığa hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb. MŞ-nin "Azərsun Holdinq"lə birgə jurnalistlər üçün bir neçə uğurlu müsabiqə təşkil etdiyindən söz açan Əflatun Amaşov bu ənənənin davamlı olmasının Azərbaycan jurnalistikasının ixtisaslaşmasına dəstək baxımından zəruriliyini vurğulayıb.
"Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Ruslan Əliyev təmsil olunduğu qurumun media ilə bağlı layihələrə xüsusi diqqət yetirməsindən söz açıb. Müsabiqəyə marağın böyük olmasını mühüm faktor kimi önə çəkən Ruslan Əliyev bildirib ki, jurnalistlərin aktivliyi bu kimi təşəbbüslərin gələcək perspektivləri üçün nikbinlik yaradır.
Sonra müsabiqə laureatları mükafatlandırılıb. On həvəsləndirici mükafat sahibinin hər birinə 300, üçüncü yer tutmuş 3 nəfərin hər birinə 500, ikinci yerə layiq görülmüş iki jurnalistin hər birinə 700 manat pul mükafatı təqdim olunub. Birinci yerin sahibi isə 1000 manat məbləğində pulla mükafatlandırılıb. Laureatlar həmçinin "Azərsun Holdinq"in yağ məhsullarından ibarət hədiyyə paketini də əldə ediblər. Mükafatlar MŞ İdarə Heyətinin üzvləri, "Azərsun Holdinq"in təmsilçiləri və toplantıda iştirak edən kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən təqdim olunub.
Zeytunun insan orqanizmi üçün faydalı tərəflərinə diqqət çəkən "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, bu bitkinin Azərbaycan üçün tarixi önəmi var. Baş redaktor müavini eyni zamanda vaxtilə ilk milli mətbuat nümunəmiz olan "Əkinçi" qəzetində də zeytuçuluqla bağlı məsələlərə geniş yer verildiyini deyib.
"Azərsun Holdinq"in yağ-məhsul qurupu departamentinin rəhbəri Sənan Orucov holdinqin hazırkı fəaliyyət istiqamətlərindən bəhs edərək görülən işlərin təbliği üçün medianın məsələlərə peşəkar yanaşmasının vacibliyini önə çəkib. Bu baxımdan müsabiqənin mühüm fayda daşıdığını əsaslandırıb.
Çıxış edənlərdən MŞ sədrinin müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Zeytun bağları" Azərbaycan zeytununun şöhrəti" müsabiqəsinin əhəmiyyətinə toxunaraq onun jurnalist əməyinin stimullaşdırılmasındakı önəmindən bəhs ediblər. Çıxışlarda habelə "Azərsun Holdinq"in timsalında böyük şirkətlərin media ilə səmərəli əməkdaşlığının faydalı aspektləri üzərində də dayanılıb.
"Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan Afiq Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.
Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in "Zeytun bağları" Azərbaycan zeytununun şöhrəti" adlı birgə müsabiqəsində I yerə Şirməmməd Nəzərli, II yerə İsmayıl İsmayılov və Elxan Salahov, III yerə isə Səxavət Həmid, Zülfiyyə Quliyeva, Seymur Yunusov layiq görülüblər.
Nizam Rzayev, Elçin Bayramlı, Ülviyyə Tahirqızı, Həbibə Abdulla, Nail Rəhimzadə, Təranə Cəbiyeva, Nadir Azəri, Mehparə Əliyeva, Xalid Kazımov, Rövşən Rəsulov həvəsləndirici mükafat alıblar.

XC